Məhkəmə qərarları › İş №e-2(009)-70/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-70/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-70/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ("xxxx" ASC və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" ASCyə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10732 (on min yeddi yüz otuz iki) manat pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 123 (yüz iyirmi üç) manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, pulun cavabdehdən tutularaq ona ödənilməsi kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 8023 manat pulun sığorta şirkətindən tutularaq ona məxsus "xxxx" ASC-də olan hesaba köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: leysan yağması (təbii dolu) nəticəsində Göygöl şəhəri, Bülbül küçəsində yerləşən onun xüsusi mülkiyyətində olan 89 saylı fərdi yaşayış evinə maddi ziyan dəymişdir. Qeyd edilən fərdi yaşayış evi ********* saylı “əmlak sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC-də əmlakın könüllü sığortası sığorta növü üzrə sığortalanmışdır. Sığorta hadisəsinin baş verməsi nəticəsində sığorta ödənişinin alınması üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə müraciət olunmuşdur. Cavabdeh tərəfindən müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda “X5 Mərkəzi” MMC tərəfindən qeyd edilən əmlaka dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün aparılmış qiymətləndirmə işi ilə bağlı xx.xx.2023-cü il tarixli hesabatına və 0.12.2023-cü il tarixli əlavə məktuba əsasən əmlaka dəymiş zərər məbləği 1880.80 manat müəyyən olunmuşdur. Sığorta şəhadətnaməsi üzrə razılaşdırılmış 65.9% qismən sığorta şərti tətbiq edilərək sığort ödənişi məbləği 1239.44 AZN təşkil etdiyi qeyd edilmişdir. Lakin qeyd edilir ki, tərəfindən Göygöl şəhəri, Bülbül küçəsində yerləşən onun xüsusi mülkiyyətində olan 89 saylı fərdi yaşayış evinə 11000 AZN yaxın maddi zərər dəymişdir və hələ də dəyməkdə davam edir. Belə olan halda, cavabdeh tərəfindən təklif edilən sığorta ödəniş məbləği reallığı əks etdirmir. Aşağıdakı göstərilənlərə əsasən, hesab edilir ki, cavabdeh tərəfindən təklif edilən sığorta ödəniş məbləği ədalətli deyil və edilməsi və reallıqda vurulmuş zərəri əks etdirmir. Belə ki, sığorta hadisəsi zamanı mənzilin hansı hissələrin zədələnməsi yalnız “X5 Mərkəzi” MMC-nin rəyi ilə öz təsdiqini tapır, 1880.80 manat zərər vurulması başqa heç bir sübutla (sənədlə) öz təsdiqini tapmır. Lakin "xxxx" ASC ona dəymiş maddi zərərin miqdarını müəyyən edərkən işin yuxarıda qeyd edilən faktiki hallarını, hadisə nəticəsində mənzilə konkret olaraq hansı miqdarda ziyan dəydiyini araşdırmamış, birtərəfli qaydada cavabdehin təqdim etdiyi MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktında olan zərər məbləğini əsas götürmüşdür. Lakin qeyd edir ki, zərərin məbləği həmin qiymətləndirmə aktında həddindən artıq kiçildilib. Belə ki, tərəfindən təmir xərcləri hesablanması üçün qiymətləndiriciyə müraciət edilmiş və aşağıdakı kimi qiymətləndirilmişdir: Dəmir şifer örtüyü (çerepiça) – 24 ədəd x 57 manat= 1368 manat, Atma (5x10)-18 ədəd x 23 manat= 414 manat, Reyka (5x5) – 200 m x 2= 400 manat, List (ocinkoviy list)- 68 m x 30 manat= 2040 manat, Membran (dam örütüyü üçün) 70 m2 x 2 m = 140 manat, Şrup (çerepiça üçün) -2 paçx 12 manat= 24 manat, Materiallar;ın daşınması və fəhlələlərin əl muzdusu – 70 manat, Dam örtüyünün sıradan çıxmış hissələrinin sökülüb yenisi ilə əvəzlənməsinə sərf olunan xərclər – 950 manat, Rubilnik (avtomat)– 4 ədəd x 8 m= 32 manat, Elektrod – 1 paçka və əmək haqqı – 210 manat, Üzlük (aqlay) daşın sğkülüb, yağış su borularının söküntüsü və yenidən bərpası əmək haqqı – 450 manat, Üzlük daşın yapışdırıcısı və sement qum qarışığınn – 270 manat, Yağış su borusunun uzunluğu və mağazadan alış qiymətə - 32 m x 4.90 m = 156 manat, Çipsakardon (alçipan) 20 əd x 10 manat = 200 manat, U və C profili – 80 m= 338 manat, Rozetka- 30 əd.x5= 150 manat, Şunur (unal) 2x42 top = 350 manat, Suvaq və zamasqanın çapılması və yenidən üzlənməsi, suvaq – 1 m 2 – 4 manat, zamasqa – astar üzlük 1m2x3 75 m2x7 manat = 525 manat, Divar kağızı (oboy)-koridor 10 əd x 90 = 900, Divar kağızı (oboy) otaqlar – 15 əd x 75 manat = 1125 manat, Mansardın 3 ədəd ayna qapısını yenidən bərpa edilməsi – 160 m +160 m +300 manat =620 manat. Etirazın dəlilləri: işdən müəyyən olunur ki, sığorta predmeti olan daşınmaz əmlak hazırda "xxxx" ASC-nin Azneft filialında ipoteka ilə yüklü edilmişdir və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** saylı əmlak sığortası şəhadətnaməsindən müəyyən olunur ki, müqavilə üzrə faydalanan şəxs kreditin yenidən maliyyələşdirilməsinədək müvəkkil bank, yenidən maliyyələşdirmədən sonra isə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondudur. Fərdi yaşayış evi "xxxx" ASC-nin Azneft filialında ipoteka ilə yüklü edilmişdir və iddiaçının müvəkkil bankın əvəzinə belə bir iddia tələbi ilə çıxış etmək səlahiyyəti yoxdur. Mülki Məcəllənin 909.2-ci maddəsinə əsasən girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız sığorta ödənişinin verilməsi anında borclunun (girov qoyanın) ona olan borc məbləği həddində ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi tanına bilər. Zərərin borc məbləğindən artıq olan hissəsinə münasibətdə girov qoyan (borclu) faydalanan şəxs qismində tanınmalıdır. Qeyd edilən hallar iddiaçının müvəkkil bankın əvəzindən iddia qaldırması üçün subyektiv hüququnun olmadığını deməyə əsas verir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəməpeu yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilən halları nəzərə alaraq, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndəsi X3 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 10 iyun 2021-ci il tarixli, ********** nömrəli əmlak sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı məxsus sığorta dəyəri 220000 manat olan ünvan 2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “əmlakın yanğın və digər əlavə risklərdən sığortası” ilə sığortalanmış və faydalanan şəxs kreditin yenidən maliyyələşdirilməsinədək müvəkkil bank, yenidən maliyyələşdirilməsindən sonra isə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu", sığorta məbləği 145.000 manat, şərtsiz azadolma məbləği tətbiq olunmur müəyyən edilmişdir. Müqavilə şərtlərinə əsasən, sığortaçı bu sığorta çərçivəsində yalnız aşağıda göstərilən əşyaların itkisini və ya onlara dəyən zərəri ödəmək məsuliyyətini öz öhdəsinə götürür: daxili divarlar və arakəsmələr, divarların üzlük materialları (hər hansı növ divar kağızı istisna olmaqla); hər hansı növ döşəmə (parket, linoleum və s.); qapı və pəncərələr (çərçivələr, şüşələr, çəpərlər, qıfıllar istisna olmaqla); hər hansı növ dam döşəməsi, divar içi elektrik və komunal xəttlər. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. - 06 dekabr 2023-cü il tarixli, BS-C-23/2743 saylı "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, qeyd edilən fərdi yaşayış evi ********* saylı əmlak sığortası şəhadətnaməsinə əsasən Cəmiyyətdə əmlakın könüllü sığortası sığorta növü üzrə sığortalanmışdır. “X5 Mərkəzi” MMC tərəfindən qeyd edilən əmlaka dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün aparılmış qiymətləndirmə işi ilə bağlı YDQM № 099- 111/2023 saylı, xx.xx.2023-cü il tarixli hesablama və YDQM № 099-111/2023 saylı, xx.xx.2023-cü il tarixli əlavə məktubuna əsasən əmlaka dəymiş zərər məbləği 1880.80 (bir min səkkiz yüz səksən 80 qəpik) manat müəyyən olunmuşdur. ********* saylı sığorta şəhadətnaməsi üzrə razılaşdırılmış 65.9 % qismən sığorta şərti tətbiq edilərək sığorta ödənişi məbləği 1239.44 (bir min iki yüz otuz doqquz 44 qəpik) manat təşkil etmişdir. Odur ki, tərəfinizdən müvafiq sənədlər imzalandığı halda 1239.44 ( bir min iki yüz otuz doqquz 44 qəpik ) sığorta ödənişi məbləğini sizin "xxxx" ASC-də olan AZ31BRES41010AZ**********001 hesabınıza köçürməyə hazır olduğumuzu nəzərinizə çatdırırıq. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2025-ci il tarixli 10/4435 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin damının bir hissəsi istismara yararsız vəziyyətdə (aralanmış vəziyyətdə olduğu və şiferin üzərində müxtəlif ölçüdə əyri batıqların) olduğunu və fərdi yaşayış evinin tavanı və divarları üzərində sarımtıl su sızma əlamətlərinin, divar kağızının divardan qopması və tavanın boya qatının qabarması kimi halların olduğunu nəzərə alaraq fərdi yaşayış evinə yağıntı nəticəsində zərərin dəydiyi istisna edilmir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin daxilində və xaricində aparılmalı təmir-tikinti və tikintiquraşdırma işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 10000,0 manat məbləğində müəyyən olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 iyun 2021-ci il tarixli, ********** nömrəli əmlak sığortası şəhadətnaməsinə əsasən, "xxxx" ASC tərəfindən İddiaçı məxsus sığorta dəyəri 220000 manat olan ünvan 2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “əmlakın yanğın və digər əlavə risklərdən sığortası” ilə sığortalanmış və faydalanan şəxs kreditin yenidən maliyyələşdirilməsinədək müvəkkil bank, yenidən maliyyələşdirilməsindən sonra isə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu", sığorta məbləği 145000 manat, şərtsiz azadolma məbləği tətbiq olunmur müəyyən edilmişdir. Müqavilə şərtlərinə əsasən, sığortaçı bu sığorta çərçivəsində yalnız aşağıda göstərilən əşyaların itkisini və ya onlara dəyən zərəri ödəmək məsuliyyətini öz öhdəsinə götürür: daxili divarlar və arakəsmələr, divarların üzlük materialları (hər hansı növ divar kağızı istisna olmaqla); hər hansı növ döşəmə (parket, linoleum və s.); qapı və pəncərələr (çərçivələr, şüşələr, çəpərlər, qıfıllar istisna olmaqla); hər hansı növ dam döşəməsi, divar içi elektrik və komunal xəttlər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan və cavabdeh təşkilat tərəfindən əmlakın “yanğın və digər əlavə risklərdən sığortası” sığorta növü ilə sığortalanmış evə təbiət (yağıntı) hadisəsi nəticəsində zərər vurulması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı sığorta ödənişinin ödənilməsini iddia edir, cavabdeh tərəf isə əmlaka dəymiş zərər məbləğinin 1880.80 manat müəyyən olunduğunu, sığorta şəhadətnaməsi üzrə razılaşdırılmış 65.9 % qismən sığorta şərti tətbiq edilərək sığorta ödənişi məbləğinin, yəni 1239.44 manatın müvafiq sənədlər imzalandığı halda iddiaçının "xxxx" ASC-də olan hesabına köçürməyə hazır olduğunu müvafiq məktubla iddiaçıya bildirsə də, məhkəmə araşdırması zamanı sığorta ödənişinin məbləği ilə yanaşı həm də iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun olubolmamasını da mübahisələndirir. Belə ki, cavabdeh tərəf sığorta predmeti olan daşınmaz əmlakın hazırda "xxxx" ASCnin Azneft filialında ipoteka ilə yüklü edildiyindən və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** saylı əmlak sığortası şəhadətnaməsində müqavilə üzrə faydalanan şəxsin kreditin yenidən maliyyələşdirilməsinədək müvəkkil bank, yenidən maliyyələşdirmədən sonra isə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu olduğunu, fərdi yaşayış evinin "xxxx" ASC-nin Azneft filialında ipoteka ilə yüklü edildiyini və iddiaçının müvəkkil bankın əvəzinə belə bir iddia tələbi ilə çıxış etmək səlahiyyəti olmadığına istinad edərək iddiaya etiraz edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin faydalanan şəxs kimi qeyd etdiyi "xxxx" ASC və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu hazırkı iş üzrə müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş, nümayəndələri iclasda iştirak etməsələr də, "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Göründüyü kimi, üçüncü şəxslər iddiaçının hazırkı tələbindən məlumatlı olsalar da, iddiaya etiraz etməmiş və sığorta ödənişi ilə bağlı hər hansı bir tələb irəli sürməmişlər. Bundan başqa, 06 dekabr 2023-cü il tarixli, BS-C-23/2743 saylı "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, əmlaka dəymiş zərər məbləği 1880.80 (bir min səkkiz yüz səksən 80 qəpik) manat müəyyən olunmuş və ********* saylı sığorta şəhadətnaməsi üzrə razılaşdırılmış 65.9 % qismən sığorta şərti tətbiq edilərək sığorta ödənişi məbləği 1239.44 (bir min iki yüz otuz doqquz 44 qəpik) manat təşkil etmişdir. Odur ki, müvafiq sənədlər imzalandığı halda 1239.44 ( bir min iki yüz otuz doqquz 44 qəpik ) sığorta ödənişi məbləğini iddiaçının "xxxx" ASC-də olan AZ31BRES41010AZ**********001 hesabına köçürməyə hazır olduqları bildirilmişdir. Başqa sözlə, cavabdeh hazırki iddianın irəli sürmək üçün iddiaçının subyektiv hüququnun olmamasını bildirsə də, sözügedən məktubdan görünür ki, 1239.44 ( bir min iki yüz otuz doqquz 44 qəpik ) sığorta ödənişi məbləğini iddiaçının "xxxx" ASC-də olan AZ31BRES41010AZ**********001 hesabına köçürməyə razı olmuşlar. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hazırkı iddiaya iddiaçıya münasibətdə baxıb münasibət bildirməyi mümkün hesab edir. İddiaya münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən qanunvericilikdə, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh tərəf sığortalı şirkətə dəymiş zərərin həcmini 1880.80 manat olmasına əsaslanaraq, müqavilə şərtlərinə əsasən qismən sığorta halında zərərin əvəzini sığorta məbləğinin (145000 manat) sığorta dəyərinə (220000 manat) olan nisbətində (65,90%) hesablayaraq 1239,44 manat məbləğində sığorta ödənişi hesablamışdır. Məhkəmə, sığorta şirkətinin mövqeyi ilə qismən, yəni sığorta ödənişinin müqavilə şərtlərinə əsasən qismən sığorta halında zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində hesablanması ilə razılaşsa da, dəymiş zərərin həcmi kimi 1880.80 manatın nəzərə alınmasını əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2025-ci il tarixli 10/4435 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin daxilində və xaricində aparılmalı təmir-tikinti və tikinti-quraşdırma işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 10000,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, sığorta ödənişi həm dəymiş zərərin real həcmi, həm də müqavilə şərtləri nəzərə alınaraq hesablanmalıdır. Müqavilə şərtlərinə əsasən, sığortaçı bu sığorta çərçivəsində yalnız aşağıda göstərilən əşyaların itkisini və ya onlara dəyən zərəri ödəmək məsuliyyətini öz öhdəsinə götürür: daxili divarlar və arakəsmələr, divarların üzlük materialları (hər hansı növ divar kağızı istisna olmaqla); hər hansı növ döşəmə (parket, linoleum və s.); qapı və pəncərələr (çərçivələr, şüşələr, çəpərlər, qıfıllar istisna olmaqla); hər hansı növ dam döşəməsi, divar içi elektrik və komunal xəttlər. Göründüyü kimi sığortaçı divar kağızına dəyən zərərin əvəzini ödəməyi öz öhdəsinə götürməmişdir. Buna görə də, məhkəmə iddianı qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, dəymiş zərərin real həcmi - 10000 manatdan divar kağızının məbləği – 2100 manat çıxılaraq qalan 7900 manat əsas götürülməklə qismən sığorta halında (7900x65,90%/100) 5206,10 manat sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5206,10 (beş min iki yüz altı manat on qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 72 (yetmiş iki) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı "xxxx" ASC-də olan hesabına (AZ31BRES41010AZ**********001) köçürülməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-dən, 40 (qırx) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5206,10 (beş min iki yüz altı manat on qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 72 (yetmiş iki) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı "xxxx" ASC-də olan hesabına (AZ31BRES41010AZ**********001) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-dən, 40 (qırx) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar