Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1126/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında” pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 660 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “CHEVROLET NEXİA MT” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində **-SE-*** dövlət qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.2-ci və 327.6-cı maddələri ilə TP53635449 qərar yazılmışdır. “Nissan Maxima” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 660 manat ödənişi verilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin hüquqşünası X2 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında nümayəndənin iştirakı olmadan mülki işə baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, idarə etdiyi “CHEVROLET NEXİA MT” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində **-SE-*** dövlət qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobili ilə toqquşmuşdur. Lakin həmin toqquşmadan polis idarəsi tərəfindən çağrılan zaman məlumatlı olmuşdur. Hazırda "xxxx" ASC-nin ondan tələb etdiyi məbləği ödəmək qabiliyyətində deyildir, belə ki, o heç yerdə işləmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:13-də Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. iş materiallarında olan PAZ********** saylı xx.xx.2022-ci il tarixli İcbari Sığorta Müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" ASC X3 məxsus, (Cavabdeh idarə etdiyi) “CHEVROLET NEXİA MT” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5000 (beş min) manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən “CHEVROLET NEXİA MT” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək 55000.00 manata sığortalamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 660 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydaların pozmasına görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 660 manat köçürülmüşdür. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 63.1.-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən idarə edilən “CHEVROLET NEXİA MT” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində **-SE-*** dövlət qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobili ilə toqquşmuş və nəticədə cavabdeh avtomobilə 660 manat məbləğində maddi ziyan yetirmiş və hadisə yerindən yayınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ DYPŞ-nə “CHEVROLET NEXİA MT” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bravo marketin qarşısında hərəkətdə olarkən “Nissan Maxima” markalı avtomobilin sol yan güzgüsünə toxunaraq sındırdığını, lakin xəstəxanaya tələsdiyindən hadisə yerindən getməsi barədə izahat vermişdir. Dəymiş ziyan sığorta təşkilatı tərəfindən X1 hesabına 660 manat məbləğində ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında "xxxx" ASC-nə keçdiyindən 660 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Nissan Maxima” markalı **-SE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 660 (altı yüz altmış) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1126/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1126/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver