Məhkəmə qərarları › İş №e-2(009)-704/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-704/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-704/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15,000 manat məbləğində sığorta ödənişinin, vəkilə etibarnamə verilməsi üçün ödənilmiş 17,25 manat dövlət rüsumunun və 135,45 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdırki, iddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin fərdi yaşayış evini "xxxx" ASC-də icbari sığorta etdirmişdir. 12 avqust 2023-cü il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evində evin elektrik xətlərində yaranmış qısaqapanma nəticəsində yanğın hadisəsi baş vermiş, yaşayış evi içərisində olan əşyalarla yararsız hala düşmüşdür. İddiaçıya ümumilikdə 46786,28 manat maddi ziyan dəymişdir. Sığorta şirkətinin əməkdaşıevə baxış keçirmişdir. Bundan sonra cavabdeh qanunsuz tikilinin sığortaya cəlb olunmadığını əsas gətirərək sığorta ödənişi etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar araşdırılma aparılmış və sığorta ödənişinin edilməsindən imtina edilmişdir. Belə ki, baş vermiş hadisə ilə əlaqədar FHN-nin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı X1 qərarına əsasən məlum olmuşdur ki, qeyd olunan daşınmaz əmlak dövlət qeydiyyatına alınmamışdır. Həmçinin İddiaçı yanğına məruz qalmış evin ona məxsus olması barədə hər hansı bir sənədi Cəmiyyətə təqdim etməmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən ödənilmiş sığorta haqqının iddiaçıya geri qaytarılması barədə sığorta şirkəti tərəfindən iddiaçıya müraciət olunmuşdur. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları tədqiq edib, onları məcmusu üzrə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixədək "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 noyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, FHN DYNX-nin Şimal-Qərb Regional DYNİ-i tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli yanğın haqqında akta əsasən 12 avqust 2023-cü il tarixdə saat 14 radələrində Balakən rayonu, Hənifə kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsinə səbəb evin elektrik xətlərində yaranmış qısaqapanma olmuşdur. Vətəndaşa 46786 manat məbləğində maddi ziyan dəymişdir. Fərdi yaşayış evi 1965-ci ildə inşa olunmuş və İddiaçı tərəfindən evə çıxarış alınmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi "xxxx" ASC tərəfindən daşınmaz əmlakın icbari sığortası növü üzrəsığortalanmışdır.12 avqust 2023-cü il tarixdə sözügedən fərdi yaşayış evində elektrik xətlərində yaranmış qısaqapanma nəticəsində yanğın hadisəsi baş vermiş və iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı avtomobilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh sığorta şirkətinə müraciət etməsinə baxmayaraq, şirkət sığorta ödənişi etməkdən imtina etmişdir. AR Mülki Məcəlləsinin: 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisnaolmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. “İcbari sığortalar haqqında” Qanunun 35.3.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Məhkəmə işin hallarını yuxarıda istinad edilən normalar ilə yanaşı yoxlayaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Hazırki iş materialları ilə görünür ki, tərəflər arasında mübahisəli fərdi yaşayış evinə dair sığorta münasibətləri yaranmamışdır. Belə ki, fərdi yaşayış evi sığorta şirkəti tərəfindən icbari sığorta qaydasına sığortalanmasına baxmayaraq, sözügedən əmlakın hüquqmüəyyənedici sənədi olmadığından və əmlak özbaşına tikili sayıldığından icbarı sığortanın predmeti ola bilməz. Qanunvericilik mülki dövriyyənin iştirakçılarına müqavilə bağlamaq sərbəstliyi verməsinə baxmayaraq, eyni zamanda onların üzərinə qanunazidd müqavilə bağlamamaq öhdəliyi qoymuşdur. Hazırki mübahisədə tərəflər arasında iddiaçının yarandığını ehtimal etdiyi sığorta münasibətləri əslində etibarsız əqd nəticəsində yaranmış bir münasibətdir. Tərəflər arasında mübahisəli əmlaka dair bağlanmış sığorta əqdinin özlüyündə heç bir əsası yoxdur və bu əqd tərəflər üçün heç bir hüquqi nəticələr yaratmır. Belə olan halda iddiaçının qanunvericiliyin şərtlərini pozmaqla razılaşdırılmış etibarsız əqd üzrə cavabdehdən öhdəliyini yerinə yetirməsini tələb etməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin MPM-nin 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunmadığından, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəfə təqdim olunduqdan 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar