Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1209/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “KHAZAR SD” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir.
2. xx.xx.2022-ci il tarixli MAS-5347 saylı X1 görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə görə lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 12200 manat təşkil edir. Ödənilən 2200 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 33 ay müddətinə illik 17.5% həcmində mükafat məbləği hesablanır.
3. xx.xx.2022-ci il tarixli, MAS-5347 saylı X2 1 saylı əlavədən görünür ki, lizinqə verilən əmlak 12.200 manat dəyərində “Qara rəngli, “KHAZAR SD” markalı, NVAW01HHFKE160302 ban nömrəli avtomobil olmuşdur.
4. xx.xx.2022-ci il tarixli, MAS-5347 saylı X2 3 saylı əlavədən görünür ki, müqavilə üzrə aylıq ödəniş 383.94 manat, əsas ödənilməli məbləğ 12.200 manat, mükafat məbləği 2.670 manat olmaqla yekun ödənilməli olan məbləğ 14.870 manat olaraq müəyyən edilmişdir.
5. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil verilmişdir.
6. “Qüsur Aktı”ndan görünür ki, “KHAZAR SD” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 3057.60 manat təşkil edir.
7. -Azərmaş MMC servis tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “KHAZAR SD” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılması 3057.60 manat qiymətləndirilmişdir.
8. xx.xx.2023-cü il tarixli, 043 nömrəli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixli MAS-5347 saylı X3 üzrə 485.63 manat əsas borc, 281.18 manat mükafat borcu, 340.59 manat cərimə borcu olmaqla cəmi 1107.40 manat təşkil edir.
9. xx.xx.2022-ci il tarixli, 4635 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
10. İddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş aylıq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən edilir ki, avtomobil qəzalı vəziyyətdə iddiaçıya qaytarılmışdır.
İddia tələbi
11. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əlı̇ yev Kamran Ağa Əmı̇ oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 28 iyun 2022-ci il tarixli, MAS-5347 saylı "Daxili lizinq" müqaviləsi üzrə 485.63 manat əsas borc, 281.18 manat gecikdirilmiş mükafat və 340.59 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan "Khazar SD" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpası üçün tələb edilən 3057.60 manat olmaqla ümumilikdə 4165 manat və iş üzrə ödənilmiş 61.65 manat dövlət rüsumunun tutularaq ödənilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
12. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 747.Lizinq müqaviləsi 747.1 Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1 Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Maddə 748. Lizinq müqaviləsinin subyektləri 748-1.5 Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-7.1 Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
16. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.
17. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında X3 imzalanmış və həmin müqavilə əsasında lizinq obyekti qüsursuz şəkildə müqavilədə nəzərdə tutulmuş şərtlərlə lizin alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İstinad edilən hüquq normalarının tələblərindən aydın olur ki, lizinq obyekti lizinq verənin mülkiyyətində qalmaqla, lizinq alanın istifadə və sahibliyinə təqdim edilir. Lakin, daha sonra həmin lizinq obyekti qəzalı vəziyyətdə lizinq alan tərəfindən lizinq verənə geri qaytarılmışdır. İş materiallarında olan qüsur aktından da göründüyü kimi, lizinq obyektinə dəymiş ümumi ziyan məbləği 3057.60 manat təşkil edir. Məhkəmə iddia tələbini qeyd olunan hissədə tam əsaslı hesab edir. Belə ki, lizinq obyekti olan avtomobil lizinq verənin mülkiyyətidir və lizinq alan tərəfindən həmin avtomobilə ziyan vurulmuşdur. Ona görə də, həmin ziyan məbləği lizinq alandan lizinq verənin xeyrinə tutulmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddia tələbi müqavilə üzrə tələb olunan 485.63 manat əsas borc və 281.18 manat gecikdirilmiş mükafata münasibətdə də tam əsaslıdır. Lakin iddia tələbi müqavilə üzrə tələb olunan 340.59 manat cəriməyə münasibətdə isə qismən əsaslıdır. Belə ki, məhkəmə qeyd edir ki, tələb olunan 340.59 manat məbləğində cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından azaldılmalı və 30 manat məbləğində müəyyən edilməlidir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Odur ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61.65 manat dövlət rüsumunun 58.54 manat hissəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Əlı̇ yev Kamran Ağa Əmı̇ oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 28 iyun 2022-ci il tarixli, MAS-5347 saylı "Daxili lizinq" müqaviləsi üzrə 485.63 manat əsas borc, 281.18 manat gecikdirilmiş mükafat və 30 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan "Khazar SD" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpası üçün tələb edilən 3057.60 manat olmaqla ümumilikdə 3854.41 manat pul və iş üzrə ödənilmiş 61.65 manat dövlət rüsumunun 58.54 manat hissəsi tutularaq ödənilməlidir.
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia qismən təmin edilsin. Cavabdeh Əlı̇ yev Kamran Ağa Əmı̇ oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 28 iyun 2022-ci il tarixli, MAS-5347 saylı "Daxili lizinq" müqaviləsi üzrə 485.63 manat əsas borc, 281.18 manat gecikdirilmiş mükafat və 30 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan "Khazar SD" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpası üçün tələb edilən 3057.60 manat olmaqla ümumilikdə 3854.41 manat pul tutularaq ödənilsin. İş üzrə ödənilmiş 61.65 manat dövlət rüsumunun 58.54 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində "Elektron Məhkəmə İnformaisya Sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.