Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-737/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11.00 radələrində Bakı şəhəri, Z.Bünyadov prospekti ərazisində Cavabdeh idarə etdiyi “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də CSB100498348 saylı sığorta şəhadətnaməsi ilə kasko sığorta növü ilə sığortalanmış “MG ONE” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* No-li İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Hadisə ilə bağlı "xxxx" ASC tərəfindən qiymətləndirilmə keçirilmiş və müəyyən edilmişdir. Qüsur aktında göstərilmişdir ki, “MG ONE” markalı, **-NN-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 5904,50 manat təşkil edir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üzrə CSB177976/24 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 250 manat azadolma çıxılmaqla 5654,50 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, zərərvuran nəqliyyat vasitəsinin icbari sığortası "xxxx" ASC-də olduğundan sığorta şirkəti tərəfindən "xxxx" ASC-yə 4750 manat sığorta ödənişi həyata keçirilmişdir. Ümumi zərər məbləğindən sığorta ödənişi çıxılmaqla qalıq 904,50 manat cavabdehdən tələb edilmiş, lakin cavabdeh ödənişi ödəməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 904,50 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində onu təqsirli bilib inzibati məsuliyyətə cəlb etmişlər. Halbuki dönmə əməliyyatı apararkən qadının idarə etdiyi avtomobil sonradan gəlib onun nəqliyyat vasitəsinə dəymişdir. Hadisədən sonra qadının idarə etdiyi avtomobilə baxmaq üçün müraciət etsə də, avtomobili ona göstərməmişlər, həmçinin avtomobilə dəyən ziyanla bağlı ona məlumat verməmişlər. Bildirmişlər ki, onların “profilaktoriyası” var, orada təmir etdirəcəklər. Hətta o, hansı hissələrin dəyişdirilməli olması barədə də məlumat almaq istəsə də, ona məlumat verilməmişdir. Hesab edir ki, digər nəqliyyat vasitəsinə dəyən zərər 5000 manatı aşmamışdır, həmin məbləği də onun icbari sığortası ödəmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə xx.xx.2023-cü il tarixli, CSB100498348 saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsinin surətinə əsasən "xxxx" ASC tərəfindən sığortalı Əmirov Elməddin Zahir oğluna məxsus “MG ONE” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək sığortalanmışdır. Ümumi sığorta məbləği 45.700 manat, sığorta haqqı 2.742 manat, şərtsiz azadolma məbləği 250 manat təşkil etmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən “MG ONE” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 5904,50 manat vəsait hesablanmışdır. İş üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11.00-də yol-nəqliyyat hadisəsinin baş verməsində “BMC Procity 12M CNG” markalı, 99JU240 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən Cavabdeh təqsirli olan şəxs qismində, “MG ONE” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən X1 (mülkiyyətçi Əmirov Elməddin Zahir oğlu) zərərçəkən qismində müəyyən edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş CSB177976 saylı sığorta aktının surətinə əsasən xx.xx.2024-cü il tarixdə saat 11.00 radələrində Bakı şəhəri, Z.Bünyadov prospektində sığortalanmış «MG ONE» markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus ilə toqquşmuş, nəticədə zərər dəymiş və avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair aktına əsasən 5904,50 manat ziyan dəymiş, bununla bağlı 250 manat şərtsiz azadolma məbləğini çıxılmaqla Əmirov Elməddin Zahir oğluna 5.654,50 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 11.00 radələrində “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində Cavabdeh AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Z.Bünyadov prospektində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə icbari qaydada sığortalanmış “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSB100498348 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmış “MG One” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən könüllü qaydada sığortalanmış avtomobilə dəymiş zərərə görə 5654,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən və zərərvuran avtomobil sahibinin mülki məsuliyyətinin "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığını nəzərə alaraq 5000 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına 7 iş günü ərzində köçürülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12.00 radələrində Nərimanov rayonu ərazisində idarə etdiyi “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən CSB100498348 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsinin kasko sığortası növü üzrə sığortalanmış “MG ONE” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər vurmuşdur. Zərərçəkmiş avtomobilin sürücüsü sığorta ödənişi tələbi ilə "xxxx" ASC-yə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən qiymətləndirmə nəticəsində zərərçəkənə ödəniləcək məbləğ daha sonra Cavabdeh subroqasiya qaydasında geri tələb edicələyindən 3 iş günü ərzində "xxxx" ASC-nin Bakı şəhəri, X2 24 ünvanında yerləşən ofisinə yaxınlaşaraq qiymətləndirilmənin nəticələri ilə tanış olması tövsiyə olunur. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli saat 11.00-da Bakı şəhəri, Z.Bünyadov prospektində “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSB100498348 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada “avtokasko” risklərindən sığortalanmış “MG ONE” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokoluna və TP ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir və barəsində AR İXM-nin 332.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Şirkət tərəfindən “avtokasko” risklərindən sığortalanmış “MG ONE” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 5904,50 manat məbləğində müəyyən edilmişdir. Hadisə zamanı Cavabdeh tərəfindən idarə edilən “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 4750 manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 250 manat məbləğində azadolma məbləği çıxılmaqla 5654,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən Şirkət tərəfindən sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 904,50 manat pul vəsaitini Cavabdeh tələb etmək hüququna sahib olmuşdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq 904,50 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında "xxxx" ASC-nin bank və ya Milli Ön aparatlarından 7 iş günü ərzində könüllü ödənilməsini təklif edirlər. əks təqdirdə qeyd olunan məbləğ məhkəmə qaydasında geri tələb ediləcək və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərcləri də Cavabdeh tutulacaqdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmirov Elməddin Zahir oğluna məxsus “MG ONE” markalı, **-NN-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, sığorta müqaviləsi qüvvədə olduğu vaxt sığortalı E.Əmirova məxsus olan “MG ONE” markalı, **-NN-*** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2024-cü il tarixdə cavabdehin idarə etdiyi “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ziyan yetirilmiş və tərtib edilmiş qüsur aktına əsasən həmin ziyan məbləği 5904,50 manat məbləğində müəyyən edilmişdir. Sığortalı Əmirov Elməddin Zahir oğluna sığorta şirkəti tərəfindən 250 manat məbləğində azadolma məbləği çıxılmaqla 5654,50 manat məbləğində pul sığorta ödənişi kimi ödənilmişdir. İddiaçı tərəfindən irəli sürümüş tələbdən görünür ki, sığortalanmış “MG ONE” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomaşın yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan vurulmuşdur. Həmin yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli hesab olunmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalıya 250 manat azadolma çıxılmaqla 5654,50 manat sığorta ödənişi ödənilmişdir. Qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən sığortalıya sığorta ödənişi ödənildiyi üçün, iddiaçının cavabdehə qarşı reqress hüququ yaranmışdır. Cavabdehin mülki məsuliyyəti icbari sığorta müqaviləsi üzrə "xxxx" ASC-də sığortalandığından, 4750 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Lakin vurulmuş ziyanın yerdə qalan hissəsi, yəni 904,50 manat hissəsi ödənilməmiş qalmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin ödənilməmiş hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar sığortalıya sığorta ödənişi ödənildiyindən, sığortaçının ödənilmiş ziyanın əvəzi miqdarında geriyə tələb hüququ yaranmışdır. İş materiallarından göründüyü kimi cavabdehin idarə etdiyi “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC-yə 4750 manat sığorta ödənişi həyata keçirilmiş və hal-hazırda ödənilməyən ziyan məbləği 904,50 manat (5654,50 - 4750 = 904,50 manat) təşkil edir. İş materiallarında olan Bakı şəhər BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməyən qalmış hissəsinin zərər vuran cavabdehdən tələb edilməsi ilə iddia qaldırmaqda tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, vurulmuş ziyan iddiaçı təşkilat tərəfindən sığortalıya ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ olduğundan və həmin ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişin əvəzi kimi 904,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 934,50 (doqquz yüz otuz dörd manat, əlli qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-737/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-737/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver