Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-760/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi A.M.Əliyevanın iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikintinin dayandırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikintinin dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında olan mənzil onun mülkiyyətindədir. Həmin ünvanda qeydiyyatdadır və daimi (faktiki) olaraq həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh qonşusu Cavabdeh onu narahat edir. Belə ki, onların evlə arası az məsafəli olan yanbayan mənzilində qanunsuz tikinti aparmaq istəyir. Öz evinin qarşısını genişləndirmək, eləcə də əlavə olaraq ikinci mərtəbə tikmək istəyir. Belə olan halda onun evinin iki pəncərəsinin qarşısı bağlanacaq, gün düşməyəcək və havasızlıq olacaq. Evinin bütün su xətləri, su çəni, kanalizasiya trubaları, hamamdan keçən qaz trubası da həmin ara məsafədən keçir. Halhazırda Cavabdeh məxsus həmin evdə Elvin adlı şəxs yaşayır ki, cavabdehin bütün təsərrüfat işlərini həmin şəxs icra edir. Dəfələrlə o, bir qonşu olaraq mövcud problemin həlli ilə əlaqədar müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Bu problem artıq illərdi ki, davam edir. Cavabdeh Elvinin vasitəsi ilə bununla bağlı olaraq dəfələrlə etiraz etməsinə baxmayaraq, etirazları və qanuni tələbləri cavabsız qalmışdır, heç bir müsbət nəticə əldə edilməmişdir. Bununla bağlı olaraq ərazi üzrə polis sahə müvəkkilinə, icra nümayəndəliyinə, FHN-ə müraciət etmişdir. Mənzilə gəlib baxış keçirəndən sonra tikintinin dayandırılması ilə bağlı şifahi göstəriş verilib. Buna baxmayaraq yenə də öz bildiyini edərək daşları töküb tikintiyə hazırlıq tədarük edir. Bu müddət ərzində Cavabdeh onunla heç bir şəkildə ünsiyyətə girməmiş, yaranmış mövcud problemin aradan qaldırılmasına səy göstərməmiş, hadisədən peşmanlıq hissi keçirdiyini söyləməmiş, onunla razılığa gəlməyə çalışmamışdır, yəni qonşu kimi ona və ən əsası mövcud problemə laqeyd yanaşmışdır. Cavabdeh bu kimi qanunazidd hərəkətləri ona çox pis təsir etdiyi üçün mənəvi iztirablara məruz qalmışdır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən onun ünvan 1 ünvanda yerləşən özbaşına olaraq qanunsuz tikintinin dayandırılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəfindən ev alındıqdan sonra texniki pasportda mövcud olmayan qapı açılmışdır. İddiaçının texniki pasportda mövcud olan pəncərəsinin qarşısında hasar çəkməklə onu bağlamaq istəyirlər. Bu isə iddiaçının hüquqlarını pozur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, həyətdə hər hansı bir tikinti işləri həyata keçirilmir. Lakin evin həm çöl, həm də içəri tərəfində çatlar var, qəzalı vəziyyətdədir,İcra Hakimiyyətinə təmir-tikinti işlərinin aparılması ilə əlaqədar müraciət olunmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, mübahisəli sahəyə yerli baxış keçirərək hesab edir ki, iddia tələbləri təmin olunmamalıdır. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, 23.04.2008-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 2-də istifadədə olan 0,04848 ha torpaq sahəsində yerləşən 6 ədəd 1 mərtəbəli, 15 otaqlı, 208,5 kv.m. yaşayış, 168,6 kv.m. köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı “E” tikilisi (3 otaq – y/s 46,9 kv.m., ü/s – 67,9 kv.m.), Cabbarova Surayənin “Q” tikilisi (2 otaq – y/s 25,6 kv.m., ü/s 47,2 kv.m.), X3 “V” tikilisi (2 otaq – y/s 19,2 kv.m., ü/s 36,4 kv.m), X2 “D” tikilisi, X1 “B” tikilisi, X4 “A” tikilisi (2 otaq – y/s 38,0 kv.m., ü/s 69,2 kv.m.) mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.09.2020-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən, ümumi sahəsi 47,20 kv.m. olan 13D saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 2-də yerləşən 13 saylı evin ümumi sahəsi 67,9 kv.m, yaşayış sahəsi 46,9 kv.m. olan 3 otaqlı “E” tikilisi paylı mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən, ümumi sahəsi 47,20 kv.m. olan 13D saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla qonşuluqda yaşayan cavabdeh öz evinin qarşısını genişləndirmək və əlavə ikinci mərtəbə tikmək istəyir. Belə olan halda onun evinin iki pəncərəsinin qarşısı bağlanacaq, gün düşməyəcək və havasızlıq olacaq. Cavabdeh həmin tikiliyə hər hansı sənəd alınmamışdır. Bu səbəbdən iddiaçı özbaşına tikintinin dayandırılmasını xahiş etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə tərəfindən mübahisəli sahəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan evinin həyətində hər hansı tikinti işləri həyata keçirilmir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh tərəfindən mübahisəli ünvanda hər hansı tikinti-quraşdırma işlərinin həyata keçirilməsi müəyyən edilmədiyindən, qanunsuz tikilinin dayandırılması barədə tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə ləaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.05.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən İddiaçı ünvan 1 ünvanda yerləşən özbaşına olaraq qanunsuz tikintinin dayandırılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-760/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-760/2022
21.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver