Məhkəmə qərarları › İş №e-2(010)-1371/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1371/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1371/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2022-ci il tarixli ALY-1379 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, "xxxx" minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA050124 ban, 0733 mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 18% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla, 492,03 manat, ümumilikdə isə 26917 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan "xxxx" minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 noyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə heç bir ödəniş olunmayıb. Cavabdeh ALY-1379 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 noyabr 2022-ci il tarixə 485,17 manat gecikdirilmiş əsas, 498,89 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 353,69 manat dəbbə pulu, cəmi 1337,75 manat borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab olunur ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Daxili lizinq müqaviləsi və “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3% hesanlanmaqla cərimə ödəyir. Daxili Lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili Lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhviltəslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Daxili lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir.

İddiaçının tələbi.

2. İddiaçı MMC ilə bağlanmış 26 avqust 2022-ci il tarixli ALY-1379 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi; Cavabdeh 26 avqust 2022-ci il tarixli ALY-1379 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 noyabr 2022-ci il tarixə 485,17 manat gecikdirilmiş əsas, 498,89 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 353,69 manat dəbbə pulu, ümumilikdə 1337,75 manat borc və ödənilmiş 33,78 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. Lizinq verən Azərmaş MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1379 saylı daxili lizinq müqaviləsindən müəyyən olunur ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müqavilə üzrə lizinq ödənişlərini icra etməyi öhdəsinə götürmüşdür.

6. Daxili lizinq müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, bu lizinq müqaviləsinin əsas məbləğini 20050 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3300 manat məbləğində lizin ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür, ödənilmiş 3400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 18% həcmində müvafiq mükafat məbləği hesablanır.

7. Daxili lizinq müqaviləsinin 7.2-ci bəndindən müəyyən olunur ki, gecikdirilən lizinq ödənişləri məbləğinə 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir.

8. xx.xx.2022-ci il tarixli ALY-1379 saylı daxili lizinq müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək olan dövr ərzində əsas məbləğə görə 20050 manat, faiz məbləğinə görə 6867 manat olmaqla cəmi 26917 manatı Azərmaş MMC-yə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

9. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, "xxxx" minik markalı **-PD-***dövlət qeydiyyat nişanlı avtomobil Azərmaş MMC-tərəfindən Cavabdeh təhvil verilmişdir.

10. xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı MMC-yə məxsus "xxxx" minik markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobilin təhvil-təslimini apararkən avtomobildə heç bir pul, digər qiymətli əşyalar və qüsurun aşkar olunmadığı qeyd edilmişdir.

11. xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, "xxxx" minik markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobilə servis mərkəzində tekniki baxış zamanı heç bir qüsur aşkar olunmamışdır.

12. Azərmaş MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli ALY-1379 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsini, müqavilə üzrə borcun ödənilməsini təklif etmişdir.

13. Azərmaş MMC-nin xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ALY-1379 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 485,17 manat, mükafat borcuna görə 498,89 manat, cəriməyə görə 353,69 manat olmaqla cəmi 1337,75 manat borcu vardır.

14. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 33.38 manat məbləğində dövlət rüsumu və dövlət rüsumu ödənilməsinə görə 0,40 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 33,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

15. İddiaçı MMC və Cavabdeh arasında lizinq müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-2. Lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Maddə 748-1.12. Lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Belə ki, cavabdeh lizinq müqaviləsi əsasında lizinq məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş mükafat məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

20. Göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi əsasında onların birinin digəri qarşısında müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır.

21. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər.

22. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin xx.xx.2022-ci il tarixli, ALY-1379 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliyini icra edə bilməməsi səbəbindən istifadəsində olan lizinq predmetini iddiaçıya təhvil verməsi, Azərmaş MMC-yə əsas borca görə 485,17 manat, mükafata görə 498,89 manat borcunun qalması öz təsdiqini tapdığından məhkəmə iddiaçının əsas borca görə 485,17 manat, mükafata görə 498,89 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına, daxili lizinq müqaviləsinin ləğv edilməsinə dair tələblərini əsaslı hesab edib təmin edir.

23. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə borcunun borclunun borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.)

24. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən 10 manat, tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir.

26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

27. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 33,38 manat məbləğində dövlət rüsumu və dövlət rüsumu ödənilməsinə görə 0,40 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 33,78 manat məbləğində dövlət rüsumu ödəmişdir.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 33,78 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2022-ci il tarixli, ALY-1379 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, həmin müqaviləyə əsasən Cavabdeh 485,17 manat əsas borc, 498,89 manat mükafat, 10 manat dəbbə borcu olmaqla, cəmi 994,06 məbləğində pul vəsaiti və 33,78 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2022-ci il tarixli, ALY-1379 nömrəli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 26 avqust 2022-ci il tarixli, ALY-1379 nömrəli daxili lizinq müqaviləsi üzrə 485,17 manat əsas borc, 498,89 manat mükafat, 10 manat dəbbə pulu olmaqla, cəmi 994,06 (doqquz yüz doxsan dörd manat altı qəpik) məbləğində pul vəsaiti və 33,78 (otuz üç manat yetmiş səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar