Məhkəmə qərarları › İş №e-2(010)-1426/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1426/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1426/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 11 mart 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********93528 Samsung galaxy A 10 markalı telefon, Samsung EO markalı qulaqlıq üçün 124.4 manat ödənilməmiş hissə, 12.6 manat cərimə; 13 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Toshiba Ras markalı kondisioner üçün 1045.3 manat ödənilməmiş hissə, 104.7 manat cərimə, cəmi 1287 manat borc və 32.87 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11 mart 2020-ci il və 13 iyun 2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********93528 Samsung Galaxy A10 markalı telefon, Samsung EO markalı qulaqlıq və Toshiba Ras markalı kondisioner almış və nəticədə 1287 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11 mart 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 404.4 manat (12 ay x 33.7 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********93528 Samsung Galaxy A10 markalı telefon, Samsung EO markalı qulaqlıq üçün ümumilikdə 137 manat olmaqla ondan, 124.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt oluanaraq 12.6 manat cərimə; 13 iyun 2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1693.8 manat (18 ay x 94.1 manat + 0 manat ilkin ödəniş) Toshiba Ras markalı kondisioner üçün ümumilikdə 1150 manat olmaqla, ondan 1045.3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 104.7 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 928.5 manat təşkil edir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, cavabdehlərlə bağlanmış müqavilələrdə göstərilmiş əşyaların hər biri cavabdehə təhvil verilmişdir. Hansı ki, cavabdeh özü də əvvəlki məhkəmə iclasında iştirak etmiş, iddianı əsas borca münasibətdə qəbul etdiyini bildirmişdir. Cavabdeh iddianı yalnız cərimə hissəsində qəbul etməmişdir ki, onsuz da icra mərhələsində cərimə hissəsi çox vaxt güzəşt edilir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh məhkəməyə ərizə verərək, iddianı qismən qəbul etdiyini bildirmiş, ondan tələb edilən əsas borca etirazı olmadığını, cəriməni isə qəbul etmədiyini qeyd etmişdir. Cavabdeh hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.03.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 11.03.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişlərin 12.04.2020-12.03.2021-ci il tarixləri arasında hər ay 33.7 manat olmaqla ödənilməsi təsdiq edilmişdir. 11.03.2020-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.06.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 13.06.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişlərin 15.07.2020-15.12.2021-ci il tarixləri arasında hər ay 94.1 manat olmaqla ödənilməsi təsdiq edilmişdir. 13.06.2020-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. 04.02.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh bütün müqavilələr üzrə borcundan cəmi 928.5 manat ödəmiş, 1169.7 manat əsas borca görə ödənilməmiş məbləğ, 117.3 manat cərimə olmaqla, cəmi 1287 manat məbləğində borcu qalmışdır. 25.01.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu və borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. İşin faktiki halları. Cavabdeh iddiaçı "xxxx" MMC-dən 11.03.2020-ci il tarixli və 13.06.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən müxtəlif dəyərli mallar almış, aldığı malların pulunu ödəniş cədvəlinə uyğun olaraq hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, hər iki müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən iddiaçı "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müqavilələr üzrə ödənilməmiş əsas borcu və hesablanmış cəriməni Cavabdeh tələb etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı qəbul etmiş, cavabdeh isə iddianı qismən – əsas borca münasibətdə qəbul etmiş, tələb edilən cərimə ilə razılaşmadığını bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır. Çünki iddiaçı bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə göstərilən əşyaları borcluya vermişdir. Borclu isə bu müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alğı-satqı müqavilələrinin hər biri üzrə ödənilməmiş əsas borc tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olsa da dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən iki müqavilə üzrə cəmi 117.3 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Məhkəmə qeyd edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn iddiaçının ümumi mаrаğı cavabdehin mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin 13.06.2020-ci il tarixli müqavilə üzrə azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi məqsədəuyğundur. Digər müqavilə üzrə tələb edilən cərimə isə işin hallarına uyğundur. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 32.87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin məbləğ iddianın qiymətinə uyğun olmuşdur. Hazırda isə məhkəmə tərəfindən iddia qismən təmin edilmişdir. Belə olan halda ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi (31.92 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11.03.2020-ci il və 13.06.2020-ci il tarixli müqavilələrə əsasən, cəmi 1169.7 manat məbləğində əsas borc və 22.6 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1192.3 manat (min yüz doxsan iki manat otuz qəpik) məbləğində borc və 31.92 manat (otuz bir manat doxsan iki qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11.03.2020-ci il və 13.06.2020-ci il tarixli müqavilələr üzrə cəmi 1169.7 manat məbləğində əsas borc və 22.6 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1192.3 manat (min yüz doxsan iki manat otuz qəpik) məbləğində borc pul və 31.92 manat (otuz bir manat doxsan iki qəpik) məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar