Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-936/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmli, iddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı «subroqasiya hüququ ilə bağlı pul» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə 29 aprel 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı «subroqasiya» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1263,06 manat sığorta ödənişi məbləği və ödənilmiş 33,03 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış X1 mülkiyyətində olan Bakı ş., Səbail r., Ü.Hacıbəyov küç., ev 37/43, m. 99 saylı mənzilə xx.xx.2023-cü il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhəri Səbail rayonu 4 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında mənzilin mətbəxində su borusu deşilmiş və su axıntısı baş vermişdir. Beləliklə, yuxarıda göstərilmiş X1 mülkiyyətində olan Bakı ş., Səbail r., Ü.Hacıbəyov küç., ev 37/43, m. 99 saylı mənzilə su axması nəticəsində ona məxsus mənzilin dəhlizinin, bir yataq otağı və mətbəxinin tavanı və divarlarına 1515 (bir min beş yüz on beş) manat məbləğində zərər dəymiş və İƏ 012/23 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 1263,06 (bir min iki yüz altmış üç manat, altı qəpik)manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Onu da nəzərinizə çatdırmaq istəyirik ki, sığorta ödənişinin subroqasiya qaydasında geri alınması ilə bağlı "xxxx" ASC-nin əməkdaşları tərəfindən Cavabdeh ilə əlaqə yaradılması mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarında olan Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi ev 37/43, mənzil 99 "xxxx" ASC-də daşınmaz əmlakın icbari sığorta növündə sığortalanmışdır. 11 oktyabr 2023-cü il tarixli 4 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunmuş aktda qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi ev 37/43, mənzil 99-a baxış keçirildi. Məlum oldu ki, mənzil 101-in (Cavabdeh) mətbəxində su borusu deşilmiş və su axıntısı baş vermişdir. Subasma nəticəsində 99 saylı mənzilin mətbəxinin və qonaq otağının tavanı yararsız hala düşmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı və İƏ 012/23 saylı ödəniş aktının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən X1 nümayəndəsi X3 hesabına 1263,06 manat dəymiş zərərin əvəzi kimi pul vəsaiti köçürülmüşdür. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi ev 37/43, mənzil 99 "xxxx" ASC-də daşınmaz əmlakın icbari sığorta növündə sığortalanmışdır. Cavabdehə məxsus eyni ünvanda yerləşən 101 saylı mənzildə su borusunun deşilməsi nəticəsində 99 saylı mənzilə su axıntısı baş vermiş, 99 saylı mənzilə zərrə dəymiş və qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC zərərçəkənə 1263,06 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçı şirkət "xxxx" ASC-də sığortalı olan əmlaka zərər vurulmuşdur. İddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hadisə nəticəsində mənzilə dəyən ziyanın əvəzi olan 1263,06 manat məbləğində pul vəsaitini ödədiyindən iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, yəni 1263,06 manat pul vəsaitinin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia tələbində göstərilmiş pul tələbinin tutulması təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1263,06 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,03 manat pul vəsaiti Cavabdeh alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-936/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-936/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver