Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-79/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi K.S.Bəkirlinin iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı ev xx.xx.2013-cü il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin evin yerləşdiyi 0,06 hektar və əlavə olaraq da 0,113036 ha torpaq sahələrin də məhz onun xüsusi mülkiyyətindədirlər. Belə ki, həmin əmlakların onun mülkiyyətində olmasına dair ayrıca çıxarışları vardır. Onun mülkiyyətində olan torpaq sahələri hər tərəfdən mişar daşı ilə təqribən iki metr hündürlüyündə hasarlanmış vəziyyətdədir. Bundan başqa həmin torpağa dair onun adına Torpaq sahəsinin Plan və Ölçü sənədləri də rəsmən mövcuddur. Təqribən bir il bundan əvvəl Bakı şəhəri, Səbail rayonu, 32ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə qonşu olan ərazidə, heç bir şəhərsalma və tikinti qaydalarına uyğun olmayan iki mərtəbədən ibarət tikinti sahəsi təxminən 200 kv.m.təşkil edən bir qanunsuz tikili inşa edilmişdir. Həmin tikintinin şəxsən kim tərəfindən inşa etdirilməsi həmin vaxtı ona məlum olmamışdır. Həmin tikilmiş bina ümumiyyətlə hazırda ölkədə qüvvədə olan Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməmişdir. Beləliklə həmin tikili inşa edilərkən onun mülkiyyətində olan qeyd edilən əmlaklarından sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Məhz bu fakta görə iddiaçı tərəfindən ölkə rəhbərliyinə, o cümlədən bir sıra səlahiyyətli güc nazirliklərinə, icra hakimiyyəti və bələdiyyə məmurlarına rəsmi olaraq şikayət xarakterli müraciətlər ünvanlanmışdır. Lakin həmin müraciətin qarşılığında yalnız bir təşkilatdan ona cavab məktubu göndərilmişdir. Həmin cavab məktubu ona Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0-21 nömrəli cavab məktubudur ki, həmin məktubda onun diqqətinə çatdırılmışdır ki, onun müraciəti əsasında sözügedən ünvana baxış keçirilmiş və yaranmış məsələ mülki mübahisə predmeti olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Daha sonra o, yuxarıda bəhs edilən qanunsuz tikilinin kim tərəfindən inşa olunmasını müəyyən etmək üçün məcburiyyət qarşısında qalaraq hazırkı nümayəndəsi olan vəkil ilə müqavilə bağlayaraq, Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə vəkil sorğusunun verilməsinə və həmin qurumdan yeni cavabın alınmasına nail olmuşdur. Belə ki, Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin sədri tərəfindən imzalanmış vəkil sorğusuna olan xx.xx.2024-cü il tarixli 06-413/2024 saylı cavab məktubunda yekun olaraq qeyd edilmişdir ki, onun yuxarıda qeyd edilən əmlakına qonşu olan ərazidə qanunsuz inşa edilmiş 2 mərtəbəli 200 kv.m. ibarət olan tikili və onun yerləşdiyi torpaq sahəsi və əmlak vergisi ödəyicisi kimi Səbail Bələdiyyəsinin vergi xidmətində qeydiyyata alınmamış, eləcə də həmin tikilinin kim tərəfindən inşa edilməsinə dair Bələdiyyə orqanında hər hansı bir məlumat yoxdur və bu faktın nəzərə alınması ondan xahiş edilmişdir. Bu cavabdan sonra onun özünün əldə etdiyi şifahi məlumatlardan müəyyən edilmişdir ki, onun yuxarıda qeyd edilən əmlakına qonşu olan ərazidə qanunsuz inşa edilmiş 2 mərtəbəli 200 kv.m-dən ibarət olan özbaşına tikili və onun yerləşdiyi torpaq sahəsi məhz Cavabdeh məxsusdur. Belə ki, həmin qanunsuz tikilinin bütün kommunal ehtiyaclarının ödənilməsi üçün müvafiq dövlət qurumları ilə bağlanmış müqavilələr məhz Cavabdeh adına rəsmiləşdirilmişdir. Ona görə də hazırkı iddia tələbini o, məhz həmin cavabdehə qarşı irəli sürür. Həmin qanunsuz tikilinin sökülməsi ilə bağlı özünü vaxtılə həmin binanın faktiki sahibi kimi təqdim edən Vüsal adlı şəxslə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq da, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Əslində həmin şəxs qeyd edilən ünvanda qarovulçu funksiyasını həyata keçirir. Göstərilənləri nəzərə alaraq iddiaçı ona məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı evin yerləşdiyi sahəsinə qonşu olan ərazidə Cavabdeh tərəfindən heç bir şəhərsalma və tikinti qaydalarına uyğun olmayan iki mərtəbədən ibarət tikinti sahəsi təqribən 200 kv.m. təşkil edən inşa edilmiş həmin qanunsuz (özbaşına) tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə qonşu olan ərazidə, cavabdeh tərəfindən heç bir şəhərsalma və tikinti qaydalarına uyğun olmayan (iki mərtəbədən ibarət tikinti sahəsi təqribən 200 kvadrat metr təşkil edən) özbaşına inşa edilmiş həmin qanunsuz tikiliinin məhz iddiaçının divarı arasında ara məsafəsinin 1.53 m. boş saxlanılmaqla həmin hissədə cavabdehin öz vəsaiti hesabına sökdürülməsi vəzifəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə dəqiqləşdirimliş iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, həmin tikilinin mövcud olma səbəbi ilə iddiaçı həyətinə giriş qapısı qoya bilməmişdir. Eyni zamanda tikili və hasar arasında olan məsafə qısa olduğundan oradan qaz xətti keçir, təhlükəlidir. Ekspert rəyində tikilinin iddiaçının hasarından 1,53 m. məsafədə inşa edilməli olması qeyd edilmişdir. Məhkəmə icrasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, mübahisələndirilən tikili mülkiyyətdə olan 200 kv.m. torpaq sahəsində inşa edilmişdir. Tikili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınmamışdır. Tikinti inşa edilərkən iddiaçı tərəfindən hər hansı irad bildirilməmişdir. Giriş qapısı hasarın hər hansı bir yerində quraşdırıla bilər. Qaz xətti ilə əlaqədar isə bildirir ki, qaz xətlərinin qanuni əsaslarla çəkilməsini təsdiq edən sənədlər də mövcuddur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi qanuni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 18 saylı qərarın surətindən görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında Cavabdeh adına sənədləşdirilməsi qərara alınmışdır. İş üzrə Səbail Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Səbail Bələdiyyəsinin ərazisində yerləşən 200 kv.m. torpaq sahəsi Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 18 saylı qərara əsasən Cavabdeh satılmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi,32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, 32ci Salyan yolu,3-cü küçəsi, 0,06 ha torpaq sahəsində yerləşən 12 kv.m. olan 66 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi,32 ünvanında yerləşən 0,113036 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Səbail rayonu, 32-ci Salyan yolu 3 küçədə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə qonşu olan ərazidə vətəndaş X2 tərəfindən qanunsuz inşa edilən tikili barədə xx.xx.2024-cü il tarixli 95/24 saylı sorğusuna baxılmış, qeyd edilmiş ünvana qonşu olan ərazidə qanunsuz inşa edildiyini iddia etdiyi 2 mərtəbəli 200 kv.m-dən ibarət olan tikili və onun yerləşdiyi torpaq sahəsi torpaq və əmlak vergisi ödəyicisi Səbail Bələdiyyəsinin vergi xidmətində qeydiyyata alınmamış, eləcə də həmin tikilinin kim tərəfindən inşa edilməsinə dair Bələdiyyə orqanında hər hansı bir məlumat yoxdur. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/5226 saylı rəyinə əsasən: -1-ci sual üzrə: İddiaçı məxsus Bakı şəzhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinin daş hasarından 0,25 metr aralı məsafədə Cavabdeh tərəfindən inşa edilmiş ikimərtəbəli mişar daşından tikili mövcuddur. -2-ci sual üzrə: İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı evindən istifadə ilə əlaqədar hüquqlarının pozulub-pozulmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından qoyulmuş sualın cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. -3-cü sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən inşa edilmiş tikili ilə cavabdehin hasarı arasında olan məsafə 1.53 metr (2.55x0.6) təşkil etməlidir. Faktiki olaraq ara məsafəsi isə 0,25 metr təşkil edir. Bu səbəbdən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1ci bəndinin tələblərinə riayət edilmədiyi və bununla da tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,113036 kv.m. və 0,06 kv.m. olan torpaq sahələri, həmçinin 0,06 kv.m. torpaq sahəsinin üzərində olan 12 kv.m. fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 200 kv.m. torpaq sahəsi Cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə alqı-satqı qaydasında satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 200 kv.m. torpaq sahəsində tikinti işləri aparmış və həmin torpaq sahəsində inşa edilmiş tikililəri mövcuddur. Məhkəmə iclasında həmin tikililərin mülkiyyət kimi qeydiyyatdan keçməsi və qanuni əsaslarla razılıq əsasında inşa edilməsi müəyyən edilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, təqribən bir il bundan əvvəl Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçədə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə qonşu olan ərazidə, heç bir şəhərsalma və tikinti qaydalarına uyğun olmayan iki mərtəbədən ibarət tikinti sahəsi təxminən 200 kv.m.təşkil edən bir qanunsuz tikili inşa edilmişdir. Həmin özbaşına tikili və onun yerləşdiyi torpaq sahəsi məhz Cavabdeh məxsusdur. Həmin tikilmiş bina ümumiyyətlə hazırda ölkədə qüvvədə olan Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməmişdir. Beləliklə həmin tikili inşa edilərkən onun mülkiyyətində olan əmlaklarından sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Ekspert rəyində də tikilinin iddiaçının hasarından 1.53 m. msafədə inşa edilməli olması qeyd edilmişdir. Bu səbəbdən iddiaçı ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3-küçə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə qonşu olan ərazidə, cavabdeh tərəfindən heç bir şəhərsalma və tikinti qaydalarına uyğun olmayan (iki mərtəbədən ibarət tikinti sahəsi təqribən 200 kvadrat metr təşkil edən) özbaşına inşa edilmiş həmin qanunsuz tikilinin məhz iddiaçının divarı arasında ara məsafəsinin 1.53 m. boş saxlanılmaqla həmin hissədə cavabdehin öz vəsaiti hesabına sökdürülməsi vəzifəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən verilmiş tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdən əvvəl iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qanunun göstərilən tələblərindən göründüyü kimi daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalı və yalnız qeydiyyata alınmış mülkiyyət hüquqların müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülür. Həmin Məcəllənin 95.2-ci madədsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə AR Prezidentinin xx.xx.2012-ci il tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Qanunun yuxarıda göstərilən tələbindən də göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş və tikintisi başa çatmış tikilinin sökülməsi məhkəmə qaydasında həyata keçirilir. Belə tikintinin sökülməsi barədə məhkəməyə iddianı müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi qaldırır. Cavabdeh tərəfindən inşa edilən tikili isə qanuni əsaslarla ona satılmış torpaq sahəsində inşa edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur (maddə 80.2). Məhkəmə iclasında cavabdeh tərəfindən qanuni əsaslarla istifadəsində olan torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı müvafiq razılığın alınması və ya məlumatlandırma icraatı qaydasında tikiliyə icazə verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə iclasında eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə ilə əlaqədar cavabdeh tərəfindən inşa edilmiş tikilinin maneçilik törətməsi də müəyyən edilməmişdir. Tikilinin qanuni əsaslarla cavabdehə məxsus torpaq sahəsi hüdudlarında inşa edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, torpağın cavabdehə satılması barədə hüquqmüəyyənedici sənədlər mübahisələndirilmədiyindən, ara məsafəsinin 1.53 m. olması barədə ekspertin gəldiyi nəticəni məhkəmə əsaslı hesab etmir. İddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdeh tərəfindən inşa edilmiş tikili ilə iddiaçının torpaq sahəsinin hasarı arasındakı məsafənin qısa olma səbəbi ilə ara məsafədən keçən qaz xəttində problemlər yarana bilməsi ehtimalını da irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin inşa etdiyi tikilinin qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilmədən inşa edilməsi müəyyən edilsə də, iddiaçının həmin tikilinin iddiaçının divarı arasında ara məsafənin 1.53 m. boş saxlanılması ilə bir hissəsinin sökülməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ mövcud deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə iddiaçı hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 3küçə yerləşən 66 saylı evin yerləşdiyi torpaq sahəsinə qonşu olan ərazidə, cavabdeh tərəfindən heç bir şəhərsalma və tikinti qaydalarına uyğun olmayan (iki mərtəbədən ibarət tikinti sahəsi təqribən 200 kvadrat metr təşkil edən) özbaşına inşa edilmiş həmin qanunsuz tikilinin məhz iddiaçının divarı arasında ara məsafəsinin 1.53 m. boş saxlanılmaqla həmin hissədə öz vəsaiti hesabına sökdürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-79/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-79/2025
13.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver