Məhkəmə qərarları › İş №e-2(010)-1203/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1203/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1203/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 manat məbləğində vurulmuş zərər və 70 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri “FORD TRANSİT” markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il iyunun 01-də Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “FORD TRANSİT” markalı, **- TJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “X6” markalı, 90-MV-60C dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sabunçu DYPŞ-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu DYPŞ-in C2.C6.2C21ci il tarixli, TP 44C2196 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 4579 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “X6” markalı, **-MV-*** dövlət nömrə nişanlı avtomobillə 5600 manat məbləğində ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. İddiaçı 5000 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə AZEMİS vasitəsi ilə ərizə təqdim edərək, iddianı müdafiə edərək, məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh2 iddia ərizəsinə etirazından görünür ki, yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt o, ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olmuş və hadisə yerindən yayınmamışdır. Xahiş edir ki, aşağıdakı hüquqi mülahizələrə görə iddia tələbim rədd edəsiniz. Belə ki, iş materiallarında cavabdehlərə münasibətdə “İcbari sığortalar haqqında” Qanunun 25 və 63-cü maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin olması barədə sübut yoxdur. O, avto qəza hadisəsinin baş verməsində qətiyyən günahkar deyil və bu DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan da aydın görünür. Yəni onun təqsiri sübuta yetirilməmiş, əksinə, avto qəza hadisəsi X6 markalı **-MV-*** dövlət nömrə nişanlı avtomobilin səhvi tərəfindən törədilmişdir. Belə ki, o, baş yolda hərəkət edərkən, X6 2-ci dərəcəli yoldan çıxaraq onunla toqquşmuşdur. Bundan başqa, "xxxx" ASC iddia tələbini həm ona, həm də X1 qarşı irəli sürsə də, sonuncunun məsuliyyətini siibut edəcək heç bir dəlil ortaya qoymamış, sadəcə öz fikrini “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad etməklə bildirmiş, bununla da maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Yəni, Ə.Bayramovun ona məxsus avtomobilindən istifadə etməsindən xəbəri olduğunu sübut edən heç bir dəlil ortaya qoymamışdır. İddia tələbində vurulmuş zərərə görə məsuliyyəti bilavasitə zərərvuranın daşıdığı barədə qənaətə gəlmiş iddiaçı hansı maddi hüquq normasına əsasən subroqasiya tələbi üzrə pulun hər iki cavabdehdən, yəni sığortalı avtomobilin mülkiyyətçisindən, habelə avtomobili idarə edən şəxs olaraq məndən birgə qaydada tutulduğunu, ümumiyyətlə, əsaslandırmamış, “İcbari Sığortalar haqqında” Qanunun həmin münasibəti tənzimləyən 25.2-ci maddəsinə, ümumiyyətlə, istinad etməmişdir. Ona görə də Məhkəmə iddianın əsasını təşkil etməyən halları (hüquqi faktları) nəzərə alıb iddia tələbini rədd etməlidir. Bundan başqa, İXM-nin 332.1 maddəsinə görə 40 manat məbləğində cərimə olunmağım subroqasiya hüququnun yaranması üçün əsas vermir. Çünki yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs o, deyil, belə ki, o, baş yolda hərəkət edərkən, X6 2-c dərəcəli yoldan çıxaraq onunla toqquşmuşdur. Vurulmuş zərərə görə Xalq Sığorta Şirkətindən pul almış tərəfdir. ’’İcbari Sığortalar haqqında” Qanunun 58.3-1 maddəsinin tələblərinə görə “Sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu Qanunda müəyyən edilmiş qaydada ödənilir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi halda isə, piyadanın vurulması halı istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı subroqasiya hüququ yaranır.” Yəni maddədən göründüyü kimi, bu avto qəza hadisəsində cavabdeh olaraq nə onun, nə də avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi üçün subroqasiya hüququ ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı yaranır. Bu avto qəza hadisəsində təqsirli tərəf X6 maşınını idarə edən şəxs olduğundan, subroqasiya tələbi həmin şəxsə və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya yönəldilməlidir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh1 iddia tələbinə etiraz ərizəsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbi tələbinin rədd edilməsi barədə qətnamə qəbul edəsiniz. Yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt o, maşında olmuşdur. Maşını Cavabdeh2 idarə edirdi, o, maşının sahibidir. Onlar birlikdə şəxsi işi ilə yol gedirdi və maşında oturmuşdur. O və Cavabdeh2 avto qəza hadisəsinin baş verməsində qətiyyən günahkar deyil. Onların maşınının təqsiri sübuta yetirilməmişdir. Əksinə, avto qəza hadisəsi X6 markalı **-MV-*** dövlət nömrə nişanlı avtomobilin səhvi tərəfindən törədilmişdir. Çünki o, baş yolda hərəkət edərkən, X6 2-ci dərəcəli yoldan çıxaraq bizim maşınla toqquşmuşdur. Bundan başqa, "xxxx" ASC iddia tələbini həm ona, həm də Cavabdeh2 qarşı irəli sürsə də, sonuncunun məsuliyyətini sübut edəcək heç bir dəlil ortaya qoya bilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dindirilən Cavabdeh1 iddia tələbinə etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları TP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 332.1-cü maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. PXA seriyalı 88126 saylı sığorta aktından müəyyən olunur ki, X2 “FORD TRANSİT” markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 55000 manata sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə Bakıxanov qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “FORD TRANSİT” markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomaşın “X6” markalı, 90-MV-60C dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. "xxxx" MMC 4579 saylı xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən ümumilikdə 5600.00 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş 4579 saylı xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “FORD TRANSİT” markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobilə 5600.00 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC-nin Cavabdeh2 ünvanladığı bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən ödənilmiş zərər məbləğini məktubu aldıqdan sonra 7 iş günü ərzində ödəməsini, əks təqdirdə, məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının icbari sığortalar haqqında qanunu 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Bu baxımdan məhkəmə hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırki halda Cavabdeh2 sözügedən avtomobili digər Cavabdeh1 razılığı və onun iradə ifadəsinə uyğun olaraq idarə etməsi işin mübahisə olunmayan halıdır. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. (məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il tarixli, 4 saylı Bülletenində İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü bəndinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair sərgilədiyi mövqeyə əsaslanmışdır.) Məhkəmə müəyyən edir ki, Cavabdeh2 avtomobili Cavabdeh1 razılığı və iradəsinə uyğun olaraq idarə edib. Belə ki, bu faktın əksi iş materialları ilə müəyyən edilmir. Beləliklə də məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verərkən sözügedən avtomobili idarə edən Cavabdeh2 həmin avtomobilə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” sayılmayıb və bu səbəbdən də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmamışdır.

Məhkəmənin gəldiyi nəticə. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar