Məhkəmə qərarları › İş №e-2(010)-1261/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1261/2025

21.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1261/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiаçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 (bundan sonra – “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 338.69 manat borcun (abonent kodu: **********010) və 30 manat dövlət rüsumunun tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət” PHŞ-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh etirazı əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-1261/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən Cavabdeh (abonent kodu: **********010) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvana xx.xx.2022-ci il tarixdə quraşdırılmış CSS-20 markalı, 22102452 nömrəli sayğacın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla, xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 338.69 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

İddia tələbinə etiraz.

4. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi əsassızdır. Belə ki, **********010 nömrə ilə adına qeydə alınmış abonent kodunun aid olduğu Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən torpaq sahəsi xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, X1. Həmin vaxtdan etibarən o, qeyd edilən ünvana sahiblik və istifadə etmir. Göstərilən ünvan digər şəxsin istifadəsindədir. Bu baxımdan istifadəsində olmayan yaşayış sahəsi ilə bağlı ondan tələb olunan borc əsassızdır. Qeyd edilmiş əmlak onun tərəfindən özgəninkiləşdirilməmişdən əvvəl o, ünvana sayğac quraşdıraraq, həmin sayğacı adına qeydə aldırmışdır. Alğı-satqıdan sonra əmlak başqa şəxsin mülkiyyətinə keçsə də, sayğac kodu formal olaraq onun adında qalmışdır.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddianı müdafiə edərək bildirdi ki, xidməti müqavilə məhz iş üzrə Cavabdeh ilə bağlanmışdır. Bu səbəbdən cavabdehin evi başqasına satması onlar üçün bir əhəmiyyət kəsb etmir. Belə ki, onlarla bağlanan müqavilə üzrə istehlakçı cavabdehdirsə, borcu da o ödəməlidir. Artıq həmin ünvan üzrə suyun verilişi dayandırılmışdır. Lakin hələ də heç bir borc ödənişi edilməmişdir. Hansı ki, bu borclar 2021-2022-ci ildən sonra yığılmış borclardır. Ünvan üzrə 2019-2020-ci illər üzrə borc yoxdur. Bu hal təqdim edilmiş abonent kartından da aydın görünür. Hər bir halda hesab edir ki, borc məhz Cavabdeh tutulmalıdır. Çünki müqaviləni kim bağlayıbsa, istifadə edilmiş xidmətin haqqını ödəmək də onun üzərinə düşür. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçının borc yazdığı ünvanı 2019-cu ildə satmışdır. Həmin vaxtdan etibarən həmin ünvanla heç bir əlaqəsi qalmamışdır. Bu səbəbdən hesab edir ki, ünvanda istifadə edilən suya görə borc ondan tutula bilməz.

7. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

8. X3 (Satıcı) və X9 (Alıcı) arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Satıcı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0425 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini (tam hissə, 0.425 ha) “Alıcı”nın mülkiyyətinə verir, Alıcı Satıcıdan satdığı tam hissəni ondan 15000 manata alır. Müqaviləni X3 əvəzinə Cavabdeh imzalamışdır.

9. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış 338.69 manat borc məbləği barədə məlumat verilmiş, həmin borcun 7 iş günü müddətində ödənilmədiyi təqdirdə abonenti olduğu ünvana göstərilən xidmətlərin dayandırılacağı, borcun və xidmətlərin dayandırılmasına görə çəkilmiş xərclərin əvəzinin tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli abonent kartından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Əsgərova küçəsi ünvanında yerləşən 3/C nömrəli fərdi yaşayış evinin abonenti Cavabdeh (abonent kodu – **********010) 40849519 nömrəli müqavilə üzrə ona göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2024-cü il tarixə 338.69 manat məbləğində borcu vardır. Bu borc 2021; 2023 və 2024-cü ildən qalıq borclardır.

İşin faktiki halları.

11. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən ünvan 2 ünvanına su təchizatı sistemindən suyun buraxılması və tullantı suyunun axıdılması xidmətləri göstərilir. Ünvan üzrə abonent **********010 abonent kodu ilə Cavabdehdur.

12. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən həmin ünvana 2021-ci il üzrə 16.79 manat; 2023-cü il üzrə 148 manat; 2024-cü il üzrə 179.9 manat məbləğində xidmətdən istifadəyə görə borc hesablanmışdır.

Tətbiq edilən hüquq.

13. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 1. Əsas anlayışlar. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. məişət abonenti – yaşayış evlərində, mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən fiziki şəxs. Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri.

2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri

1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”.

1. Ümumi müddəalar. 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir; 1.2.2. istehlakçı – STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir.

8. İstehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi. 8.4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. İşin faktiki hallarından görünür ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən ünvan 2 ünvanına su təchizatı sistemindən suyun buraxılması və tullantı suyunun axıdılması xidmətləri göstərilir. Ünvan üzrə abonent isə **********010 abonent kodu ilə Cavabdehdur. Hazırda iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ iddia edir ki, Cavabdeh göstərdikləri xidmət onlar arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsaslanır və cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Cavabdeh iddiaya etirazının əsası isə budur ki, o, iddiaçı tərəfindən su təchizatı xidmətləri göstərilən ünvanı 2019-cu ildə satmışdır və həmin vaxtdan etibarən ünvanda istifadə edilmiş xidmət üzrə borca görə cavabdeh deyil.

17. Məhkəmə iddia tələbinin əsasını tərəflər arasında bağlandığı iddia olunan xx.xx.2019-cu il tarixli müqavilənin təşkil etdiyini nəzərə alaraq, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə məhkəmə icraatının gedişində iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş bu müqavilə iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Əvvəla, ona görə ki, müqavilədə su təchizatı və tullantı suların axıdılması ilə bağlı xidməti göstərən müəssisə kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin adı göstərilmişdir. Halbuki müqavilənin bağlandığı iddia olunan tarixdə həmin PHŞ hələ təşkil edilməmişdi və "xxxx" ASC adı altında fəaliyyət göstərirdi. Belə ki, sözügedən PHŞ “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanı əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmışdır. Dolayısı ilə hələ 2019-cu ildə kağız daşıyıcı üzərində bağlanmış müqavilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ adından bağlana, həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənə bilməzdi. Bundan əlavə, müqavilədə istehlakçı kimi Cavabdeh adı qeyd edilsə də, müqavilə istehlakçı tərəfindən imzalanmamışdır.

18. Bu baxımdan məhkəmə tərəflər arasında su təchizatı və tullantı suların axıdılması ilə bağlı etibarlı müqavilə olmadığı nəticəsinə gəlir. Bununla belə, məhkəmə yuxarıda istinad edilmiş “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə istinadla qeyd edir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

19. Hazırkı işdən göstərilən ünvana 2019-cu ilin fevral ayından sayğac quraşdırıldığı və həmin vaxtdan su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadə edildiyi, istifadə edilən xidmətlərə görə müəyyən ödənişlər edildiyi görünür. Lakin bu xidmətlərdən istifadə edənin məhz Cavabdeh olması məhkəmə araşdırması nəticəsinə sübuta yetirilməmişdir. Belə ki, cavabdeh 2019-cu ilin oktyabr ayında həmin əmlakı satdığını, o vaxtdan etibarən əmlakla heç bir əlaqəsi qalmadığını, dolayısı ilə ünvan üzrə istehlakçının özü olmadığını bildirmiş, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir.

20. İş materiallarında olan abonent kartından görünür ki, ünvan üzrə 2019 və 2020-ci illərdə göstərilmiş xidmətlərə görə heç bir qalıq borc qalmamış, yaranmış borc həmin tarixdən sonrakı istehlakla əlaqədar ödənilməmiş borc olmuşdur. Lakin həmin borcun yaranmasına səbəb olan istehlakın cavabdeh tərəfindən həyata keçirildiyi sübuta yetirilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik yaradan etibarlı müqavilə məhkəməyə təqdim edilmədiyindən və buna görə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin ödənilməsi öhdəliyi yalnız həmin xidmətlərdən istifadə (istehlak) faktına əsaslandığından, belə bir fakt isə məhkəmə araşdırması gedişində sübuta yetirilmədiyindən iddia təmin edilə bilməz.

Məhkəmə xərcləri.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.1-ci maddəsinə müvafiq olaraq, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

23. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiаçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiаçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar