Məhkəmə qərarları › İş №e-2(009)-916/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-916/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-916/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Mabel 3 yerlik divan, Mabel kreslo, Galata Bar markalı mebel əşyaları üçün 475 manat ödənilməmiş hissə, 47 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Maqnum markalı mebel əşyaları, matras üçün 760 manat ödənilməmiş hissə, 76 manat cərimə olmaqla, ümumilikdə 1358 manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 33,58 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Mabel 3 rerlik divan, Mabel kreslo, Galata Bar markalı mebel əşyaları və Magnum markalı mebel əşyaları, Matras almış və nəticədə 1358 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1968 manat (24 ay x 82 manat + 0 manat ilkin ödəniş) Mabel 3 yerlik divan, Mabel kreslo Galata Bar markalı mebel əşyaları üçün ümumilikdə, 522 manat olmaqla ondan, 475 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1152 manat (24 ay x 48 manat + 0 manat ilkin ödəniş) Magnum markalı mebel əşyaları, Matras üçün ümumilikdə, 836 manat olmaqla ondan, 760 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 76 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1089 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 404 manat, ümumilikdə 1493 manat təşkil edir. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 48 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 344 manat, ümumilikdə 392 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr açıqlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək eləcə də bildirdi ki, cavabdeh müqavilə üzrə borclarını ödəyə bilmədiyi üçün aldığı əşyaları öz razılığı ilə 17 yanvar 2021-ci ildə MMC-yə geri qaytarmış, həmin əşyaların dəyərləndirilməsi aparılmışdır. Əşyaların bir hissəsinin iki il, bir hissəsinin bir il müddətində istifadəsi nəticəsində onlar üzərində ləkələr və cızıqlar olduğu üçün xx.xx.2019-cu il tarixli müqavilə üzrə alınan əşyalar 404 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə alınan əşyalar 344 manat dəyərləndirilərək, həmin məbləğlər müvafiq olaraq cavabdehin borcundan silinmiş və bu barədə cavabdehə bildiriş göndərilərək qalan borcunun ödənilməsi xahiş olunmuşdur. Cavabdeh borcunun ödəməkdən imtina etdiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 2020-ci ildə pandemiya səbəbindən iş yerini itirdikdən sonra müqavilə üzrə ödənişləri edə bilməmiş və borcu yaranmışdır. İddiaçı tərəf isə ona daim zənglər edib, məktublar göndərib ondan borcunu ödəməyi tələb edirdi. Onun müqavilələr üzrə müəyyən ödənişlər etdiyini belə nəzərə almayıb iddiaçı ondan əşyaları qaytarmasını tələb etdi. İddiaçı tərəf ona bildirdi ki, əşyalarını qaytar, borcun olmasın. O da məcbur qalıb 2021ci ilin yanvar ayında əşyaları iddiaçıya qaytardı, lakin onun borcundan yalnız 500 manat civarında pul silindi. Əşyaları götürdükdən sonra qiymətləndirilmiş və onunla əlaqə saxlayaraq "xxxx" MMC-yə borcunun qaldığını bildirmişlər. İddiaçı ona əşyaları qaytardıqda belə borcunun qalacağını bildirməmişdi. Hal-hazırda iddiaçı əşyaların zədəli olması əsası ilə ondan pul tələb edir, halbuki əşyalar onun evindən çıxarılarkən zədəli olmaları barədə nə yazılı, nə də, şəkil formasında sübut gətirə bilmir. Əşyaları qaytardığı halda hələ də ondan pul tələb edirlər. Buna görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilədən görünür ki, “ABC” alqı-satqı qiyməti 1968 manat olan Mabel 3 yerlik divan, Mabel kreslo, Galata Bar markalı mebel əşyaları 24 ay müddətində hər ay 82,0 manat ödəmək şərtilə “müştəri”yə vermişdir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020ci il tarixli müqavilədən görünür ki, “ABC” alqı-satqı qiyməti 1152 manat olan Magnum markalı mebel əşyalarını və Matrası almış mebel əşyaları 24 ay müddətində hər ay 48,0 manat ödəmək şərtilə “müştəri”yə vermişdir. İş materiallarında olan "xxxx" MMC-nin 01 saylı Dəyərləndirmə aktından görünür ki, Cavabdeh müqavilə üzrə aldığı mübül əşyaları xx.xx.2021-ci il tarixdə geri qaytarmış və həmin əşyaların dəyərləndirilməsi aparılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021ci il tarixli məktubdan görünür ki, Cavabdeh onunla bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə şərtləri pozduğuna görə aldığı əşyaları öz razılığı əsasında geri qaytarmışdır. “Mabel” markalı divan və kreslo 404 manat, “Magnum – Yataq” markalı çarpayı, tumba və termo, matras 344 manat qiymətləndirilmiş və göstərilmiş məbləğlər onun borcundan silinmişdir. Qalan borcun ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilə üzrə maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixədək cəmi 1089,56 manat ödəniş olmuş, xx.xx.2021-ci il tarixdə 404 manat borcundan silinmişdir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020ci il tarixli müqavilə üzrə maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixədək cəmi 48,4 manat ödəniş olmuş, xx.xx.2021-ci il tarixdə 344 manat borcundan silinmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, Mabel 3 yerlik divan, Mabel kreslo, Qalata Bar markalı mebel əşyaları, Maqnum markalı mebel əşyaları, matras almış və nəticədə 1358 manat borc yaranmışdır. Cavabdeh qeyd olunan müqavilələr üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. Bundan sonra cavabdeh müqavilə üzrə borclarını ödəyə bilmədiyi üçün aldığı əşyaları öz razılığı ilə 17 yanvar 2021-ci ildə MMC-yə geri qaytarmış və həmin əşyaların dəyərləndirilməsi aparılaraq, xx.xx.2019-cu il tarixli müqavilə üzrə alınan əşyalar 404 manat, xx.xx.2020ci il tarixli müqavilə üzrə alınan əşyalar 344 manat dəyərləndirilərək, həmin məbləğlər müvafiq olaraq cavabdehin borcundan silinmiş və bu barədə cavabdehə bildiriş göndərilərək qalan borcunun ödənilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun xx.xx.2019-cu il tarixli müqavilə üzrə 475 manat əsas borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 760 manat əsas borc tələbi əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehdən 47 və 76 manat məbləğində cərimə məbləğlərinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğlərin müvafiq olaraq 33 və 53 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 33,58 manat dövlət rüsumunun cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Mabel 3 yerlik divan, Mabel kreslo, Galata Bar markalı mebel əşyaları üçün 475 (dörd yüz yetmiş beş manat) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə olmaqla 508 (beş yüz səkkiz) manat borc; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Maqnum markalı mebel əşyaları, matras üçün 760 (yeddi yüz altmış) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat cərimə olmaqla, 813 (səkkiz yüz on üç) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 33,58 (otuz üç manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar