Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-993/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X1 13 kompüter üçün 3654 (üç min altı yüz əlli dörd) manat ödənilməmiş hissə, 1074 (bir min yetmiş dörd) manat dəbbə borcu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Milan-Qonaq-TV Stend üçün 77,8 (yetmiş yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 22,2 (iyirmi iki manat iyirmi qəpik) manat dəbbə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Gree kondisioner üçün 800,1 (səkkiz yüz manat 10 qəpik) ödənilməmiş hissə, 234,9 (iki yüz otuz dörd manat.doxsan qəpik) manat dəbbə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 78,63 manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 13 kompüter və Milan- Qonaq - TV Stend, Gree kondisioner almış və nəticədə 5863 (beş min səkkiz yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4314 manat (24 ay x 179.75 manat + 0 manat ilkin ödəniş) olan X1 13 kompüter üçün ümumilikdə, 4728 manat olmaqla ondan, 3654 manat ödənilməmiş hissə, 1074 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 460.8 manat (18 ay x 25.6 manat + 0 manat ilkin ödəniş) olan Milan-Qonaq TV Stend, Gree üçün ümumilikdə, 100 manat olmaqla ondan, 77.8 manat ödənilməmiş hissə, 22.2 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1713.6 manat (24 ay x 71.4 manat + 0 manat ilkin ödəniş) olan TV Stend, Gree kondisioner üçün ümumilikdə, 1035 manat olmaqla ondan, 800.1 manat ödənilməmiş hissə, 234.9 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1956.5 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən X1 13 kompüter və Milan- Qonaq - TV Stend, Gree kondisioner almış və nəticədə 5863 manat borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh qıznını xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən X1 13 kompüter, Milan-Qonaq - TV Stend və Gree kondisioner üçün cəmi 5863 manat məbləğində borcu vardır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən X1 13 kompüter və Milan-Qonaq - TV Stend, Gree kondisioner almış və nəticədə 5863 manat borc yaranmışdır. Cavabdeh qeyd olunan müqavilələr üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən X1 13 kompüter və Milan-Qonaq - TV Stend, Gree kondisioner üçün 5863 manat ödənilməmiş borc tələbi əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehdən 1074, 22.2 və 234.9 manat məbləğində cərimə məbləğlərinin tutulmasına gəldikdə isə məhkəmə bu hissədə iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğlərin müvafiq olaraq 182.7, 3,89 və 40 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 78,63 manat dövlət rüsumunun cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X1 13 kompüter üçün 3654 (üç min altı yüz əlli dörd) manat ödənilməmiş hissə, 182.70 (yüz səksən iki manat yetmiş qəpik) manat dəbbə borcu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Milan-Qonaq-TV STEND üçün 77.8 (yetmiş yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 3,89 (üç manat səksən doqquz qəpik) manat dəbbə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən GREE kondisioner üçün 800,1 (səkkiz yüz manat 10 qəpik) ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 78,63 (yetmiş səkkiz manat altmış üç qəpik) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-993/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-993/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver