Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-917/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-044-SA-24 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı “Skoda Octavia” markalı, buraxılış ili 2022 olan (VİN:TMBAN7NX1PY041155) avtonəqliyyat vasitəni satıcı tərəfindən avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya ilkin ödəniş edilməsi nəzərdə tutulmamışdır, nəqliyyat vasitəsinin dəyərini təşkil edən 56.040,00 manat məbləğində pul vəsaitinin isə xx.xx.2024-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 934.00 manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Nəqliyyat vasitəsinin dəyəri tam ödənildikdən sonra, həmin nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri lazımınca icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra ödənişlər hər ay gecikmələrlə həyata keçirilmiş, 5 ay ödəniş edildikdən sonra isə xx.xx.2024cü il tarixindən etibarən ümumiyyətlə heç bir ödəniş həyata keçirilməmişdir. Ödəniş öhdəliklərinin gecikdirilməsi barədə cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin həmin xəbərdarlıqlar heç bir müsbət nəticə verməmiş, cavabdeh tərəfindən aylıq ödənişlərin həyata keçirilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Öhdəliklərini icra etməməsi səbəbindən iddiaçı tərəfindən cavabdehə “Skoda Octavia” markalı, 77AL247 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçının qanuni sahibliyinə geri qaytarılmışdır. Bununla bağlı Cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən (yəni avtomobilin qanuni sahibliyinə geri qaytarıldığı tarixlə birlikdə iki aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə), xx.xx.2024-cü il tarixli məktubla iddiaçı tərəfindən müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli, B-044-SA-24 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün xx.xx.2024-cü il tarixində təmir edilməklə 2.237,74 manat avtomobilə xərc çəkilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi (təqsirli hüquqazidd hərəkətləri) nəticəsində İddiaçı MMC-yə real zərər (delikt) dəymişdir. Eyni zamanda baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (39713 km) və bazar qiymətlərinə uyğun olaraq 25% dəyərdən düşmüşdür. Eyni zamanda, cavabdeh tərəfindən son edilən ödəniş tarixindən (xx.xx.2024-cü il) avtomobilin geri götürüldüyü xx.xx.2024cü il tarixinədək ödənişlər tam şəkildə həyata keçirilməmiş (sentyabr ayı üzrə 128,00 manat ödənilmiş, oktyabr ayı üzrə isə heç bir ödəniş həyata keçirilməmişdir) və nəticə etibarı ilə sentyabr və oktyabr ayları üzrə 1.740,00 manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 2.343,00 manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 6.320.74 manat miqdarında zərər, borc öhdəliyi və cərimə borcu yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli B-052-SA-24 saylı müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 1.740,00 manat əsas borc, 2.343,00 manat cərimə borcu, real zərər olan avtomobilin təmir xərci 2.237,74 manat olmaqla, ümumilikdə 6.320.74 manat məbləğində pul vəsaitinin və ödənilmiş 84,00 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin iddiaçının təmsilçisi T.İsmayılov məhkəmə ünvanlanan ərizəsində işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, özü əvvəllər həmin MMC-də işləmişdir. Maşını xx.xx.2025-ci il tarixdə ikinci əldən almışdır. Etiraf edir ki, avtomaşını iddiaçıya təhvil verənə qədər ödənilməmiş borcu olmuşdur. Həmin borc 1740 manat deyil, 1 ay üçün 930 manat və yarım ay üçün 450 manat, cəmi 1380 manat təşkil edir. Cərimə borcu ilə razı deyil. O, avtomaşını istismar edərkən 10.000 km. sürmüş, zəmanət qaydasına uyğun olaraq 7500 km sonra bütün texniki qulluğu həyata keçirmişdir. Ona görə də o, avtomaşını təhvil verərkən onun yağını, filtirlərini və s. texniki xidmətləri göstərilməsinə çəkilən xərc ondan tələb edilə bilməz. İddiaçı tərəfindən təqdim olunan flaş-karta baxış keçirilərkən kapot üzərində zədənin olmasını görmüşdür. Həmin zədənin aradan qaldırılması barədə çəkilən xərci ödəyə bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, flaş-karta baxış keçirərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Skoda Octavia» minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı MMC-nin adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə «Satıcı» qismində İddiaçı MMC ilə «Alıcı» qismində Cavabdeh arasında bağlanılmış B- 044-SA-24 saylı, xx.xx.2024-cü il tarixli avtomobil alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq modeli “Skoda Octavia” buraxılış ili 2022 olan (VİN: TMBAN7NX1PY041155, rəng tünd boz metal) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür (bənd 1.1). Müqavilənin 1.1-ci bəndinə göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 56.040 manat məbləğində müəyyən edilir. Alıcı 0 manat məbləğində ilkin ödəniş edir. Qalıq borc sayılacaq 56.040 manat məbləği isə Alıcı xx.xx.2024-cü il tarixdən etibarən 60 ay müddətində, ayda 934 manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür (bənd 2.1). Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq Satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün Alıcı Satıcıya müqavilənin aylıq ödənişinin 1 faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir (bənd 2.5). İş üzrə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, avtomobil iddiaçı tərəfindən cavabdehə qüsursuz və texniki saz vəziyyətdə təhvil verilmişdir. İş üzrə kassa mədaxil orderlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən 77AL247 dövlət qeydiyyat nişanlı avtomobilə dair "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 218 manat, xx.xx.2024-cü il tarixdə 930 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində ödəniş edilmişdir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli, B-044-SA-24 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1.740 manat əsas, 2.343 manat cərimə borcu təşkil etmişdir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli aktının surətindən görünür ki, 2022-ci il buraxılışlı “Skoda Octavia AMBİ.1.6” markalı (BAN kodu: TMBAN7NX1PY041155), 77AL247 dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışı və elektron diaqnostikası üçün cəmi 49,98 manat vəsait hesablanmışdır. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli aktının surətindən görünür ki, 2022-ci il buraxılışlı “Skoda Octavia AMBİ.1.6” markalı (BAN kodu: TMBAN7NX1PY041155), 77AL247 dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik yağının dəyişdirilməsi üçün cəmi 101,99 manat vəsait hesablanmışdır. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli aktının surətindən görünür ki, 2022-ci il buraxılışlı “Skoda Octavia AMBİ.1.6” markalı (BAN kodu: TMBAN7NX1PY041155), 77AL247 dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışı, elektron diaqnostika, dəmirçi rəngsaz baxışı və yuyulması üçün cəmi 79,98 manat vəsait hesablanmışdır. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktının surətindən görünür ki, 2022-ci il buraxılışlı “Skoda Octavia AMBİ.1.6” markalı (BAN kodu: TMBAN7NX1PY041155), 77AL247 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 2.848,86 manat vəsait hesablanmışdır. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli aktının surətindən görünür ki,2022-ci il buraxılışlı “Skoda Octavia AMBİ.1.6” markalı (BAN kodu: TMBAN7NX1PY041155), 77AL247 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 2.237,74 manat vəsait hesablanmışdır. İş üzrə İddiaçı MMC-nin direktoru tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubun surətindən görünür ki, məlum olduğu kimi Cavabdeh (“Alıcı”) ilə İddiaçı MMC (”Satıcı”) arasında avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, B-044-SA-24 müqavilə imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində dəyəri ƏDV daxil 56.040 manat müəyyən edilən “Skoda Octavia” buraxılış ili 2022 olan (VİN: TMBAN7NX1PY041155, rəng tünd boz metal) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcıya istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən 56.040 manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 934 manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürmüşdür. Lakin, şifahi müraciətlərinə baxmayaraq bu vaxta kimi Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmiş və müqavilə üzrə öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Bildirirlər ki, öhdəliklərini icra etmədiyi səbəbindən qeyd edilən “Skoda Octavia” buraxılış ili 2022 olan (VİN: TMBAN7NX1PY041155, rəng tünd boz metal) 77AL247 dövlət qeydiyyat nömrəli avtomobilə xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməyən 934 manat əsas məbləğ və 252 manat cərimə borcu mövcuddur. Qeyd olunanları nəzərə alaraq xx.xx.2024-cü il tarixli B-092-SA-24 nömrəli müqavilənin davam etdirilməsi üçün İddiaçı MMC-yə olan ümumilikdə 1.186 manat məbləğində borcun 5 gün ərzində ödənilməsini təmin edilməsini xahiş etmişlər. Əks təqdirdə xx.xx.2024-cü il tarixli B-044-SA-24 nömrəli müqaviləyə xitam veriləcək və məhkəməyə müraciət edilərək İddiaçı MMC-yə dəymiş zərər və bununla bağlı çəkdiyi bütün xxərclər iddia predmetinə əlavə edilərək tələb olunacaqdır. İş üzrə İddiaçı MMC-nin direktoru tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə məktubun surətindən görünür ki, məlum olduğu kimi Cavabdeh (“Alıcı”) ilə İddiaçı MMC (”Satıcı”) arasında avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, B- 044-SA-24 müqavilə imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində dəyəri ƏDV daxil 56.040 manat müəyyən edilən “Skoda Octavia” buraxılış ili 2022 olan (VİN: TMBAN7NX1PY041155, rəng tünd boz metal) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcıya istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən 56.040 manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 934 manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürmüşdür. Lakin, şifahi müraciətlərinə baxmayaraq bu vaxta kimi Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmiş və müqavilə üzrə öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Bildirirlər ki, İddiaçı MMC-yə olan ümumilikdə xx.xx.2024-cü il tarixinə olan əsas borc 934 manat təşkil edir. 252 manat məbləğində 7 gün ərzində ödənilməsini təmin etməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlığına baxmyaraq K.Məhərəmov tərəfindən heç bir addım atılmadığından Cavabdeh ilə İddiaçı MMC (“Satıcı”) arasında avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, B-0440SA-24 No-li müqaviləyə xitam verilir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə avtomobil alqı-satqısı üzrə B-044-SA-24 nömrəli müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh aldığı «Skoda Octavia» markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomaşının 56.040 manat dəyərini 60 ay müddətinə hər ay 934 manat pulu iddiaçıya ödənilməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, yəni avtomobili qüsursuz və texniki saz vəziyyətdə cavabdehə təhvil verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi, yəni hər ay ödəməli olduğu pulu iddiaçıya tam ödəməmişdir və xx.xx.2024-cü il tarixində avtomobil cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bununla da onun əsas və cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən bağlanılmış müqavilə üzrə nəzərdə tutulmuş və onun tərəfindən müqavilə üzrə ödənilməli olan ödənişləri həyata keçirilmədiyindən, iddiaçı təşkilat öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göstərilən Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iddia tələbinin əsas borcun (1740 manat) tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə cavabdehin həmin hissədə iddianın qismən etiraf edib bir ay yarım edilməyən ödənişlərə görə borcun 1380 manat təşkil etməsi barədə dəlilləri üzrə qeyd edir ki, cavabdeh tərəfindən bunu təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə iddiaçının əsas borc üzrə tələb etdiyi məbləği daha real məbləğ kimi qəbul edir. Məhkəmə iddia tələbinin cərimə borcu kimi 2.343 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir. Tərəflər arasında bağlanılmış 2.5-ci bəndinə əsasən gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1% həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə müqavilə üzrə ödənilməmiş qalmış əsas borcun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq cərimə borcunun miqdarı 260 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin real zərər olan avtomobilin təmir xərci kimi 2.237,74 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi yuxarıda göstərilən mülki qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin qərarında zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan avtomaşın cavabdeh tərəfindən istismar olunarkən avtomaşına ziyan dəymişdir. Lakin məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş flaş-karta baxış zamanı yalnız kapot üzərində zədələrin mövcud olması müəyyən edildiyindən həmin hissənin təmirinə çəkilən xərc (kapotun sökülməsi üçün -50 manat, rəngsiz təmiri üçün -150 manat) iddiaçının xeyrinə tutulmalıdır. Digər xərclərlə bağlı isə məhkəmə qeyd edir ki, müqavilədə avtomaşın geri qaytarılan zaman onun yağının, filtirinin və s. (icra edilmiş xidmətlərə dair aktda sadalanan xidmətlər) xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərcin məhz müqavilə tərəfi kimi cavabdehdən tutulmalı olmasına dair müddəa olmadığından, həmin xərclərin cavabdehdən tələb edilməsi əsassızdır. Başqa sözlə məhkəmə həmin hissədə tələbin 200 manat pulun cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əsas borc kimi 1.740 manat, cərimə borcu kimi 260 manat və vurulmuş ziyanın əvəzi kimi 200 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə təmin olunmuş tələbə mütənasib olaraq 42 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli B-044-SA-24 saylı avtomobilə dair bağlanılmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 1.740 manat əsas borc, 260 manat dəbbə borcu, həmçinin vurulmuş ziyanın əvəzi kimi avtomobilin təmir xərci 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 manat, cəmi 2.242 (iki min iki yüz qırx iki) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-917/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-917/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver