Məhkəmə qərarları › İş №e-2(010)-1286/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1286/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1286/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi ilə, Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən hüquq müəyyənedici sənədin – xx.xx.1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportun xx.xx.1996-cı ildə ölmüş nənəsi X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, vərəsə qismində onun müraciəti ilə bağlı miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə), mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 23 saylı Notariat Ofisində xx.xx.1996-cı ildə ölmüş nənəsi X7 vərəsəlik işi açılmışdır. Vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Notariusa təqdim etdiyi sənədlərdə miras qoyan X7 adına ölüm haqqında şəhadətnamədə adı “Rəviyə”, yaşayış yeri üzrə yazılmış arayışlarda “Rəviyə”, nənəsi tərəfindən onun adına qoyulmuş vəsiyyətnamədə “Raviyə”, miras qoyulmuş evin “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportda rus dilində “Rabiya” kimi göstərilmişdir. Notarius bildirmişdir ki, miras qoyanın adındakı hərflərdə mövcud olan uyğunsuzluq aradan qaldırıldıqdan sonra məsələnin həlli mümkün olacaqdır. O, miras qoyanın “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportda rus dilində yazılmış “Rabiya” adının azərbaycan dilində “Rəviyə” adına, nənəsi tərəfindən onun adına qoyulmuş vəsiyyətnamədə “Raviyə” adını “Rəviyə” düzəliş edilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin dövlət reyestri xidmətinin rəisinə sorğular vermişdir. Bu təşkilatlardan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin dövlət reyestri xidməti ona cavab verərək, Əhalinin dövlət reyestri xidmətinin avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində məlumatın olmadığı, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi DƏDRX-nın aidiyyəti idarəsinə müraciət etməli olduğu barədə cavab vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğuya verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-50/-M0025-8/**********8819 saylı cavab məktubunda “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X10 məxsus olmasına dair” arayışın verilməsindən imtina edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, ona vəsiyyət üzrə miras qoymuş, xx.xx.1996-cı ildə ölmüş nənəsi X7 adına olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportda” onun adının rus dilində “Rabiya” yazılması (azərbaycan dilində “Rəbiyə”) olması səbəbindən onun mülkiyyətinə verilməli olan əmlaka hüququnu həyata keçirmək üçün rəsmiləşdirmə işlərini yerinə yetirə bilmir. Belə olan halda, o, qoyulmuş vəsiyyətnamə əsasında vərəsəlik şəhadətnaməsi ala bilmir. Göstərilən səbəblərdən, X7 “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportda rus dilində “Rabiya” (azərbaycan dilində “Rəbiyə”) kimi göstərilmiş adının “Rəviyə” adına düzəliş edilməsi zəruridir və düzəliş edilməlidir. X7 əsl adının “Rəviyə” olduğunu, onun “ölüm haqqında şəhadətnaməsi”ndə adının “Rəviyə” kimi yazılması, onun (Rəviyənin) qızı X2 (kiril əlifbası ilə “X22 Aqa kızı” kimi yazılıb) adına xx.xx.1940-cı il tarixli, AA seriyalı, 181615 saylı “doğum haqqında şəhadətnaməsi”ndə anasının adının kiril əlifbası ilə “Rabiya” deyil “Raviya”, yəni azərbaycan dilində Rəviyə kimi yazılması təsdiq edir. Nəzərə alınmalıdır ki, həmin şəhadətnamədə Şəfiqənin atasının adı “Mamed”, soyadı “Rustamov” yazılsa da, onun adı bugünkü azərbaycan reallığında “Məmməd Rüstəmov”dur. Hətta şəhadətnamədə Şəfiqənin öz adı da “Şafiqa Rustamova” kimi yazılmışdır. Bundan əlavə, miras qoyanın əsl adının “Rəviyə” olduğunu təsdiq edən şahidlər məhkəməyə təqdim olunacaqdır. Cəmiyyətdə hamıya məlumdur ki, dövlət SSRİ tərkibində olduğu zaman da insan adlarının yazılışında bu kimi çoxsaylı səhv yazılışlara (yanlışlıqlara) yol verilmişdir. Bu kimi səhvlərin məhkəmə mühakimə icraatında düzəldilməsi çox vacibdir. Bir qədər zaman keçdikdən sonra cəmiyyətdə kiril əlifbası da unudulacaq və vətəndaşların bu kimi problemlərini həll etmək müşkül məsələyə çevriləcək.

Tərəflərin izahatları.

3. Ərizəçi məhkəmənin hazırlıq iclaslarında iştirak edərək ərizəni müdafiə etmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

5. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.1963-cü il tarixdə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportun surətindən görünür ki, Bakı şəhəri, Orconikidze rayonu (indiki ünvan 4 ünvanında yerləşən 3 nömrəli ev Qasımova Rabiyaya məxsusdur.

7. Ərizəçi tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, nənəsi X6 ona miras qalmış evin “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” pasportunda rus dilində “Rabiya” (Rəbiyə) adında “b” hərfinin digər sənədlərdə göstərildiyi kimi “v” hərfinə düzəliş edilməsi, yəni “Rabiya” adının “Rəviyə” kimi oxunması xahiş edilmişdir.

8. Ərizəçi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin dövlət reyestri xidmətinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, 1915-ci ildə doğulmuş, xx.xx.1996-cı il tarixdə ölmüş nənəsi X7 doğum haqqında şəhadətnaməsinin surətinin, bu mümkün olmadıqda onun soyadının, adının, atasının adının dəqiq göstərilməklə reyestrdən çıxarış təqdim edilməsi xahiş edilmişdir.

9. Ərizəçi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən, 3 nömrəli mənzilin nənəsi, xx.xx.1996-cı il tarixdə ölmüş X10 məxsus olmasına dair arayış verilməsi xahiş edilmişdir.

10. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 851 nömrəli arayışdan görünür ki, 1915-ci il təvəllüdlü X12 vəfat edən günədək (xx.xx.1996) Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 9, ev 3 ünvanında qeydiyyatda olmuşdur.

11. ünvan 7 Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 228 nömrəli məktubdan görünür ki, mərhum X10 məxsus olan əmlaklar barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ya onun dublikatının (təkrarın) sorğunu təqdim etmiş şəxs vasitəsilə (Ərizəçi) Bakı şəhəri 23 saylı Notariat Ofisinə göndərilməsi xahiş edilmişdir.

12. Bakı şəhəri Suraxanı rayon Bülbülə qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində “ürək fəaliyyətinin dayanması” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 90 nömrə ilə qeyd edilmişdir.

13. xx.xx.1993-cü il tarixli vəsiyyətnamədən görünür ki, X14 vəfat edəcəyi gün ona məxsus olan bütün əmlakını harada və nədə ifadə olunmasına baxmayaraq, o cümlədən ünvan 8 ünvanında yerləşən 3 nömrəli evini Ərizəçi vəsiyyət etmişdir.

14. Bakı şəhəri Orconikidze rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası X18, anası X20 ağa qızı) olmaqla xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydlri kitabında xx.xx.1967-ci il tarixdə 1419 nömrə ilə qeydiyyat aparılmışdır.

15. Orconikidze rayon ZAQS Şöbəsi tərəfindən xx.xx.1946-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ağa (atası X21, anası X15) xx.xx.1940-cı il tarixdə Bakı şəhərində doğulmuşdur.

İşin faktiki halları.

16. Ərizəçi xx.xx.1996-cı il tarixdə vəfat etmiş X7 nəvəsidir. Belə ki, ərizəçinin anası X1 Qasımovanın qızıdır.

17. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.1963-cü il tarixdə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportda Bakı şəhəri, Orconikidze rayonu (indiki ünvan 4 ünvanında yerləşən 3 nömrəli evin Qasımova Rabiyaya məxsus olduğu qeyd edilmişdir.

18. 10 nömrəli Bakı şəhər Dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.1993cü il tarixli vəsiyyətnamədə X8 özünə məxsus ünvan 8 ünvanında yerləşən 3 nömrəli evini Ərizəçi vəsiyyət etdiyi qeyd edilmişdir.

19. xx.xx.2022-ci il tarixdə Ərizəçi notarial qaydada təsdiq edilmiş ərizə ilə notariat ofisinə müraciət edərək, nənəsi X6 miras qalmış əmlakla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri 23 saylı notariat ofisi mərhum X6 miras qalmış əmlakla bağlı vərəslik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Buna səbəb kimi mərhumun adına heç bir hüquqmüəyyənedici sənədin təqdim edilməməsi göstərilmişdir.

Tətbiq edilən hüquq.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

21. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi.

22. İşin faktiki hallarından göründüyü kimi, Ərizəçi xx.xx.1996-cı il tarixdə vəfat etmiş X7 nəvəsidir. Ərizəçinin nənəsinin ölümünü təsdiq edən sənəddə adı X4 yazılsa da, mərhumun sağlığında notariat qaydasında tərtib edilmiş vəsiyyətnamədə miras qoyan kimi X8 adı qeyd edilmiş, sonuncunun özünə məxsus ünvan 8 ünvanında yerləşən 3 nömrəli evini Ərizəçi vəsiyyət etdiyi qeyd edilmişdir. Lakin Ərizəçi həmin vəsiyyətnamə əsasında vərəsəlik şəhadətnaməsi əldə edə bilmir. Ona görə ki, mərhum X7 adına heç bir hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi notarius tərəfindən bildirilir. İş materiallarından isə görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.1963-cü il tarixdə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportda Bakı şəhəri, Orconikidze rayonu (indiki ünvan 4 ünvanında yerləşən 3 nömrəli evin Qasımova Rabiyaya məxsus olduğu qeyd edilmişdir.

23. Məhkəmə hesab edir ki, sənədlərdəki bu adla bağlı uyğunsuzluq ərizəçinin nənəsinin adının kiril əlifbası ilə yazılışından qaynaqlanmışdır. Belə ki, mərhum X7 adı “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportda “Rabiya” kimi, vəsiyyətnamədə isə “Raviyə” kimi qeyd edilmişdir. Belə görünür, Rəviyə Qasımovanın pasportdakı adının yazılışı zamanı kiril əlifbası ilə “в” hərfi əvəzinə görünüşcə ona bənzər olan “б” hərfindən istifadə edilmişdir. Məhkəmə ona görə bu qənaətə gəlmişdir ki, iş materiallarında olan sənədlər “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportun məhz X10 məxsus olduğu nəticəsinə gəlməyə imkan verir. Belə ki, Rəviyə Qasımovanın sağlığında – 1993-cü ildə özünə məxsus həmin küçədə yerləşən 3 nömrəli evi nəvəsi Ərizəçi vəsiyyət etdiyini göstərən vəsiyyətnamə mövcuddur. Bundan əlavə, Ərizəçi hazırda ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

24. Eyni zamanda, nəzərə alınmalıdır ki, sözügedən pasport hüquq müəyyənedən sənəddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar (1.11) da daxil edilmişdir. Dolayısı ilə bu pasport ərizəçinin nənəsinin əmlak üzərindəki mülkiyyət hüququnu təsdiq edən sənəddir. Bu səbəbdən məhkəmə hazırda təsdiq edilməsi xahiş edilən faktı hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirir və hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, bu faktın təsdiq edilməsi üçün kifayət qədər əsas mövcuddur. Odur ki, ərizə təmin edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.1963-cü il tarixdə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportun X10 məxsus olması müəyyən edilməlidir.

26. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.1963-cü il tarixdə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” pasportun mərhum X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar