Məhkəmə qərarları › İş №e-2(009)-915/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-915/2022

19.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-915/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında olan daşınmaz əmlak onun xüsusi mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeydiyyat aparılmışdır. Cavabdeh onun qızıdır. Cavabdeh 2008-ci ildə ailə qurmuş və həyat yoldaşının yaşadığı ünvan 2 ünvanına köçmüşdür. Həmin vaxtdan da qızı ailə qurub gəlin köçməsi ilə əlaqədar mübahisəli mənzili birdəfəlik tərk etmiş və öz ailəsi ilə birlikdə özlərinə məxsus yaşayış məntəqəsində (sahəsində) yaşayır. Ailə qurub köçdükdən sonra qızı bir gün belə olsun mübahisəli mənzildə yaşamamışdır. Onun mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə olduğu halda cavabdehə qarşı onun mübahisəli olan istifadə hüquqlarına xitam verilməsi üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-235/2022 saylı, 01.03.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından və evdən çıxarılma tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarına əsas gətirmişdir. Həmçinin məhkəmə izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh ünvan 1 istifadə hüququ saxlanılmalı və bu hüquqa yalnız kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. ünvan 1 ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşir. Qeyd edilən ərazidə 2 otaqlı, təmirsiz evin aylıq kirayə haqqısı 250 manat təşkil edir. Hesab edir ki, qanunvericiliyin tələbləri baxımından cavabdehə müvafiq kompensasiya verilməklə onların mülkiyyət hüquqları ona məxsus olan mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi daha məqsədə müvafiq olardı. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və ya onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququna 9.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçının mülkiyyətində olan evin yerləşdiyi ərazidə təmirli mənzilin hazırki orta aylıq kirayə haqqının 250-270 manat olması barədə arayış verilmişdir. Təklif olunan kompensasiya məbləği təxminən 3 ilə yaxın cavabdehə kirayədə yaşamaq imkanı verəcəkdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, təklif olunan 9000 manat azdır. O, evin satışından əldə olunacaq puldan pay tələb edir. Təxminən 15.000 manat və ya ondan çox onun payına pul düşə bilər. O, 2008-ci ildə ailə həyatı quraraq qeydiyyatda olduğu ünvandan daimi yaşamaq üçün Bülbülə qəsəbəsinə köçmüş, hazırda da orada yaşayır. Təkif olunan kompensasiya məbləği ilə razı deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.07.2015-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Sahib İbrahim-Xəlilov küçəsində yerləşən 1 saylı evin 11 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BPMQİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın kserosurətinə əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Sahib İbrahim-Xəlilov küçəsində yerləşən 1 saylı evin 11 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-235/2022 saylı, 01.03.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun kompensasiya verilmədən xitam verilməsinə dair İddiaçı iddiası təmin edilməmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 05.05.2022-ci il tarixli arayışa əsasən Bakı şəhəri, ünvan 4 ünvanda 53,3 kv.m. ümumi sahəyə malik orta təmirli mənzili aylıq kirayə haqqı 250-270 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi, Sahib İbrahim-Xəlilov küçəsində yerləşən 1 saylı evin 11 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının xüsusi mülkiyyətindədir və iş üzrə cavabdeh iddiaçının qızıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh 2008-ci ildə ailə həyatı qurmuş və daimi yaşamaq üçün həyat yoldaşının yaşadığı ünvan 2 ünvanına gəlin köçmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh artıq uzun müddətdir ki, həyat yoldaşına məxsus evində yaşayır, cavabdeh formal olaraq iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. Bu səbəbdən iddiaçı cavabdehə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yarandığı üçün, iddiaçının irəli sürdüyü tələbə, yəni cavabdehin istifadə hüquqlarına xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd edilən Məcəllənin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olaq evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. AR Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin qüvvəyə mindiyi tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından istifadə hüququ əldə etmiş ailə üzvünün istifadə hüquqlarına xitamı qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından həll edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016-cı il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları,o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 01.03.2022-ci il tarixli qətnaməsində müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzildə ailə ilə birlikdə yaşadığı zaman yaranmış istifadə hüququ onun ailə qurub mənzildən köçüb getdiyi gündən itirildiyi qəbul oluna bilməz. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarı istifadə hüququna malik ailə üzvünün daimi olaraq başqa yaşayış sahəsinə köçməsinin məhkəmə tərəfindən müəyyən edildiyi halda istifadə hüququna kompensasiya verilmədən xitam verilməli olması nəzərdə tutsa da, məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən edilən halın hazırki münasibətdə preyudisial əhəmiyyət daşımasını və iddiaçının cavabdehin mübahisəli mənzilə istifadə hüququna kompensasiya verilməklə xitamına dair hazırki tələbini nəzərə alaraq hesab edir ki, cavabdehin istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilməsi barədə tələb əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir.

2. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin istifadə hüququna kompensasiya verilməsi ilə bağlı 9000 manat məbləğində təklif edilməsini ədalətli hesab edir. Belə ki, qanunvericiliyin norması, o cümlədən Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşan hüquqi mövqe ondan ibarətdir ki, kompensasiyanın məbləği şəxsə müəyyən müddət ərzində əvvəlki yaşayış sahəsinə uyğun sahədə yaşamağa imkan versin, yəni kompensasiya verilməsi elə əvəzləşdirməni nəzərdə tutmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğini (250-270 manat) və iddiaçı tərəfindən cavabdehə təklif olunan kompensasiya məbləğini nəzərə alaraq hesab edir ki, həmin məbləğ cavabdehə üç ilə yaxın müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Məhkəmə cavabdehin ərə getdiyi vaxtdan ər evində yaşamasını təklif olunan kompensasiya məbləğinin hətta müəyyən müddət ərzində başqa yaşayış sahəsində yaşamağa imkan verməsini nəzərə alaraq hesab edir ki, həmin məbləğ ədalətlidir və hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarından görünür ki, Avropa insan hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Sahib İbrahim-Xəlilov küçəsində yerləşən 1 saylı evin 11 saylı mənzili üzrə Cavabdeh istifadə hüquqlarına 9.000 (doqquz min) manat kompensasiya ödənilməklə xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar