Məhkəmə qərarları › İş №e-2(010)-1174/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1174/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1174/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 28 dekabr 2022-ci il tarixli MAS-5618 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 yanvar 2024-cü il tarixə 1928.10 manat gecikdirilmiş əsas, həmin günə hesablanmış 46.27 manat dəbbə pulu, ümumilikdə 1974.37 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2022-ci il tarixli, MAS-5618 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17.5% hesablanmaqla 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 427.46 manat, ümumilikdə isə 11969 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 11969 manatın 9769 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5618 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 07 yanvar 2024-cü il tarixə ümumilikdə 1974.37 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən işə iştirakları olmadan baxılaraq iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5618 nömrəli daxili lizinq müqaviləsindən müəyyən olunur ki, lizinq verən “Khazar SD” minik markalı, 2021-ci il buraxılışlı, NVAW01HHFME321400 ban nömrəli, qara rəngli, 99PZ855 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləğini 9769 manat təşkil edir. Lizinq alan müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini ödəmişdir. Yerdə qalan məbləğə 28 ay müddətində, illik 17.5% həcmdə mükafat məbləği hesablanır. xx.xx.2022-ci il tarixli, MAS-5618 nömrəli daxili lizinq müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, müqavilə üzrə əldə olunan əmlak: alqı-satqı qiyməti 9769 manat olan “Khazar SD” minik markalı, NVAW01HHFME321400 ban nömrəli, qara rəngli avtomobil. xx.xx.2022-ci il tarixli, MAS-5618 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər arasında daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli təsdiq edilmiş, cəmi 9769 manat məbləğində olan ödənişin xx.xx.2022 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 427.46 manat (sonuncu ay 427.50 manat) məbləğində ödənilməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus olan “Khazar SD” markalı, 99PZ855 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi Qeydiyyat-İmtahan İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AE N seriyalı, 017391 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Khazar SD” minik markalı, 2021-ci il buraxılışlı, NVAW01HHFME321400 ban nömrəli, qara rəngli, 99PZ855 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin sahibliyindədir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixli, MAS-5618 saylı “Daxili lizinq müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə 1928.10 manat əsas və 46.27 manat cərimə borcu olmaqla, cəmi 1974.37 manat məbləğində borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan (xx.xx.2023-cü il tarixli poçt reyestri) görünür ki, iddiaçı cavabdehə yaranmış borc barədə məlumat verilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6. Mülki qanunvericiliyin prinsipləri. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385. Öhdəlik anlayışı. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 747. Lizinq müqaviləsi. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə lizinq alan kimi üzərinə öhdəliklər götürmüş, bunun əvəzində lizinq obyekti olan avtomobil lizinq verən İddiaçı MMC tərəfindən onun sahibliyinə və istifadəsinə verilmişdir. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, lizinq ödənişlərini vaxtlı-vaxtında ödəməmişdir. Belə olan halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış lizinq müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5618 nömrəli Daxili lizinq müqaviləsinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş “Khazar SD” minik markalı, 2021-ci il buraxılışlı avtomobili muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, sonuncu isə bu müqavilə ilə müəyyənləşdirilmiş lizinq ödənişini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq məbləği 9769 manat təşkil edir. 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Müqavilənin 13.9-cu bəndinə əsasən lizinq verənin lizinq alan tərəfindən öhdəliklər vaxtında və ya lazımi qaydada icra edilmədikdə öhdəliyin icrasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1 və 2.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Lizinq obyektinin lizinq alana keçməsi lizinq alan və lizinq verən arasında bağlanmış mülkiyyət hüququnun keçməsi barədə akt əsasında həyata keçirilir. 9.2-ci bəndinə əsasən müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə (müqavilənin 9.1.4-cü bəndi) lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır. Göründüyü kimi tərəflərin razılaşmasında qanuvericiliyin tələbindən kənar hər hansı razılaşma baş tutmamış və lizinq predmeti iddiaçının müstəsna mülkiyyətindədir və lizinq obyekti üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinq verənə məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək lizinq obyektinin dəyərini tam ödəməmiş və müqavilə şərtlərinə uyğun tərəflər arasında “mülkiyyət hüququnun keçməsi barədə akt” mövcud deyildir. Belə olan halda lizinq obyekti iddiaçının mülkiyyətində olduğundan o, başqasının qeyri-qanuni sahibliyindən əmlakını geri tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin borcun ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin xx.xx.2022-ci il tarixli, MAS-5618 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliyini icra edə bilməməsi səbəbindən istifadəsindən xx.xx.2024-cü il tarixə 1928.10 manat əsas borcunun qalması öz təsdiqini tapdığından məhkəmə iddiaçının əsas borca görə 1928.10 manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair tələbini əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiаçı cаvаbdehdən 46.27 manat məbləğində cərimə tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, bu məbləğdə cərimə hazırkı vəziyyətdə işin hаlların uyğundur və tənаsübsüz surətdə yüksək məbləğ deyildir. Bu səbəbdən cаvаbdehdən tələb edilən dəbbə pulunun məbləği azaldılmamalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, 99PZ855 dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, Cavabdeh xx.xx.2022-ci il tarixli, MAS-5618 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1928.10 manat əsas borc və 46.27 manat dəbbə pulu olmaqla, ümumilikdə 1974.37 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, 99PZ855 dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh 28 dekabr 2022-ci il tarixli, MAS-5618 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 yanvar 2024cü il tarixə 1928.10 manat gecikdirilmiş əsas, həmin günə hesablanmış 46.27 manat dəbbə pulu, ümumilikdə 1974.37 (min doqquz yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat borc və ödənilmiş 100.40 (yüz manat qırx qəpik) dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar