Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-99/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əziz Əzizli Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Cüda oğlunun (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı “qeyri -yaşayış sahəsinə ayrıca giriş-çıxış yolunun açılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Cüda oğlu Cavabdeh MMC-yə qarşı “qeyri -yaşayış sahəsinə ayrıca girişin açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami küçəsi, 96 706-cı məhəllədə yerləşən “Dolçasaray Rezidence” adlanan hündürmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 181 kv.m qeyri-yaşayış sahəsinə dair ayrıca girişin açılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami küçəsi, 96 706-cı məhəllədə yerləşən “Dolçasaray Rezidence” adlanan hündürmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 181 kv.m qeyri-yaşayış sahəsini 226250 manata almışdır. Həmin qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Bina tikiləndən sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən ona satılan qeyriyaşayış sahəsinə daxil olmaq üçün ayrıca giriş yoxdur. Dəfələrlə bu barədə cavabdehlə danışıqlar aparılsa da, razılığa gəlinməmiş, nəticədə iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı aldığı əmlakdan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Buna görə də, iddia təmin edilməli, həmin qeyri-yaşayış sahəsinə ayrıca girişin verilməsi cavabdehə həvalə edilməlidir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Cüda oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 16 saylı qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqaviləyə əsasən Bakı şəhəri, Nizami küçəsi 96 706-cı məhəllədə yerləşən binanın 2-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsini 226250 (iki yüz iyirmi altı min iki yüz əlli) manat dəyərində İddiaçı Cüda oğluna satmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021 tarixli N 146-C155 saylı maliyyə arayışına əsasən İddiaçı Cüda oğlu müqavilədə göstərilmiş 189 m2 qeyri-yaşayış sahəsinin tam dəyərin sirkətin kassasına ödəmişdir və şirkətə heç bir borcu yoxdur. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli № 10/8352 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nizami küçəsi 96 706-cı məhəllədə yerləşən Cavabdeh Residence adlanan hündürmərtəbəli binanın 2-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinə faktiki olaraq binanın ümumi pilləkən qəfəsi və lift şaxtası olan hissəsindən ayrıca giriş-çıxış mövcuddur və iddiaçının iddia etdiyi sahədən girişin açılması məsələsinə FHN-nin Tikintidə X2 Agentliyinin müvafiq rəyi alındıqdan sonra baxıla bilər. (aparılmış tədqiqatın dəyəri 100 manatdır) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə daşınar və daşınmaz əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi əsas elemetləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter daşıyır. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə də məhz mülkiyyət hüququnun toxunulmazlığı və ona gətirilən məhdudiyyətin qanuni və mütənasibliyi askpektindən yanaşılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq nəinki əmlak üzərində sərbəst şəkildə sahiblik edib, sərəncam verməyi, həmçinin ondan sərbəst və manəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi ehtiva edir. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, qeyri-yaşayış sahəsi üzərində iddiaçının istifadə və sahiblik hüququ yaranmışdır. Məhkəmənin yerli baxış iclası zamanı binanın ümumi pilləkən qəfəsi hissəsindən ayrıca giriş-çıxışın mövcud olduğu müəyyən edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli № 10/8352 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nizami küçəsi 96 706-cı məhəllədə yerləşən Cavabdeh Residence adlanan hündürmərtəbəli binanın 2-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinə faktiki olaraq binanın ümumi pilləkən qəfəsi və lift şaxtası olan hissəsindən ayrıca giriş-çıxış mövcuddur və iddiaçının iddia etdiyi sahədən girişin açılması məsələsinə FHN-nin Tikintidə X2 Agentliyinin müvafiq rəyi alındıqdan sonra baxıla biləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin məqsədi tikintiquraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin Tikintidə X2 Agentliyi (bundan sonra – Agentlik) və Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirilir. Məhkəmə hesab edir ki, layihədən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ayrıca giriş-çıxış yolunun olduğu müəyyən edilmədiyindən və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən rəy verilmədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizası xərci -100 (yüz) manat İddiaçı Cüda oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, 142595 büdcə təsnifatının kodu) ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizası xərci -100 (yüz) manat İddiaçı Cüda oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, 142595 büdcə təsnifatının kodu) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-99/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-99/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver