Məhkəmə qərarları › İş №e-2(009)-899/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-899/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-899/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə 15815 manat məbləğində sığorta ödənişinin, 215 gün gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 3400 manat dəbbə pulu və ödənilmiş 150 manat dövlət rüsumunun, ümumilikdə 19365 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli ********** nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnamə”si (sığorta müqaviləsi) bağlanaraq seriya AD 152750 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili 2014, mühərrik B454701, ban TMDEREV50D064541, mühərrikin həcmi 2000 m3) cavabdeh sığorta şirkəti tərəfindən sığortalanmışdır. Şəhadətnamənin İ bölməsinə əsasən sığortalı və faydalanan şəxs iddiaçıdır. Şəhadətnamənin İİ bölməsinə əsasən əsasən sığorta məbləği 39000 manat, sığorta haqqı hissəhissə ödənilməsi nəzərdə tutulmaqla, cəmi 524 manatdır. Hər bir hadisə üzrə azadolma məbləği isə 200 manatdır. Sığortanın başlanğıc tarixi xx.xx.2021 (saat 23:59), sığortanın bitmə tarixi xx.xx.2022-ci il tarixidir (saat 23:59). Sığorta təminatına avtonəqliyyat hadisəsi, heyvanların hərəkəti, yanğın və partlayış, təbii fəlakət, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq daxildir. Sığorta şəhadətnaməsinin “Xüsusi şərtlər” bölməsinin 18-ci bəndində qeyd edilmişdir ki, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişinin məbləğindən sığortalının ona ödəməli olduğu vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. X6 xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində, özünə məxsus “Toyota Prius” markalı, 90VT568 dövlət qeydiyyat nişanlı avtomobili, X9 isə “VAZ 2106” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Salyan sossesi, 32 saylı küçəsində idarə edərkən zəncirvari qəza törədərək, cavabdeh sığortaçıda sığortalanmış iddiaçının “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobilini vuraraq zədələnməsinə səbəb olmuşlar. Hadisə barədə o dərhal səlahiyyətli dövlət orqanına və sığorta şirkətinə məlumat vermişdir. Səbail rayon Polis İdarəsinin təhqiqatçısı Pərviz Mustafayevin 28 avqust 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə verilməsi” barədə qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 saylı küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, X9 isə həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişlər. Sığortalanmış “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı sığorta ödənişinin ödənilməsi üçün cavabdeh sığorta təşkilatına müraciət etsə də, xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının vaxtında ödənilməməsi əsası ilə sığorta müqaviləsinə xitam verildiyi qeyd edilərək sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. İddiaçı sığorta haqqının ödənilməsində gecikməyə yol versə də, cavabdeh sığorta şirkəti bu əsasla sığorta şəhadətnaməsinə xitam verilməsi ilə bağlı ona yazılı bildiriş göndərməmişdir. Bu səbəbdən sözügedən sığorta şəhadətnaməsi hazırda da qüvvədədir. Belə ki, Mülki Məcəllənin 920.1-ci maddəsinə əsasən bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. Mülki Məcəllənin 920.2-ci maddəsinə əsasən sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. xx.xx.2021-ci il tarixli ********** nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə şəhadətnamə”si üzrə ödənilməsi nəzərdə tutulan sığorta haqqının birinci hissəsini o, vaxtında, digər iki hissəsini isə gecikmə ilə də olsa tamamilə ödəmişdir. Cavabdeh tərəfindən sığorta ödənişindən imtina edildiyi üçün avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini aparmamış və sığorta şəhadətnaməsinin tələblərini pozmuşdur. O, avtomobili təmir edilməsi üçün servis mərkəzinə təqdim etmişdir. Dəymiş zərərin məbləği servis mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən 15815 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məktublar ünvanlasa da, sığorta ödənişi indiyədək ona ödənilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh sığorta şirkəti sığorta ödənişini sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən, avtomobilinə dəymiş zərərə uyğun olaraq sığorta ödənişini və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunu ona ödəməlidir. 15815 manat məbləğinin hər günü üçün 0,1 faizi 15,815 manat edir. Sığorta hadisəsinin baş verdiyi xx.xx.2021-ci il tarixindən xx.xx.2022ci il tarixinədək 215 gün keçdiyi üçün ona ödənilməli dəbbə pulu 215*15,815=3400 manat edir. Qeyd olunanlara əsasən baş vermiş sığorta hadisəsinə görə 15815 manat məbləğində sığorta ödənişinin, 215 gün gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 3400 manat dəbbə pulu və ödənilmiş 150 manat dövlət rüsumunun, ümumilikdə 19365 manat məbləğində vəsaitin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, hesab edir ki, hazırki mübahisə mahiyyəti üzrə araşdırılarkən məhkəmə tərəfindən Konstitusiyanın 130-cu maddəsinin İX hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə 14 dekabr 2021-ci il tarixli Qərarının məcburi qüvvəsi nəzərə alınmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin iş üzrə qərarında sığorta haqqının ödənilmədiyi və ya gecikdirildiyi halda sığortaçının sığorta ödənişinin ödəməli olmasına və ödənilməmiş və ya gecikdirilmiş sığorta haqqının sığorta ödənişindən tutulmalı olmasına dair yeni hüquqi mövqe ortaya qoymuşdur: “Beləliklə, sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd kimi çıxış edir. Bu, həmçinin Mülki Məcəllənin 901.1-ci maddəsinin məzmunundan irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməsini ərizəçi tərəfindən sığorta haqqının ödənilməməsi ilə əsaslandırmış və bu zaman Mülki Məcəllənin 903.4-cü maddəsinə, habelə sığorta müqaviləsinin şərtinə istinad etmişdir. Beləliklə, sığorta təminatının müddəti ərzində sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranması ilə şərtlənən sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən maliyyə kompensasiyası, yəni sığorta ödənişi həyala keçirilir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 903.4-cü maddəsinə və sığorta müqaviləsinin qeyd olunan şərtlərinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında mübahisələndirilən müqavilə imzalansa da, sığorta haqqı iddiaçı tərəfindən müqavilə şərtinə uyğun qaydada ödənilmədiyindən müqavilə qüvvəyə minməmiş və sığorta müqaviləsi Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbi baxımından tərəflər, o cümlədən, cavabdeh üçün heç bir öhdəlik və hüquqi nəticə yaratmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd edilməlidir ki, işin düzgün həlli baxımından sığorta hadisəsinin sığorta təminatı müddəti ərzində baş verib-verməməsinin müəyyən edilməsi mühüm rol oynayır. Bunun üçün isə sığorta müqaviləsinin şərtlərinin Mülki Məcəllənin müvafiq müddəalarının göstərişləri nəzərə alınmaqla təfsir edilməsi, tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin məzmununun müəyyən edilməsi zəruridir. Belə ki, sığorta təminatı qüvvəyə mindikdən sonra sığorta hadisəsinin baş verməsi halında sığortaçının ödəniş etmək öhdəliyi yaranmış olur. Belə ki, həmin Məcəllənin 901.1-ci maddəsinə görə, sığorta şəhadətnaməsi tərəflər arasında sığorta müqaviləsinin şərtlərini bildirən və təsdiq edən sənəddir. Məcəllənin 903.4-cü maddəsinə əsasən isə müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Yəni tərəflər sığorta təminatının sığorta haqqının ödənilməsindən əvvəlki tarixdə də qüvvəyə minməsini razılaşdıra bilərlər və belə olan halda sığorta təminatı sığorta haqqının ödənilibödənilməməsindən asılı olmayaraq tərəflərin razılaşdırdıqları andan qüvvəyə minir. Həmin şəhadətnamədə isə sığorta müddəti 15 gün müəyyən edilmiş, bu müddətin 26 iyul 2018-ci il tarixində başlayıb 9 avqust 2018-ci il tarixində qurtardığı göstərilmişdir. Həmçinin sığorta şəhadətnaməsində sığorta təminatının müddətinin 15 gün olduğu qeyd olunmuşdur. Bu müddətlər (həm sığorta müddəti, həm də sığorta təminatının müddəti) məhz sığorta təminatının hansı dövrü əhatə etdiyini göstərir və beynəlxalq təcrübədə istifadə olunan "period of cover" ifadəsininin məzmunu ilə eynilik təşkil edərək sığorta riskinin sığortaçının təminatı altında olduğu dövrü ifadə edir. Hadisənin 28 iyul 2018-ci it tarixində baş verməsi nəzərə alınarsa, sığorta hadisəsinin sığorta təminatının qüvvədə olduğu müddət ərzində baş vermiş olması nəticəsinə gəlmək olar. Qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməsini ərizəçi tərəfindən sığorta haqqının ödənilməməsi ilə əsaslandırmış və bu zaman Mülki Məcəllənin 903.4-cü maddəsinə, habelə sığorta müqaviləsinin şərtinə istinad etmişdir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.” Yuxarıda göstərilənləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyi rəhbər tutaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmiş və nümayəndəsi və vəkilinin izahatında göstərilənlərlə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək onun əsassız olduğundan təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, sığortalanmış “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin ödənilməsi üçün cavabdeh sığorta təşkilatına müraciət etsə də, xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının vaxtında ödənilməməsi əsası ilə sığorta müqaviləsinə xitam verildiyi qeyd edilərək sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Lakin "xxxx" ASC tərəfindən sığortalıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, BS- C-21/3009 saylı məktubda sığorta müqaviləsinə "xxxx" ASC tərəfindən xitam verilməsi barədə heç bir müddəa yoxdur. Belə ki, həmin məktubdan görünür ki, "xxxx" ASC Mülki Məcəllənin 935.1.9-cu maddəsini əsaslı şəkildə istinad gətirərək sığortalıya sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar olmadığından imtina edildiyini bildirmişdir. Belə ki, Sığorta şəhadətnaməsinə əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 2-ci və 3-cü hissələri olan 175 və 174 manat məbləğləri sığortalı tərəfindən müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə ödənilməli olduğu halda, müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməmişdir. Mülki Məcəllənin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə, sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Araşdırma zamanı müəyyən edilir ki, sığortalı sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan sonrakı 15 gün ərzində də sığorta haqqını ödəməmişdir. Mülki Məcəllənin 935.1.9-cu maddəsində qeyd edilmişdir ki, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqınm müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsasdır. Eyni zamanda bildirir ki, “Avtomobillərin tam sığortası” Qaydalarının 28.3-cü maddəsinə görə Sığorta haqqının sığorta müqaviləsi ilə müəyyən olunmuş növbəti hissəsi sığorta müqaviləsində həmin hissənin ödənilmə tarixi kimi müəyyən edilən tarixdən sonrakı 15 gün müddətində ödənilmədikdə, sığorta müqaviləsi həmin müddətin başa çatması ilə qüvvədən düşmüş hesab olunur. Sığorta hadisəsi xx.xx.2021-ci il tarixində, saat 07:05 radələrində baş verdikdən sonra sığortalı sığotra ödənişini almaqdan ötrü elə həmin gün saat 12:00-da sığorta haqqının 2-ci və 3-cü hissələrini ödəmişdir. Lakin Mülki Məcəllənin 935-ci maddəsində nəzərdə tutulan əsas olduğu üçün sığorta ödənişindən hər bir halda imtina edilir. Eyni zamanda qeyd edir ki, "xxxx" ASC tərəfindən sığortalıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubun son abzasında da sığortalıya bildirilmişdir ki, sığorta hadisəsi baş verdikdən sonra sığortalı tərəfindən Cəmiyyətin hesabına ödənilmiş 350 manat pul vəsaiti sığortalı tərəfindən bank rekvizitləri təqdim edildikdən sonra sığortalıya ödəniləcəkdir. Qeyd edir ki, iddiaçının istinad etdiyi 14 dekabr 2021-ci il tarixli X3 qərarının hazırki işin mahiyyətinə aidiyyatı yoxdur. Belə ki, həmin Plenum qərarında sığortalı tərəfindən sığorta müqaviləsi üzrə sığorta haqqının ilk hissəsinin və ya tam hissəsinin ödənilməməsinin səbəbi kimi sığortaçının sığortalıya sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmaması qeyd edilmişdir. Lakin "xxxx" ASC sığortalıya sığorta haqqının ödənilməsi üçün heç bir maneə yaratmamış və tərəflər arasında imzalanmış müqavilə üzrə razılaşdırılmış qaydada sığorta haqqını (gecikdirmiş) ödəməmişdir. Eyni zamanda iddiaçı qeyd edir ki, o, sığorta haqqının ilk hissəsinin vaxtında, növbəti hissələrini gecikmə ilə də olsa ödədiyindən sığorta müqaviləsi artıq qüvvəyə minmişdir və qüvvədə olan sığorta müqaviləsinə əsasən də sığorta ödənişi ödənilməlidir. Nə qanunvericilikdə, nə də Konstitusiya Məhkəməsinin qərarlarında iddiaçının mövqeyi ilə üst-üstə düşən qanunverilik müddəası və məhkəmə presedenti yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, AR Ali Məhkəməsinin xx.xx.2018-ci tarixli, 2(102)-5021/18 saylı, xx.xx.2019-ci il tarixli, 2(102)-1668/19 saylı, xx.xx.2020-ci il tarixli, 2(102)-3734/2020 saylı qərarlarında da məhkəmə kollegiyası analoji hal ilə bağlı hesab etmişdir ki, qeyd olunan halların mövcud olması Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır. AR Mülki Məcəlləsinin 935-ci maddəsinə əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” AR Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Göründüyü kimi Mülki Məcəllənin 935-ci maddəsində sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilməsinin hüquqi əsasları müəyyən edilmiş və həmin maddənin 1.9-cu bəndində “sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqabilində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda müddəası sığorta ödənişindən imtina əsası kimi öz əksini tapmışdır. İşin faktiki hallarından görünür ki, sığortalı xx.xx.2021-ci il tarixində sığortalanmış avtomobilin yol nəqliyyat hadisəsinə uğraması ilə əlaqədar olaraq sığortaçıya məlumat vermişdir. Lakin sığortalı Sığorta Şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci və 3-cü sığorta haqqı hissəsini xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində ödəməli olduğu halda, müvafiq sığorta haqqı hissəsini nə müqavilə ilə müəyyən edilmiş müddətdə, nə də MM-nin 935-ci maddəsində nəzərdə tutulmuş həmin müddət başa çatdıqdan 15 gün sonra da ödəməmişdir. Bu halın mövcud olması Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır. Hazırkı halda, cavabdeh qurum yuxarıda qeyd edilən qanunvericilik normasının tələblərinə əsasən sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmuşdur. Qeyd etmək istəyir ki, "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsasını iddiaçı tərəfindən sığorta haqqının tam ödənilməməsinə görə tərəflər arasında bağlanmış sığorta müqaviləsinə xitam verilməsi əsası deyil, iddiaçının 2021-ci il üzrə sığorta haqqını ödəmək öhdəliyini Mülki Məcəllədə və müvafiq sığorta müqaviləsi ilə müəyyən edilən qaydada icra etməməsi təşkil etmişdir. "xxxx" ASC tərəfindən göndərilən sığorta ödənişindən imtina məktubunda imtinanın əsasını qeyd edildiyi kimi sığorta haqqının tam şəkildə və vaxtında ödənilməməsi təşkil etmişdir, heç bir yerdə müqaviləyə xitam verilməsinin imtina üçün əsas olduğu qeyd edilməmişdir. AR Mülki Məcəlləsinin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. AR Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Hazırkı iş üzrə digər mühüm şərt ondan ibarətdir ki, həm qanunvericiliyə, həm də tərəflər arasındakı müqaviləyə müvafiq olaraq sığortaçı sığorta ödənişi hesabına ödənilməmiş sığorta haqqını tutmaq hüququna malikdir. Belə ki, AR Mülki Məcəlləsinin 929-cu maddəsində görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Eyni zamanda bir halı da qeyd etmək istərdi ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra ödənilmiş (gecikdirilmiş) sığorta haqqı olan 350 manat məbləğində pul vəsaitinin xx.xx.2021-ci il tarixli imtina məktubunda sığortalının bank rekvizitləri təqdim edildikdən sonra onun hesabına geri qaytaralıcağı bildirilmiş, rekvizitlər təqdim edikdikdən sonra 350 manat məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə İddiaçı "xxxx" ASC də olan hesabına geri qaytarılmışdır. Qeyd olunanlara dair rekvizitlər, ödəniş tapşırığı və sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilməsinə dair “1 C” proqram təminatından çıxarış mövcuddur. Çıxarışdan göründüyü kimi, sığortalı xx.xx.2021-ci il tarixdə 175 manat məbləğində ödəniş edib. Bundan sonra, xx.xx.2021-ci il tarixində saat 12:00-da, yəni hadisədən sonra (hadisə isə xx.xx.2021-ci il tarixində saat 08:47-də baş verib) Comtech (Milli Ön) vasitəsi ilə 350 manat məbləğində pul vəsaitini ödəyib və bu məbləğ bank rekvizitləri təqdim edildikdən sonra xx.xx.2021-ci il tarixdə sığortanın hesabına geri ödənilib. Yəni sığortalı tərəfindən sığortaçıya ödənilmiş sığorta haqqı sığortaçının sığorta haqqını qəbul etməsi kimi dəyərləndirilə də bilməz. Çünki həm sığortaçı tərəfindən sığortalıya hadisədən dərhal sonrakı imtina məktubundan, həm də sığorta haqqının sığortaçı tərəfindən sığortalıya geri qaytarılması halından görünür ki, sığortaçı qanunvericiliyin tələblərinə əsasən sığortalı tərəfindən sığorta haqqının ödənilməsi üzrə gecikmə olduğu üçün sığorta ödənişindən əsaslı şəkildə imtina edir. Eyni zamanda bildirmək istəyir ki, qeyd edilən hadisə üzrə cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişindən imtina edilməsi barədə məktub təqdim edildikdən sonra iddiaçı buna etiraz edərək sığorta sahəsində nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank bununla bağlı cavabdehə xx.xx.2021-ci il tarixli, 26- 10325-2021 saylı məktubla müraciət etmiş və müraciət cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, № BS-C-21/3166 saylı məktubla cavablandırılmışdır. Cavabdeh tərəfindən sığorta ödənişindən imtina edilməsi nəzarət orqanı tərəfindən qanunsuz və əsassız hesab edilsə idi sonuncu bununla bağlı cavabdehə təqdimat verəcəkdi. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 102.1-ci maddəsinə əsasən aparılan təhlillər, araşdırmalar və ya yoxlamalar nəticəsində sığortaçıların, aktuarilərin və sığorta vasitəçilərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə maliyyə bazarlarına nəzarət orqanı onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş - təqdimat verir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəfləri dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********** nömrəli “Fiziki şəxslərə təqdim edən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”ndən görünür ki, İddiaçı mülkiyyətində olan “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Sığorta şəhadətnaməsinə əsasən Sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 2-ci və 3-cü hissələri olan 175,0 manat və 174,0 manat məbləğləri müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə ödənilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli X8 görünür ki, “Toyota Rav4” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 15815 manat müəyyən olunmuşdur. İş materiallarında olan Səbail rayon Polis İdarəsinin təhqiqatçısı Pərviz Mustafayevin 28 avqust 2021-ci il tarixli “cinayət işinin başlanıİmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə verilməsi” barədə qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 saylı küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin növü toqquşmadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində və X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişlər. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 nömrəli məktubdan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Toyota Rav 4” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində Cəmiyyətə müraciət olunaraq “Toyota Rav 4” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə, saat 08:47-də sığorta hadisəsinə uğradığı bildirilmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılmışdır. Bildirmək istəyir ki, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta şəhadətnaməsinə əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 2-ci və 3-cü hissələri olan 175 (bir yüz yetmiş beş) və 174 (bir yüz yetmiş dörd) manat məbləğləri İddiaçı tərəfindən müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə ödənilməli olduğu halda, o, müqavilə ilə müəyyən edilmiş müddətdə ödəmək vəzifəsini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Həmin Məcəllənin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Ona bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqınm müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən, Cəmiyyətin sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları yoxdur. Həmçinin, bildirilir ki, hadisə baş verdikdən sonra, yəni 11 avqust saat 12:00-da İddiaçı tərəfindən Cəmiyyətin hesabına ödənilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti onun bank rekvizitləri təqdim edildikdə ona geri ödəniləcək. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 9/4419 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə «Detailig» tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Toyota RAV-4» markalı, **-TV- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13644,0 manat müəyyən edilir. İşin hallarından görünür ki, xx.xx.2021-ci il tarixli ********** nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnamə”sinə əsasən sığortalı İddiaçı məxsus “Toyota Rav4” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortaçı "xxxx" ASC tərəfindən 39000 manat sığorta məbləği həddində, sığorta haqqı kimi 524 manat manat, sığorta müddəti isə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilməklə sığorta edilmişdir. Sığortaşəhadətnaməsinə əsasən Sığorta haqqının xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixdə 175 manat, xx.xx.2021-ci il tarixdə 175 manat və 3-cü hissəsi xx.xx.2021-ci il tarixdə 174 manat olmaqla, ümumilikdə 3 ay ərzində ödənilməsi razılaşdırılmışdır. Sığorta haqqının birinci hissəsi vaxtında ödənilmişdir. Eləcə də, işin halarından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində, X6 özünə məxsus “Toyota Prius” markalı, 90VT568 dövlət qeydiyyat nişanlı avtomobili, X9 isə “VAZ 2106” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Salyan sossesi, 32 saylı küçəsində idarə edərkən zəncirvari qəza törədərək, iddiaçının “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobilini vuraraq zədələnməsinə səbəb olmuşlar. xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokollara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində və X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişlər. İddiaçı xx.xx.2021-ci il tarixdə sığortalanmış “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin ödənilməsi üçün cavabdeh sığorta təşkilatına müraciət etsə də, "xxxx" ASC xx.xx.2021-ci il tarixli, BS-C- 21/3009 saylı məktubla 2021-ci il üzrə sığorta haqqını ödəmək öhdəliyinin Mülki Məcəllədə və müvafiq sığorta müqaviləsi ilə müəyyən edilən qaydada icra edilməməsi və bunun da Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün əsas olduğu bildirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Mülki Məcəllənin 903.6-ci maddəsinə əsasən hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 935-ci maddəsinə əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” AR Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Göründüyü kimi Mülki Məcəllənin 935-ci maddəsində sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilməsinin hüquqi əsasları müəyyən edilmiş və həmin maddənin 1.9-cu bəndində “sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqabilində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda müddəası sığorta ödənişindən imtina əsası kimi öz əksini tapmışdır. İşin faktiki hallarından görünür ki, sığortalı xx.xx.2021-ci il tarixində sığortalanmış avtomobilin yol nəqliyyat hadisəsinə uğraması ilə əlaqədar olaraq sığortaçıya məlumat vermişdir. Lakin sığortalı Sığorta Şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci və 3-cü sığorta haqqı hissəsini xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində ödəməli olduğu halda, müvafiq sığorta haqqı hissəsini nə müqavilə ilə müəyyən edilmiş müddətdə, nə də MM-nin 935-ci maddəsində nəzərdə tutulmuş həmin müddət başa çatdıqdan 15 gün sonra da ödəməmişdir. Sığorta hadisəsi xx.xx.2021-ci il tarixində, saat 07:05 radələrində baş verdikdən sonra sığortalı sığotra ödənişini almaqdan ötrü elə həmin gün saat 12:00-da sığorta haqqının 2-ci və 3-cü hissələrini ödəmişdir. "xxxx" ASC tərəfindən sığortalıya ünvanlanmış xx.xx.2021ci il tarixli, BS-C-21/3009 saylı məktubunda sığortalıya sığorta hadisəsi baş verdikdən sonra onun tərəfindən Cəmiyyətin hesabına ödənilmiş 350 manat pul vəsaitinin sığortalı tərəfindən bank rekvizitləri təqdim edildikdən sonra sığortalıya geri qaytarılacağı bildirilmiş və rekvizitlər təqdim edikdikdən sonra 350 manat məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə İddiaçı "xxxx" ASC də olan hesabına geri qaytarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan halların mövcud olması Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır və hazırki halda cavabdeh sığorta şirkəti yuxarıda qeyd edilən qanunvericilik normasının tələblərinə əsasən sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X4, kod 210005, VÖEN:**********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN: **********, Hesab: AZ34CTRE**********00********. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar