Məhkəmə qərarları › İş №e-2(010)-1375/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1375/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1375/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 28 aprel 2021-ci il tarixli MAS-3661 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF521286 ban nömrəli, göy rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh 28 aprel 2021-ci il tarixli MAS- 3661 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə görə 17 yanvar 2022-ci il tarixə 2232,69 manat gecikdirilmiş əsas, 432,77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 684,34 manat dəbbə pulu, ümumilikdə 3349,80 manat borc və ödənilmiş 53,90 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2021-ci il tarixli MAS-3661 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF521286 ban nömrəli, göy rəngli avtomobil 6480 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 19 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 391,41 manat, ümumilikdə isə 7437 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 7437 manatın 6480 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 01 sentyabr 2021-ci il tarixdə 320 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 28 aprel 2021-ci il tarixli MAS-3661 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 yanvar 2022-ci il tarixə 2232,69 manat gecikdirilmiş əsas, 432,77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 684,34 manat dəbbə pulu, ümumilikdə 3349,80 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş 28.04.2021-ci il tarixli MAS-3661 saylı daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF521286 ban nömrəli, göy rəngli avtomobil 6480 manat məbləğinə müvəqqəti lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş 28.04.2021-ci il tarixli Lizinq Obyektinin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR LX” minik markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF521286 ban nömrəli, göy rəngli avtomobil Cavabdeh təhvil verilmiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş daxili lizinqi müqaviləsi üzrə gecikdirilmiş lizinq ödənişlərinin və dəymiş zərərin ödənilməs barədə xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən yaranmış borcun və cərimənin ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarında olan 24.01.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan müqavilə üzrə ödənişlər üzrə borc qalığı 2232,69 manat gecikdirilmiş əsas, 432,77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 684,34 manat dəbbə pulu, ümumilikdə 3349,80 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin məcəllənin 748-1.12-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin məcəllənin 748-2.1-ci maddəsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin məcəllənin 748-2.3-cü maddəsinə əsasən, Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 28.04.2021-ci il tarixli MAS-3661 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC cavabdehə mülkiyyətində olan “KHAZAR LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF521286 ban nömrəli, göy rəngli avtomobil 6480 manata lizinqə verilmişdir. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladıqları müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə, İddiaçı MMC ona qarşı iddia tələbi irəli sürərək iddia tələbində cavabdehin cəmiyyətə olan müqavilə üzrə lizinq predmeti olan MAS-3661 saylı, 28.04.2021-ci il tarixli Daxili lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 2232,69 manat gecikdirilmiş əsas, 432,77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 684,34 manat dəbbə pulu, ümumilikdə 3349,80 manat borc və ödənilmiş 53,90 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı MMC-nin iddiasının 28.04.2021-ci il tarixli MAS-3661 saylı daxili lizinqi müqaviləsi üzrə 684,34 manat məbləğində cərimə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək cərimə pulu azaldılmalı və cavabdehdən cərimə olaraq 100 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən və cavabdeh tərəfindən əsas borc üzrə qismən ödənişlər edildiyindən iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28.04.2021-ci il tarixli MAS-3661 saylı Daxili lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF521286 ban nömrəli, göy rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalıdır. Cavabdeh 28.04.2021-ci il tarixli MAS-3661 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən ödənilməmiş lizinq ödənişləri üzrə 2232,69 manat gecikdirilmiş əsas, 432,77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100 manat dəbbə pulu, ümumilkdə 2765,46 manat və 53,90 (əlli üç manat, doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28.04.2021-ci il tarixli MAS-3661 saylı Daxili lizinq müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF521286 ban nömrəli, göy rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh 28.04.2021-ci il tarixli MAS-3661 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən ödənilməmiş lizinq ödənişləri üzrə 2232,69 manat gecikdirilmiş əsas, 432,77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100 manat dəbbə pulu, ümumilkdə 2765,46 (iki min yeddi yüz altmış beş manat, qırx altı qəpik) manat və 53,90 (əlli üç manat, doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar