Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-726/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X12 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X1 (Bakı şəhəri 46 saylı Notariat Kontoru 3-cü şəxs qismində) qarşı “məcburi pay hüququnun tanınması” barədə iddia ərizəsi üzrə mülki işə 16 may 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 (Bakı şəhəri 46 saylı Notariat Kontoru 3-cü şəxs qismində) qarşı “məcburi pay hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx.xx.2023-cü il tarixli müqavilə ilə bağışlanmış Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 103 saylı evin 5 saylı mənzilinin 1/4 hissəsinə iddiaçının pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 103, mənzil 5 iddiaçının mərhum atası X6 mülkiyyətində olmuşdur. Ərizəçinin atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra, İddiaçı bacısı X2 ilə danışarkən sonuncu ona bildirmişdir ki, atasının adına olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 103, mənzil 5 artıq onun mülkiyyətindədir. O, həmçinin mənzilin bağışlama yolu ilə onun adına rəsmiləşdirildiyini də iddiaçıya söyləmişdir. Bundan sonra iddiaçı, vəkili vasitəsilə xx.xx.2023-cü il tarixli daşınmazəmlakın bağışlanmasımüqaviləsiniəldə edə bilmişdir. Hazırda İddiaçı qüvvədə olan mülki qanunvericiliyə və məhkəmə təcrübəsinə əsaslanaraq, hesab edir ki, mərhum atası X6 birinci növbə vərəsəsi kimi, onun mülkiyyətində olmuş və cavabdeh X1 bağışlanmış ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə məcburi pay hüququna malikdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, miras qoyandan miras qalmış avtomobilə dair iddiaçı artıq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Qeyd edilməlidir ki, iddiaçı bağışlama müqaviləsinin mövcudluğundan xəbərdar olduğu vaxtdan iki ay ərzində məcburi payının tamamlanmasını tələb etməmişdir, bununla bağlı mübahisə açmamışdır. Həmin müddətin keçməsi səbəbindən iddiaçı məcburi payının tamamlanmasını tələb etmək hüququnu itirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xİİİ-ЖГ № 289125 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 atası X9r. İİ- ЖГ № 447609 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X4 05 may 1981-ci il tarixdə nikaha daxil olmuşlar. Arvada nikahdan sonra Əliyeva soyadı verilmişdir. AZ-İİ № 251231 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. AZ-İİ № 412409 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 30 avqust 2023-cü il tarixli X14 (hədiyyə verən) ilə X17 (hədiyyə alan) arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 103 saylı evin 5 saylı mənzilini hədiyyə alanın mülkiyyətinə verir. X17 tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə X6 ərizəçidən başqa X7 adında vərəsəsi olduğu qeyd edilmişdir. 05 may 2025-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi kimi Honda İnsight markalı, ** KB *** dövlət nömrə nişanlı avtomobilə 1/2 hissədə irs almışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X14 tərəflərin atasıdır. A.Əliyev hələ sağlığında bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 103 saylı evin 5 saylı mənzilini X15 bağışlamışdır. X14 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, sözügedən əmlaka 1/4 hissədə pay hüququnun tanınmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Göstərilən maddi hüquq normalarının məzmunundan görünür ki, miras qoyanın uşaqları birinci növbə vərəsə sayılırlar və onların miras əmlakdan məcburi pay almaq hüququ vardır. Birinci növbə vərəsələrin isə mirasda məcburi pay hüququ vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası mülki qanunvericilikdə təsbit olunmuşdur. Belə ki, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Lakin bəzi hallarda miras qoyan sağlığında miras əmlaka daxil olan müəyyən bir əmlakını bağışlama müqaviləsi əsasən əvəzsiz olaraq özgəninkiləşdirir. Belə olan halda isə miras əmlakın həcmi azalır. Qanunvericilik mirasda məcburi pay hüquuq olan vərəsələrin hüquqularını qorumaq üçün onlara miras əmlaka daxil ola biləcək və bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilən əmlaka pay hüququnun tanınması institutunu nəzərdə tutmuşdur. Həmin instituta görə vərəsə miras qoyanın sağlığında bağışlanmış əşyaya məcburi payının tanınmasını tələb edir. Bu hüququnun həyata keçirilməsi üçün isə aşağıdakı şərtlər vahid halında mövcud olmalıdır: 1) bağışlanan əşyaya məcburi pay hüququnun tanınmasını yalnız məcburi paya hüququ olan şəxs tələb edə bilər; 2) bağışlanan əşya miras əmlaka daxil olsaydı, vərəsənin məcburi pay məbləği artacaq; 3) mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən artıq müddət keçməməlidir. Hazırki işdən görünür ki, sadalanan 3 şərtin hamısı hazırki işdə iddiaçının mənafeyinə uyğun olaraq mövcuddur. Belə ki, iddiaçı birinci növbə vərəsə olmaqla məcburi pay hüququna malikdir. Bağışlanan əmlak kifayət qədər dəyərli əmlak olub miras əmlaka daxil olacağı təqdirdə, vərəsənin məcburi pay məbləğini artıracaqdı. Və nəhayət, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 103 saylı evin 5 saylı mənzilinin miras qoyan tərəfindən sağlığında müqavilə əsasında bağışlamasından iddiaçının məhkəməyə müraciət etdiyi vaxta kimi 18 ay (müqavilənin tarixi xx.xx.2023 – iddiaçının məhkəməyə müraciət etdiyi tarix xx.xx.2025) müddət keçmişdir. Buradan isə belə nəticəyə gəlmək mümkündür ki, iddiaçının hazırki tələbi əsaslıdır. Belə ki, iddiaçı birinci dərəcəli vərəsə statusunda əmlakın bağışlama müqaviləsinin bağlanmasından iki il müddəti ötürmədən həmin əmlaka məcburi pay hüququnun tanınması iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin iddiaçının hazırki tələbinə məhkəmə tərəfindən kəsici müddətlə bağlı müddəaların tətbiqi ilə bağlı etirazında göstərdiklərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qeyd olunan normalardan görünür ki, qanunvericilik mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində maraqlı şəxsə iki ay müddət tanıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu isə yuxarıda göstərilən Qərarı ilə həmin müddətin kəsici müddət olduğunu təsbit edir. Məhkəmə qeyd edir ki, əvvəla Mülki Məcəllənin 1272-ci maddəsinin məzmununu təhlil edərkən görünür ki, qanunvericiliyin maraqlı şəxsə tanıdığı 2 ay müddət məhz mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi üçün hərəkət azadlığı verən müddətdir. Yəni ki, həmin müddət daxilində maraqlı şəxs mirası ya qəbul etməsi yaxud da imtina etməsi barədə öz iradəsini ifadə etməlidir. Həmin müddət keçdikdən sonra isə şəxsin iradə ifadəsi kəsici müddət tətbiq edilməklə məhdudlaşdırıla bilir. Hazırki işdə mübahisə mirasın qəbulu yaxud imtinası barəsində deyil, iddiaçının miras əmlaka məcburi pay hüququnun tanınması barəsindədir. Başqa sözlə qeyd olunan maddi normanın hazırki mübahisəyə aidiyyatı müəyyən olunmur. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Plenum Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Göründüyü kimi, Mülki Məcəllənin mirasın qəbul müddəti ilə bağlı müddəası artıq qüvvədən salınmışdır. Belə olan halda isə hətta cavabdehin kəsici müddətlə bağlı qeyd etdiklərinin hazırki mübahisəyə aidiyyatı müəyyən olunsaydı belə, indiki halda məhkəmə tərəfindən tətbiq edilə bilməzdi. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə ilə X1 bağışlanmış Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 103 saylı evin 5 saylı mənzilinin 1/4 hissəsinə İddiaçı pay hüququ tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-726/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-726/2025
16.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver