Məhkəmə qərarları › İş №e-2(010)-1208/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1208/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1208/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 584056 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz E220 CDİ markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1dur.

2. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, Cavabdeh2 hadisə zamanı sürücülük hüququ olmuşdur.

3. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Orxan Məmmədov tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 barəsində İXM-nin 327.2-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

4. xx.xx.2021-ci il tarixli MVC0661/21 saylı sığorta aktından görünür ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** NS *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 CDİ markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtomobillərin kompleks sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2021-ci il tarixində TP4357685 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 qanunamüvafiq formada cərimə edilmişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında “tələbin güzəşt edilməsi” barədə müqavilə olduğundan, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmək məqəsdi ilə sığortalı avtonəqliyyat vasitəsi təmir olunması üçün təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 12315,00 manat, təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV- göstərilən xidmətə görə xərc) 2216,84 manat müəyyən edilmişdir. "xxxx" ASCnin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 14532,64 (on dörd min beş yüz otuzikimanat altmış dörd qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir.

5. Zərər aktından görünür ki, hadisə nəticəsində İveco Crealis markalı avtonəqliyyat vasitəsinə dəyən ziyanın məbləği 12.315,80 manat müəyyən edilmiş, həmin məbləğə 18% ƏDV hesablanmaqla ümumi məbləğ 14.532,64 manat müəyyən edilmişdir.

6. xx.xx.2021-ci il tarili ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 13.806,01 manat pul köçürülmüşdür.

7. xx.xx.2021-ci il tarixli “subroqasiya tələbinin güzəşt edilməsi barədə” 172 №-li müqavilədən görünür ki, xx.xx.2020-ci il tarixli MV-C(Q) 00048-20_131 saylı sığorta müqaviləsi üzrə sığortalanmış İveco Crealis markalı **-JH-*** d.q.n. avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixində baş vermiş sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 14532,64 AZN məbləğində sığorta ödənişi həyata keçirilmiş və buna görə də "xxxx" ASC-nin həmin məbləğdə subroqasiya hüququ yaranmışdır. "xxxx" ASC həyata keçirilmiş 14532,64 AZN məbləğində sığorta ödənişinə əsasən malik olduğu subroqasiya hüququnu "xxxx" ASC-yə güzəşt edir.

8. 21.010.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərə bildiriş ünvanlanaraq hadisəyə görə ödənilməli olan məbləğdən 5000 manat sığorta şirkəti tərəfindən ödənildiyindən, 9532,64 manat məbləğin 15 təqvim günü ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 115,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 9/3920 №-li ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Baku Bus” tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq eedilməklə təxminə 8917,0 manat müəyyən edilir.

İşin faktiki halları

11. Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** NS *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 CDİ markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtomobillərin kompleks sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulması, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 14532,64 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına köçürülməsi və "xxxx" ASC-nin subroqasiya hüququnu "xxxx" ASC-yə güzəşt etməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

12. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 14.532,64 manat sığorta ödənişinin, ödənilmiş 115,33 manat dövlət rüsumunun və 0,40 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9532,64 manat sığorta ödənişinin, ödənilmiş 115,33 manat dövlət rüsumunun və 0,40 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları

14. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

15. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

16. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətən də zərər mövcuddur, lakin iddiaçı tərəf həddindən artıq məbləğ tələb edir. Mülki iş üzrə keçirilmiş ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğ daha ağlabatandır. Buna görə də iddia tələbinin qismən, ekspert rəyinə uyğun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər. Maddə 196. Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 936. Subroqasiya hüququ 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməlidir.

20. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarili ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 13.806,01 manat pul köçürülmüş və "xxxx" ASC həyata keçirilmiş 14532,64 AZN məbləğində sığorta ödənişinə əsasən malik olduğu subroqasiya hüququnu "xxxx" ASC-yə güzəşt etmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Bundan əlavə, iş materiallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2021-ci il tarixində TP4357685 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 qanunamüvafiq formada cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir.

21. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, Mercedes Benz E220 CDİ markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 olsa da, Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. Bu səbəbdən iddia tələbi yalnız Cavabdeh2 münasibətdə əsaslıdır.

22. Dəymiş ziyanın məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəf zərər aktında göstərilən məbləğlə razılaşmadığı üçün məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Baku Bus” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8917,0 manat müəyyən edilir.

23. İddiaçının nümayəndəsi Nümayəndə rəy ilə razılaşmayaraq bildirmişdir ki, verilmiş rəydə yalnız ehtiyyat hissələrinə köhnəlmə tətbiq olunmuş, ƏDV (əlavə dəyər vergisi) nəzərə alınmamışdır. İş materiallarından aydın görünür ki tərəflərindən zərərçəkmiş nəqliyyat vasitəsi təmir olunmuşdur. Belə olan halda dəymiş zərərin bərpa olunması üçün çəkilmiş xərclər tam həcmdə ödənilməlidir. Ekspertin rəyi isə ƏDV-ni hesablamadan rəy bildirmişdir. Bundan başqa nəqliyyat vasitəsinə köhnəlmə əmsalının tətbiq edilməsi "Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitəsinin tam sığortası" qaydalarında qeyd olunmuş əsasslarla hesablanmamışdır.

24. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

25. Məhkəmə qeyd olunanlarla bağlı izah edir ki, avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə qaydalar avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün aparılmasının əsaslandığı bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir. Ancaq hazırki halda sığorta şəhadətnaməsi hüquqi şəxslərə təqdim edilən nəqliyyat vasitəsinin sığortalanması ilə bağlıdır. Bununla bağlı sığortaçının könüllü sığorta qaydaları mövcuddur, Mərkəzi bank tərəfindən təsdiqlənib və onların rəsmi saytında da yerləşdirilib. Bu qaydalarda da köhnəlmə əmsalı ilə bağlı müvafiq qeyd-şərt göstərilməmişdir.

26. ƏDV-nin hesablanmaması ilə bağlı hissədə isə məhkəmə qeyd edir ki, hazırki iş üzrə verilmiş rəyə əsasən avtomobilin təmir-bərpa xərci kimi müəyyən olunmuş 8917 manat məbləğin ƏDV-si (8917x18/100=1605,06) hesablanmalı və alınacaq məbləğ yekun ziyan məbləği müəyyən olunmalıdır: 8917+1605,16=10522,06 manat.

27. İş materiallarından görünür ki, dəymiş ziyanla bağlı 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, cavabdehdən tutulmalı olan yekun məbləğ 10522,06- 5000=5522,06 manat təşkil edir.

Məhkəmə xərcləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 48,53 manat hissəsi iddiaçının özünə aid edilməlidir.

31. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə

32. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, Cavabdeh2 5522,06 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Cavabdeh2 5522,06 (beş min beş yüz iyirmi iki manat altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,80 (altmış altı manat səksən qəpik) manat məbləğində pul Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 48,53 (qırx səkkiz manat əlli üç qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar