Məhkəmə qərarları › İş №e-2(009)-830/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-830/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-830/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehə Məmmədəli qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fiziki şəxs Cavabdeh tərəfindən qəbul edilmiş istifadəçi razılaşmasına uyğun olaraq İddiaçı MMC tərəfindən göstərilmiş xidmət müqaviləsində yaranmış 70.84 manat, istifadəçi razılaşmasına əsasən vaxtında ödənilməyən borca görə 50 manat cərimə və ödənilmiş dövlət rüsumuna uyğun olaraq 30 manat olmaqla, cəmi 150.84 manat məbləğinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırlımşdır ki, "xxxx" MMC beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Şirkətin əsas fəaliyyətini “koliplus.com” onlayn platforması üzərindən həyata keçirir. İstifadəçilər platformadan qeydiyyatdan keçib, istifadəçi razılaşmasını qəbul edərək, xidmətdən istifadə etməyə başlayırlar. Platforma istifadəçiyə müxtəlif xarici ölkələrdə bağlamalarını qəbul etmələri üçün ünvan təmin edir. Həmin ünvana göndərilən bağlamalar platformaya daxil edilir və Azərbaycana göndərilir. Azərbaycana göndərilən istifadəçilərə aid bağlamalara görə isə platformada göstərilən tariflərə uyğun (bağlamaların çekisinə və ya ölçüsünə) olaraq ödəniş olunur. İstifadəçi daşınmaya uyğun olaraq hesablanmış borcunu kart, köçürmə və ya nağd yolu ilə şirkətə ödəyir. Şirkətin gəlirini daşınma haqlarından yığılan ödənişlər təşkil edir. Şirkət də, xaricdə anbar xidməti göstərən partnyorları və daşınma şirkətləri ilə buna müvafiq olaraq hesablaşır. Fiziki şəxs Gülnar Alıyeva tərəfindən xx.xx.2022-ci il tarixində 11.906 kq çəkiyə məxsus bağlama "xxxx" MMC vasitəsilə Türkiyədən Azərbaycana çatdırılsa da, bağlamaya dair 70.84 manat dəyərində daşınma haqqı müəssisəyə ödənilməmişdir. Cavabdeh şəxsə borcun ödənilməsi barədə bir neçə dəfə müraciət olunmuş, sonuncu müraciətdə (xx.xx.2025-ci il tarixli pretenziya məktubunda) müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə xəbərdar edilmiş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh də öz növbəsində borcunun olmaması barədə etirazını bildirərək, müqavilə öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Odur ki, hazırda iddiaçı tərəf olaraq məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmiş və eləcə də izah etmişdir ki, İddiaçı MMC xx.xx.2024-cü ildə açılıb və 2024-cü ilin sentyabrından "xxxx" MMC-nin öhdəliklərini yerinə yetirməyə görə etibarnaməsi var. Gömrük xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin bu günədək saxlanılan malların siyahısını göndərib ki, İddiaçı MMC müştərilərə məlumat versin ki, müştərilər gömrüyə yaxınlaşıb saxlanılan malları təhvil alsınlar, əks təqdirdə gömrük həmin malları öz sərəncamına keçirəcəkdir. Gömrük İddiaçı MMC-yə bu sənədi verəndə, MMC daşıma borcunu sifarişçidən tələb etməlidir. Gömrükdən bu sənəd daxil olduqdan sonra İddiaçı MMC müştərilərə məlumat verməlidir ki, onlar gedib bağlamaları gömrükdən götürsünlər, yoxsa həmin mallar gömrüyün sərəncamına keçəcəkdir. Hər müştəri öz sistemində məhsulun gömrükdə saxlanılmasını görür, məhsulun gömrükdə saxlanılması barədə MMC tərəfindən müştəriyə SMS gedir. Müştərinin bağlaması gömrük tərəfindən saxlanılıb, bunun bir neçə səbəbi olur, birinci səbəbi əgər kommersiya məqsədli, korporativ yükdürsə, ya malın dəyəri az göstərilibsə, yəni müxtəlif problemlər ola bilər. Bu halda daşıyıcı karqo heç bir müdaxilə edə bilmir. Gömrüyə qarşı tərəf özü yaxınlaşmalıdır, çünki orada gömrük rüsumları olur. “İstifadəçi razılaşması”nın 4.15-ci bəndinə əsasən əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa və ya nəzarətə götürülərsə, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində İddiaçı MMC-yə ödəməlidir. İddiaçının əsas məsuliyyəti malı xaricdən Azərbaycana daşımaqdır. Hər hansı səbəbdən bağlama gömrükdə saxlanılırsa, burda karqo şirkətinin məsuliyyəti olmur. Problemsiz bağlamaları iddiaçı şirkət yaxınlaşıb götürür. “İstifadəçi razılaşması”nın 4.16.1-ci bəndinə əsasən korporativ müştərilərdə daşınma xidməti Azərbaycan Respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərinin öz məsuliyyətindədir. “İstifadəçi razılaşması”nın 7-ci bəndinə əsasən vaxtında ödənilməyən borca görə 50 AZN cərimə tətbiq edilir, eyni vaxtda Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq faiz və dəbbə pulu hesablanır. Gömrük MMC-yə məlumat göndərir ki, malları saxlanılan müştərilərlə MMC əlaqə saxlasın ki, onlar gömrüyə yaxınlaşsınlar. Həmin müştərilər daşıma haqqını indiyədək ödəmədikləri halda, onlardan daşıma haqqı tələb olunur ki, onlara qaimə göndərilsin ki, həmin qaimə ilə gömrüyə yaxınlaşsınlar. 2022-ci ildə "xxxx" MMC tərəfindən cavabdehə məhsulun gömrükdə saxlanılması barədə SMS göndərilib. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehə Məmmədəli qızı iddia tələbini qəbul etməyərək, tələbin əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və izah etmişdir ki, o, fiziki şəxsdir və o, iddiaçını tanımır və "xxxx" MMC-nin müdriyyəti, yəni Hüseyn Qurbanovla işləyirdi. 2022-ci ildə malından xəbər almadığı üçün 2 ay ərzində Hüseyn Qurbanovla əlaqə yaratmağa çalışmış, lakin həmin adam onun telefonlarına cavab verməmişdir. O, 2022-ci ildə mallar gəlmədiyi üçün "xxxx" MMC-nin ofisinə gedib görürdü ki, qapı bağlıdır. O, şirkətin işçilərinə zəng edib malları soruşduqda, gah dedilər ki, anbarı su basıb, sonra dedilər ki, “narahat olmayın, gəlib ofisdən götürəcəksiniz”. O məcbur qalaraq, Nəsimi RPİ-yə şikayət ərizəsi ilə müraciət etmişdir ki, mallarının harada olduğunu bilmir, ofisin qapısı bağlıdır, fəaliyyət göstərmir. Müstəntiq Rəvan "xxxx" MMC-nin müdiri Hüseyn Qurbanovla əlaqə yaratmağa çalışmışdır. Nəhayət müstəntiq 2022-ci ildə Hüseyn Qurbanovu tapandan sonra məlum olmuşdur ki, Hüseyn Qurbanov ölkədən qaçıb, Respublikada deyil. Hüseyn Qurbanov müstəntiqə demişdir ki, mallar gömrükdə saxlanılıb. O, şəxsiyyət vəsiqəsi ilə gömrüyə getdi, orada təkcə onun deyil, başqalarının da malları saxlanmışdı. Gömrükdə ona bir sənəd verdilər ki, “"xxxx" Sizə desə ki, o, gömrükdə saxlanılan mallara görə məsuliyyət daşımır, malları müştəri özü gömrük rəsmiləşdirməsini etməlidir, onda mütləq dərəcədə "xxxx" ona etibarnamə verməlidir ki, o, gedib mallarının gömrük rəsmiləşdirməsini etsin”. "xxxx"ın elə bir etibarnaməsi olmayıb. Çünki "xxxx" özü mallarının gömrük rəsmiləşdirməsini eləyirdi. "xxxx" ümumiyyətlə çek vermirdi, mütəmadi olaraq ödənişləri nağd şəklində Hüseyn Qurbanov özü alırdı. Ona mesaj gəlirdi ki, məhsul anbara daxil oldu, sonra gedib ofisdən malı alırdı. "xxxx"ın gömrüyün hər hansı rəisi ilə problemləri olurdusa, "xxxx"ın mallarını gömrük saxlayırdı. İddaçının müqaviləsində belə bir bənd olmalıdır ki, əgər müştərilərin mallarının gömrük rəsmiləşdirməsini edə bilmirlərsə, onda müştərilərə etibarnamə versinlər ki, onlar özləri gedib gömrükdə mallarının gömrük rəsmiləşdirməsini etsinlər. Onun əlində belə bir etibarnamə yoxdur. O 2 ildir ki, "xxxx"ı tapa bilmir. 3 il keçəndən sonra iddia qaldırıb borc istəyirlər. Daşıyıcı şirkət onun malının gömrükdə saxlanılması barədə ona heç bir məlumat, SMS göndərməyib. Onun malları batıb, daşıyıcı şirkət tərəfindən malların gömrük rəsmiləşdirməsini edilməyib. İddiaçının təqdim etdiyi sənəddən görünür ki, xx.xx.2024-cü il tartixdə "xxxx" MMC-nin səlahiyyətləri İddiaçı MMC-yə keçib. Lakin onun qida vasitəsi olan məhsulu 2022-ci ilin mart ayında gömrükdə saxlanılıb və üstündən 2 il keçəndən sonra səlahiyyətlərin keçməsi haqqında qərar qəbul edilib. Bu 2 il ərzində onunla ümumiyyətlə heç kəs əlaqə yaratmayıb. O, məhsulunu nə təhvil ala bilməmiş, nə də, gömrükdən çıxara bilməmişdir. O, 6 ay həmin məhsulun gömrükdə saxlanılmasının 1 manat 25 qəpikdən ödənişini etmişdir. Ona məxsus məhsul qida məhsulu olduğundan 6 aydan sonra artıq ləğv olunur. İddiaçı nə üçün 2022-ci ilin mart ayından xx.xx.2024-cü il tarixədək onunla əlaqə saxlamamışdır? Ən azından ona 2 il ərzində məlumat verilməli idi ki, "xxxx" MMC-nin səlahiyyətləri İddiaçı MMC-yə ötürülüb və onun məhsulu gömrükdə qalıb. İddiaçının bu hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyib. 3 il keçəndən sonra ona fərqli bir şirkət zəng edir ki, onun malı gömrükdə saxlanılıb. İddia tələbi əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Təqdim edilmiş "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 01092024 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin müştərilər qarşısında bütün öhdəliklərini, borc və alacaq "xxxx" MMC icra edir. "xxxx" MMC-nin "xxxx" MMC-yə aid bütün borcları və müqavilədən yaranan öhdəlikləri toplama səlahiyyəti var. "xxxx" MMC istənilən dövlət və özəl qurumlarda "xxxx" MMC-ni təmsil edə bilər, onun adından ərizələr verib, ala bilər. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, cavabdehə məxsus məhsul gömrükdə saxlanılıb. Təqdim edilmiş AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Gülnarə Əliyevaya ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubdan görünür ki, KLİ1380809 izləmə nömrəsi əsasında daşıyıcı şirkət vasitəsi ilə Türkiyə Respublikasından ərizəçinin adına göndərilən bağlama xx.xx.2022-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən saxlanılmışdır. Belə ki, sözügedən bağlamanın qanunvericiliyə uyğun olaraq idxalatçı, onun qanuni nümayəndəsi (notarial qaydada etibarnamə əsasında) və ya həvalə edildiyi halda daşıyıcı şirkət tərəfindən gömrük orqanından təhvil alınması haqqında məlumat qeydə alınmamışdır. İş materiallarında olan “İstifadəçi razılaşması”nın 3.6-cı bəndinə əsasən “Daşıyıcı” partnyorlarının xarici anbarına yönləndirmiş olan bağlama anbara daxil olduqdan sonra istifadəçini bağlama hərəkətləri barədə “KoliPlus.com” saytı üzərindən məlumatlandırılır. “İstifadəçi razılaşması”nın 3.10-cu bəndinə xaricdən göndərilmiş bağlama gömrük yoxlanışı zamanı hər hansı bir səbəbdən saxlanıldığı halda daşıyıcı hər hansı bir məsuliyyət daşımır. İş materiallarında olan “İstifadəçi razılaşması”nın 4.15-ci bəndinə əsasən əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa və ya nəzarətə götürülərsə, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində "xxxx" MMC-yə ödəməlidir. “İstifadəçi razılaşması”nın 4.16.1-ci bəndinə əsasən korporativ müştərilərdə daşınma xidməti Azərbaycan Respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirmə xidməti korporativ müştərinin öz məsuliyyətindədir. “İstifadəçi razılaşması”nın 7-ci bəndinə əsasən vaxtında ödənilməyən borca görə 50 AZN cərimə tətbiq edilir, eyni vaxtda Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq faiz və dəbbə pulu hesablanır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan "xxxx" MMC arasında bağlamanın Azərbaycana daşınması ilə bağlı müqavilə bağlanmış, iddiaçıya məxsus bağlama xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasından "xxxx" MMC vasitəsilə Azərbaycana çatdırılmışdır. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə gömrükdə saxlanılan (o cümlədən cavabdehə məxsus) malların siyahısını "xxxx" MMC-yə göndərmişdir ki, İddiaçı MMC müştərilərə məlumat versin ki, müştərilər gömrüyə yaxınlaşıb saxlanılan malları təhvil alsınlar, əks təqdirdə gömrük həmin malları öz sərəncamına keçirəcəkdir. Bununla yanaşı, cavabdehə məxsus malın gömrükdə saxlanılması barədə cavabdehə lazımi məlumat verilməsinə dair hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 01092024 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin bütün öhdəlikləri "xxxx" MMC-yə ötürülmüş, lakin bundan sonra da, cavabdehə bağlamasının gömrük tərəfindən saxlanılmasına dair hər hansı məlumat göndərilməmişdir. İddiaçı yalnız xx.xx.2025-ci il tarixdə daşıma xərcinin tutulması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə hesab edir ki, “İstifadəçi razılaşması”nın tələblərinə zidd olaraq, cavabdehə xx.xx.2022-ci il tarixdə onun bağlamasının gömrükdə saxlanılmasına dair vaxtında məlumat verilmədiyindən, eləcə də belə məlumatın verilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar