Məhkəmə qərarları › İş №e-2(009)-715/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-715/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-715/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Kia Cerato” markalı, **-SM-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalıya PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2023-cü il avqustun 10-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Kia Cerato” markalı, **-SM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Ə.Nəzmi küçəsində “Skoda Fabia” markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Səbail DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP3918612 nöməli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Skoda Fabia” markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobillə 450 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2023-ci ildə 450 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X2 ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh 450 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 480 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona qarşı iddiaçı tərəfindən irəli sürülmüş tələblə razı deyil. Hadisə zamanı nəqliyyat vasitəsinin sahibi onun yanında olmuşdur və işin kiçik iddialara dair sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iş kiçik iddialara dair sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə əlavə vəsatətlərin olmaması, iddia tələbinin tam təmin edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onun sürücülük vəsiqəsi var, avtomaşını satdığı üçün xx.xx.2023-cü il tarixdə dərman almaq üçün aptekə getmək istəyərkən anası bildirmişdir ki, yol uzaqdır, yeznələləri və qonşuluqda yaşayan Razimdən xahiş etsin ki, onun maşını ilə dərman almağa getsinlər. O, Razimdən bununla əlaqədar xahiş etmiş, Razim aşağı düşərək gecə təyyarə ilə gəldiyi və yorğun olduğu üçün avtomaşını onun idarə etməsini istəmiş və maşının sağ tərəfində əyləşmişdir. Maşını idarə edərkən hadisə törətmişdir. Hadisəni törətməkdə təqsirli bilinmiş, İXM-nin 327.1-ci maddəsi ilə ona inzibati protokol tərtib edilmiş və 40 manat cərimə ödəmişdir. Sığortanın nümayəndəsi hadisə yerinə gələrkən çəkiliş həyata keçirmiş, orada avtomaşının sahibinin olmasını da görmüş, hətta zərərçəkən də bununla bağlı məlumat vermişdir. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, cavabdehin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, cavabdeh onun baldızıdır. Onun sahibliyində “Kia Cerato” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomaşın olmuşdur. xx.xx.2023-cü il tarixdə gecə təyyarə ilə Bakıya gəlmişdir, həmin günü baldızı Xəyalə avtomaşınla dərman almağa getməsini ondan xahiş etmiş, o, həyətə düşmüş Xəyaləyə demişdir ki, yorğun olduğu üçün Xəyalə avtomaşını idarə etsin, o, Xəyalənin yanında əyləşmiş, Xəyalə avtomaşını idarə edərkən hərəkət qaydalarını pozaraq hadisə törətmiş, digər nəqliyyat vasitəsinə ziyan vurulmuş, sığortanın nümayəndəsi hadisə yerinə dəvət edilmiş, orada onun da iştirakı ilə araşdırma aparılmış və nümayəndə bilmişdir ki, hadisə zamanı o, avtomaşında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə Cavabdeh idarə etdiyi avtomaşınla onun “Skoda Fabia” markalı avtomaşına zərər yetirilmiş, hadisə zamanı Xəyalənin yanında avtomaşının sahibi Razim də olmuş, sığorta təşkilatının nümayəndəsi hadisə yerinə dəvət edilmiş, çəkiliş aparılmış, çəkiliş zamanı o, nümayəndəyə də bildirmişdir ki, hadisə zamanı sürücünün yanında onun sahibi olmuşdur. İş üzrə PXA********** saylı, xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət icbari sığortası şəhadətnaməsi əsasən "xxxx" ASC tərəfindən sığortalı X3 məxsus “Kia Serato” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək sığortalanmış, sığorta məbləği 55.000 manat, sığorta haqqı 80,99 manat təşkil etmişdir. İş üzrə Bakı şəhəri Səbail RPİ DYPŞ-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Kia Serato” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində yol-nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə “Avtomobillər texniki Xidmət Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, qüsur aktının surətinə əsasən «Skoda Fabia» markalı, ** FM *** dövlət nömrə nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 450 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş PXA150884 saylı sığorta aktının surətindən görünür ki, X3 məxsus “Kia Serato” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət icbari sığortası” növü üzrə xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-də sığortalanmış, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 məxsus “Skoda Fabia” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşına 450 manat məbləğində ziyan dəymiş və bununla bağlı 450 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün plastik kartları və ŞEN zərflər X2 təhvil verilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş kart hesabından çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X1 müvafiq kart hesabına 450 manat sığorta ödənişini ödənilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh qzına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12.00 radələrində Bakı şəhəri, Ə.Nəzmi küçəsində şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə sığortalanmış RXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Kia Cerato minik” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi tördilmiş və nəticədə «Skoda Fabia minik» markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən 450 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və hadisə zamanı Cavabdeh avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsini nəzərə alaraq 450 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında "xxxx" ASC-nin hesabına 7 iş günü ərzində ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi və icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmış “Kia Serato” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Skoda Fabia” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Skoda Fabia” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə X2 450 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən yolnəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Skoda Fabia” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 450 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş sürücü hadisə zamanı avtomaşını etibarnamə olmadan idarə etmiş və İXM-nin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Bu səbəbdən iddiaçı “Skoda Fabia” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı ödədiyindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı onun subroqasiya hüququnun yaranmasını əsas gətirərək, ödənilmiş cəmi 450 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İş materiallarında olan sənədlərdən məlum olur ki, Bakı Səbail RPİ DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli olması təsdiq olunmuş və o, AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, icbari sığorta qanunvericilik əsasında həyata keçirilməklə, cəmiyyətin mənafelərinin təmin edilməsi üçün hüquqi və fiziki şəxslərin sığorta maraqlarının məcburi qaydada sığorta edilməsidir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsində qeyd edilmişdir ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüquq olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatları olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Göstərilən Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. İddiaçı iddiasının əsası kimi, yəni onun hazırkı cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququnun yaranmasını əsası kimi yol-nəqliyyat hadisəsində təqsirli olan sürücü Cavabdeh İXMnin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi göstərilmişdir. AR İXM-nın 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. İnzibati xəta haqqında qanunvericiliyin tələblərindən də göründüyü kimi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması zamanı həmin nəqliyyat vasitəsinin digər şəxs tərəfindən idarə edilməsi inzibati məsuliyyət yaratmır. Məhkəmə iclasında tədqiq olunan sübutlarla və şahid ifadələri ilə sürücü Cavabdeh AR İXMnin 332.1-ci maddəsi ilə deyil, 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və hadisə zamanı nəqliyyat vasitəsinin sahibinin həmin nəqliyyat vasitəsində olması müəyyən edilmişdir. Yəni cavabdehin nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlərdə isə cavabdehin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsini təsdiq edən sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə hesab edir ki, yol-nəqilyyat hadisəsi baş verən zaman onu idarə edən Cavabdeh qanuni əsaslarla avtomaşını idarə etdiyi üçün, sığorta şirkətinin vurulmuş ziyanla bağlı ziyanı vurmuş şəxsə qarşı subroqasiya qaydasında ziyanı tələb etmək hüququ yaranmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığı üçün, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh subroqasiya qaydasında 450 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 480 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar