Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-710/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı borcun qaytarılmasına tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı1 “AVRORA” şirkətində satış nümayəndəsi vəzifəsində çalışır və o, xx.xx.2021-ci il tarixində Cavabdeh işlədiyi Səbail rayonu, Bayıl qəsəbəsi A.İsmayılov küçəsində yerləşən marketə 17400 (on yeddi min dörd yüz) manat məbləğində energetik içkilər satmışdır. Cavabdeh iddiaçıya həmin məbləği 10 (on) gün müddətində geri qaytaracağı barədə söz vermiş, lakin 10 (on) gün tamam olduqda sadəcə həmin məbləğin 5000 (beş min) manatını, 10 (on) gündən sonra isə 3500 (üç min beş yüz) manatını ödəmişdir. Qalan 8900 (səkkiz min doqquz yüz) manatı isə müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırmışdır. İddiaçı1 isə cavabdehin ona ödəməli olduğu qalan məbləği başqa şəxslərdən borc alaraq “AVRORA” şirkətinə ödəmişdir. İddiaçı1 daha sonra bu barədə Səbail Rayon Polis İdarəsinə müraciət etmiş, onun müraciəti əsasında cavabdeh Cavabdeh izahatı alınmışdır. İş üzrə xx.xx.2021-cil tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərarda cavabdeh öz izahatında bildirmişdir ki, o, İddiaçı1 17400 (on yeddimin dörd yüz) manat məbləğində “Bizon” energetik içkiləri almışdır, həmin məbləğdən 8500 (səkkizmin beş yüz) manatı geri qaytarmış və yerdə qalan 8900 (səkkizmin doqquz yüz) manat məbləğində borcu isə yaxın zamanlarda qaytaracaqdır. Göründüyü kimi, cavabdeh öz izahatında borcunu etiraf etmişdir, lakin hələ də yerdə qalan məbləği iddiaçıya geri qaytarmamışdır. Digər İddiaçı2 Cavabdeh 12 600 (on iki min altı yüz) manat məbləğində borc vermişdir. Cavabdeh isə həmin borcu vaxtında geri qaytarmamış və hələ də borcu ödəməkdən boyun qaçırır. İddiaçı2 cavabdeh barəsində Səbail RPİ-yə şikayət ərizəsi ilə müraciət etmiş, onun müraciəti əsasında cavabdehin izahatı alınmışdır. Cavabdeh öz izahatında İddiaçı2 12 600 (on iki min altı yüz) manat borcu olduğunu etiraf etmiş, həmin borcu ödəyəcəyini bildirmişdir. İzahatın alındığı, yəni xx.xx.2021-ci il tarixdən indiyə qədər cavabdeh borcu ödəməmişdir.Göstərilənləri nəzərə alaraq iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan İddiaçı1 cavabdehə verdiyi mallara görə borcu, digər İddiaçı2 isə sadə borc müqaviləsi əsasında yaranmış borcu tələb edir. Halbuki, hər iki şəxs eyni şirkətlə əməkdaşlıq edib və hər iki iddiaçı cavabdehə verdiyi mallara görə yaranmış borcu, yəni alğı-satqı nəticəsində cavabdehin aldığı mallara görə öz öhdəliyini icra etməməsi nəticəsində yaranmış pul vəsaitini tələb edirlər. Məhkəmə iclasında izahatı alınmış iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahat verərək, iddianı tam qəbul etdiyini, İddiaçı1 8900 manat, İddiaçı2 12600 manat borcu olduğunu bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı2 xx.xx.2021-ci il tarixli müraciəti mülki xarakterli olduğundan mülki qaydada həll olunması üçün məhkəməyə müraciət etməlidir. İş üzrə Cavabdeh Səbail RPİ-nin 8-ci PB-nin rəisi polis pokovniki Samir Həsənova verdiyi izahatdan görünür ki, Cavabdeh İddiaçı2 12 600 (on iki min altı yüz) manat borcu olduğunu etiraf etmiş, həmin borcu qohumunun ona hədiyyə etdiyi evi satmaqla ödəyəcəyini bildirmişdir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanmasından rədd edilmişdir. İş materiallarında olan ödəniş qəbzi (№ 8********) görünür ki, İddiaçı2 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 128 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzi (№ 8********) görünür ki, İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 109 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh iddiaçılardan energetik içkilər almış və nəticədə İddiaçı1 8900 manat, İddiaçı2 12600 manat borcu yaranmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında olan münasibətlər borc münasibətləri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPMnin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Cavabdeh iddianı tam etiraf etməsinə də qiymət verərək, məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh İddiaçı1 xeyrinə 8900 (səkkiz min doqquz yüz) manat, İddiaçı2 xeyrinə 12600 (on iki min altı yüz) manat məbləğində pul vəsaiti və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 154.5 (yüzəlli dörd manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı1 xeyrinə 8900 (səkkiz min doqquz yüz) manat, İddiaçı2 xeyrinə 12600 manat (on iki min altı yüz) məbləğində pul vəsaiti tutulsun. Ödənilmiş 154.5 manat (yüz əlli dörd manat əlli qəpik) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2 və İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-710/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-710/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver