Məhkəmə qərarları › İş №e-2(010)-1183/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1183/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1183/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə ödənilməmiş 840.92 manat əsas, 469.44 manat mükafat və 279.39 manat cərimə, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpası üçün 9489.20 manat olmaqla, ümumilikdə 11078.95 manat borcun və ödənilmiş 123.24 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən, “Chevrolet Cobalt LTZ” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən, lizinq alan illik 16% mükafat məbləği hesablanmaqla, 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543.51 manat, ümumilikdə isə 36.110 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36.110 manatın 25.850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Cobalt” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə xx.xx.2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, avtomobilə 9489.20 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh AZL-263 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə ümumilikdə 1589.75 manat məbləğində gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, İddiaçı MMC tərəfindən ona qarşı yönəlmiş iddia tələbini tam şəkildə, əsas, mükafat və cərimə borcu, eləcə də lizinq obyekti olan nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissələrdə qəbul edir. Belə ki, hadisə baş vermişdir, hadisə vaxtı onun idarə etdiyi maşını arxa hissədən vurmuşlar. Sığorta şirkəti sığorta pulunu iddiaçıya ödəmiş, iddiaçı da həmin məbləği ona vermişdir. Zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirməyə zərurət yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı MMC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış AZL-263 nömrəli daxili lizinq müqaviləsindən müəyyən olunur ki, “Lizinq verən” “Lizinq alan”ın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə göstərilən əmlakı (ban nömrəsi: XWBJA69V9PA078692, tünd boz metal rəngli, “Chevrolet Cobalt LTZ” minik markalı nəqliyyat vasitəsini) muzdla “Lizinq alan”ın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, “Lizinq alan” tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli daxili lizinq müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, əlavənin predmetini tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli daxili lizinq müqaviləsi üzrə əldə olunan əmlakın adı, komplektliyi və dəyəri təşkil edir (ban nömrəsi: XWBJA69V9PA078692, tünd boz metal rəngli, “Chevrolet Cobalt LTZ” minik markalı, 01 ədəd, ümumi qiyməti 25850 manat olan nəqliyyat vasitəsi). xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli daxili lizinq müqaviləsinə 2 saylı əlavədən müəyyən olunur ki, “Lizinq alan” “Lizinq verən” tərəfindən lizinqə verilməsi üçün 25850 manat məbləğində, ban nömrəsi: XWBJA69V9PA078692 olan, tünd boz metal rəngli, “Chevrolet Cobalt LTZ” minik markalı nəqliyyat vasitəsinin satıcı "xxxx" MMC-dən alınmasını xahiş etmiş, həmin minik maşınının şəxsi istifadə üçün lazım olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli daxili lizinq müqaviləsinə 3 saylı əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, daxili lizinq müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2023 – xx.xx.2028-ci il tarixləri arasında hər ay 543.51 manat (sonuncu ay 542.92 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, ban nömrəsi: XWBJA69V9PA078692 olan, tünd boz metal rəngli, “Chevrolet Cobalt LTZ” minik markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli daxili lizinq müqaviləsi üzrə “Lizinq alan”a tam həcmdə, tələb olunan keyfiyyətlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə “Lizinq verən” tərəfindən təhvil verilmiş, tərəflərin heç birinin birbirlərinə qarşı iddialarının olmaması qeyd edilmiş, bu aktın imzalanması ilə lizinq obyekti “Lizinq alan”ın müvəqqəti sahibliyinə verilmiş və bu barədə akta imza edilmişdir. xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan müəyyən olunur ki, İddiaçı MMC-yə məxsus “Chevrolet Cobalt LTZ” minik markalı, **-PY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhvil-təslimi aparılmışdır. xx.xx.2024-cü il tarixli qüsur aktından müəyyən olunur ki, “Chevrolet Cobalt LTZ” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər (işçilik + ehtiyat hissələri + ƏDV) 9489.20 manat məbləğində hesablanmışdır. xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, borclu Cavabdeh İddiaçı MMCyə xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 840.92 manat əsas, 469.44 manat mükafat və 279.39 manat cərimə borcu olmaqla, cəmi 1589.75 manat məbləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli daxili lizinq müqaviləsi üzrə icra edilməmiş öhdəliklər, həmçinin lizinq obyektinə dəymiş zərərin məbləği (9489.20 manat) barədə məlumat verilmiş, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, buraxılış ili 2023-cü il olan, tünd boz metallik rəngli, “Chevrolet Cobalt LTZ” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli, 2737 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən ZBT1501 24 CLM**********41 nömrəli iş nömrəsi ilə bağlı sığorta ödənişi təyinatı üzrə 4710 manat məbləğində sığorta ödənişi İddiaçı MMC-nin hesabına mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən HF 77PY273, AZL-263 sığorta ödənişi təyinatı üzrə 1600 manat məbləğində sığorta ödənişi Cavabdeh hesabına mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən HF 77PY273, AZL-263 sığorta ödənişi təyinatı üzrə 1600 manat məbləğində sığorta ödənişi Cavabdeh hesabına mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən HF 77PY273, AZL-263 sığorta ödənişi təyinatı üzrə 958 manat məbləğində sığorta ödənişi Cavabdeh hesabına mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 123.24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 01 ədəd diskə köçürülmüş video yazının tədqiqi zamanı “Chevrolet Cobalt LTZ” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəyə yarasız vəziyyətdə olması aşkar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda – 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, lizinq verən lizinq alanın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə göstərilən əmlakı (ban nömrəsi: XWBJA69V9PA078692, tünd boz metal rəngli, “Chevrolet Cobalt LTZ” minik markalı nəqliyyat vasitəsini) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında daxili lizinq müqaviləsi bağlandıqdan sonra, həmin müqavilə ilə bağlı xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı tərtib edilmiş, ban nömrəsi: XWBJA69V9PA078692 olan, tünd boz metal rəngli, “Chevrolet Cobalt LTZ” minik markalı nəqliyyat vasitəsi lizinq alana tam həcmdə, tələb olunan keyfiyyətlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə lizinq verən tərəfindən təhvil verilmiş, tərəflərin heç birinin bir-birlərinə qarşı iddialarının olmaması qeyd edilmiş, bu aktın imzalanması ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyinə verilmiş və bu barədə akta imza edilmişdir. İş üzrə cavabdehin müvəqqəti istifadə və sahibliyinə verilmiş “Chevrolet Cobalt LTZ” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə yararsız vəziyyətdə İddiaçı MMC-nin duracağına yerləşdirilmiş və həmin tarixdə avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akt tərtib edilərək müvafiq nəqliyyat vasitəsinin təhvil-təslimi aparılmışdır. Daha sonra nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə aparılmış və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qüsur aktına uyğun olaraq “Chevrolet Cobalt LTZ” minik markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər (işçilik + ehtiyat hissələri + ƏDV) 9489.20 manat məbləğində hesablanmışdır. “Chevrolet Cobalt LTZ” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün ödənilən sığorta ödənişindən İddiaçı MMC tərəfindən müqavilə üzrə müvafiq gecikmə məbləği çıxılaraq cavabdehin hesabına mədaxil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin tələblərinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etirafı edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini və təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Qeyd olunan prosessual normalardan göründüyü kimi, iddianı etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırmalıdır: 1) etirafın qanunauyğun olub-olmamasını, 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmamasını. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərərfindən təsdiq edilir, məhkəmə iddaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, iddianın etiraf edilməsinin qanuna zidd olubolmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli baxımından iddia tələbinin qanuni əsasını qanundan irəli gələn öhdəlik hüquq münasibətlərinə dair mülki hüquq pozuntuları (delikt) üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi və lizinq müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən maddi hüquq normaları təşkil etməsi diqqətdə saxlanılmalı, iddia tələbinin öz-özlüyündə qanuni və əsaslı olması, yəni iddia tələbinin buna müvafiq subyektiv hüququ olan şəxs tərəfindən qaldırılması və iddiaçının tələbinə uyğun gələn maddi hüquq normalarının tapılması iddia tələbinin etirafı ilə bağlı həmin tələbin özünün qanuni və əsaslı olmasına dair hissədə qəbul edilmiş hesab edilməlidir. Tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətləri üzrə öz üzərinə müəyyən olunmuş öhdəlikləri vaxtında və lazımı qaydada icra etməyən, eləcə də müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyektinə zərər vurulmasında təqsiri müəyyən edilən cavabdeh ona qarşı qaldırılan iddia tələbinə cavab verməli şəxs olduğundan, iddia tələbinin etirafı ilə bağlı bu hissənin də qəbul edilməməsi üçün hallar mövcud deyildir. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 123.24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 123.24 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli daxili lizinq müqaviləsi üzrə 840.92 manat əsas, 469.44 manat mükafat və 279.39 manat cərimə məbləği, “Chevrolet Cobalt LTZ” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpası üçün 9489.20 manat olmaqla, ümumilikdə 11078.95 manat məbləğində pul vəsaiti və ödənilmiş 123.24 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, AZL-263 nömrəli daxili lizinq müqaviləsi üzrə 840.92 (səkkiz yüz qırx manat doxsan iki qəpik) manat əsas məbləğ, 469.44 (dörd yüz altmış doqquz manat qırx dörd qəpik) manat mükafat məbləği və 279.39 (iki yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat cərimə məbləği, “Chevrolet Cobalt LTZ” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpası üçün 9489.20 (doqquz min dörd yüz səksən doqquz manat iyirmi qəpik) manat pul məbləği olmaqla, ümumilikdə 11078.95 (on bir min yetmiş səkkiz manat doxsan beş qəpik) manat və ödənilmiş 123.24 (yüz iyirmi üç manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar