Məhkəmə qərarları › İş №e-2(010)-1361/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1361/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1361/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh müqavilə üzrə 469.59 manat qalıq borcu, 164,41 manat cərimə borcu olmaqla, cəmi 634 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması. Suraxanı rayon məhkəməsinin 24.02.2022-ci il tarixli qərardadı ilə iddiaçı "Optimal Elektronika” MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin dəlilləri İddiaçı ilə cavabdeh arasında bağlanmış 21.04.2020 ci il tarixli, ONSK02297saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 563.59 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 469.59 manat təşkil edir. Borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 822.03 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 164.41 manat təşkil edir. Tərəflərin izahatları İddiaçı «Optimal Elektronika” MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında gösərdi ki, iddianı qəbul etmir. Belə ki, o, İddiaçı MMC-dən müqavilə əsasında aldığı telefonu 15-17 gündən sonra istifadəyə yararsız oldu, telefonu elektrik enerjisini yığmırdı. Həmin telefonu dəyişmək üçün iddiaçıya müraciət etdikdə, iddiaçı telefonu dəyişməkdən imtina etdi, iddiaçı ona servis xidmətinə müraciət etməsi məsləhət görmüşdü. Servis xidmətində ona deyildi ki, telefonu zəmanətli təmir etmək mümkün olmayacaq, çünki telefona su keçib, telefon düzgün istifadə edilməyib. O da razılaşmadığından mobil telefonu orada qoyaraq götürməmişdir. İş materiallarına əlavə edilmiş: 21.04.2020 ci il tarixli, ONSK02297saylı Müddətli (Nisyə) nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən «Optimal Elektronika” MMC X1 8 64GB markalı mobil telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 563,59 manat ödəməyi öhdəsinə götürmüşdür. «Optimal Elektronika” MMC tərəfindən tərtib edilmiş 25.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh «Optimal Elektronika” MMC-yə 469,59 manat əsas borc, 164,41 manat cərimə borcu olmaqla, ümumilikdə 634 manat məbləğində borcu vardır. «Optimal Elektronika” MMC-nin bildirişindən görünür ki, «Optimal Elektronika” MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 563.59 manat olan özünə məxsus X1 8 64GB markalı mobil telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 43 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin sözügedən müqavilə üzrə 469,59 manat əsas, 164,41 manat cərimə olmaqla cəmi 634 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin X1 8 64GB markalı mobil telefonda qüsurların yaranması səbəbindən ödənişləri etməməsinə dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından cavabdehin tərəflər arasında bağlanmış olan müqavilənin ləğvinə dair tələblə müraciət etməsi və müqavilənin ləğv edilməsi müəyyən olunmur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 164,41 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 5 (beş) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21.04.2020 ci il tarixli, ONSK02297saylı Müddətli (Nisyə) nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 469,56 (dörd yüz altmış doqquz manat əlli altı qəpik) manat, cərimə borcuna görə 5 (beş) manat olmaqla, ümumilikdə 474,59 (dörd yüz yetmiş dörd manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21.04.2020 ci il tarixli, ONSK02297saylı Müddətli (Nisyə) nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 469,56 (dörd yüz altmış doqquz manat əlli altı qəpik) manat, cərimə borcuna görə 5 (beş) manat olmaqla, ümumilikdə 474,59 (dörd yüz yetmiş dörd manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat alınaraq iddiaçı «Optimal Elektronika” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar