Məhkəmə qərarları › İş №e-2(010)-148/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-148/2025

15.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-148/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000,0 (altı min) manat məbləğində kompensasiya ödənilməklə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus mübahisəli ünvan 5 (daşınmaz əmlakın ümumi sahəsi 87.0 kv. m, torpaq sahəsinin ölçüsü 0.018 ha) mənzildən istifadə hüququna xitam verilərək Cavabdeh mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ərizə təqdim edərək, 9000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”a əsasən ünvan 1 (daşınmaz əmlakın ümumi sahəsi 87.0 kv. m, torpaq sahəsinin ölçüsü 0.04 ha) xüsusi mülkiyyət hüququ əsasında X2 adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli 4Ə/604 reyestr saylı X5 və X12 (yetkinlik yaşına çatmadıqları üçün atası onun adından Cavabdeh və anası X3 çıxış etmişdir) arasında rəsmiləşən “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X5 ünvan 1 ünvanında yerləşən və ümumi ölçüsü 0.04 ha olan torpaq sahəsinin 0,018 ha hissəsini X9 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”a əsasən ünvan 5 (daşınmaz əmlakın ümumi sahəsi 87.0 kv. m, torpaq sahəsinin ölçüsü 0.018 ha) xüsusi mülkiyyət hüququ əsasında X7 adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli 4Ə/478 reyestr saylı X12 və İddiaçı arasında rəsmiləşən “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X12 ünvan 1 ünvanında yerləşən və ümumi ölçüsü 0.018 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”a əsasən ünvan 5 (daşınmaz əmlakın ümumi sahəsi 87.0 kv. m, torpaq sahəsinin ölçüsü 0.018 ha) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, ev 178 K ünvanının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin Cavabdeh sözügedən mənzildən qeydiyyatda olması və mənzildən istifadə etdiyi üçün onun “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etdim və mülkiyəytimdə olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, ev 178 K saylı evdən Cavabdeh istifadəsinə xitam verilməklə həmin mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh isə ona qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun ünvan 2 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-c üil tarixli, e-2(010)-504/2024 saylı qətnaməsi ilə ilkin iddiam rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanına istifadə hüququ tanınmışdır.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı ekspert tərəfindən təqdim edilmiş rəylə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə münasibətləri normal deyil, ailə kimi normal münasibətləri olmamışdır və onun psixoloji problemləri vardır. Eyni zamanda, qeyd edir ki, cavabdehin özünün rayonda evi var. Hesab edir ki, iddia tələbi təmin edilməlidir.

5. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi və hazırki iş üzrə təqdim edilmiş ekspert rəyi ilə razı deyildir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, təqdim edilmiş ekspert rəyi ilə razı deyildir. Əgər cavabdehin iddiaçının dediyi kimi psixoloji problemləri olsa idi belə, qeyd olunan hal onun evdən çıxarılması üçün əsas ola bilməz.

İş materialları.

7. xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”ndən görünür ki, hədiyyə verən X12 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, ev 178 K ünvanında yerləşən, ümumi sahəsi 87.6 kv. m olan fərdi yaşayış evini hədiyyə alan İddiaçı bağışlamışdır.

8. Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X11 ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, ev 178 K ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.

9. Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, ev 178 K ünvanında İddiaçı məxsus olan evdə qeydiyyatsız yaşayır.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-504/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, ev 178 K ünvanına istifadə hüququnun tanınması qət edilmişdir.

11. X1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, ev 178 K ünvanında yerləşən, ümumi sahəsi 87.6 kv. m olan fərdi yaşayış evinin xx.xx.2024-c il tarixə bazar dəyəri 51508.0 manat məbləğində müyyən edilmişdir və hazırda aylıq kirayə haqqı 200-250 manat arasında dəyişir.

12. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 87.6 kv. m olan fərdi yaşayış evinin bazar dəyəri 63 000 manat, həmin ərazidə yerləşən analoji yaşayış sahəsinin aylıq kirayə haqqı 250 manat müəyyən edilmişdir.

İşin faktiki halları.

13. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, ev 178 K ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evi iddiaçının mülkiyyətinə xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi əsasında keçmiş və mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla müvafiq çıxarış verilmişdir. Cavabdeh isə iddiaçının atasıdır və onunla birlikdə həmin evdə yaşayır. Cavabdehin qeyd olunan mənzilə istifadə hüququ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-504/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə tanınmışdır. Hazırki iddia tələbində iddiaçı cavabdehə təqdim edilmiş ekspert rəyinə uyğun olaraq 9000 manat məbləğində kompensasiya məbləği ödənilməklə istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh hazırkı tələblə razı deyildir və etirazını onunla əsaslandırır ki, onun həmin evə istifadə hüququ mövcuddur və orada yaşamalıdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

18. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı.

Həmin qərarda məhkəmə qeyd etmişdir ki, «Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

19. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı. Həmin qərarda qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir;

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı: X4 Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

22. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

23. Məhkəmə ilk öncə cavabdehin iddianın obyekti olan fərdi yaşayış evinə istifadə hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Məsələn, əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər. Hazırkı işdə Cavabdeh iddiaçının atasıdır və onun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-504/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, ev 178 K ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun mövcud olması artıq müəyyən edilmişdir. Deməli, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Məhkəmə kompensasiya müqabilində cavabdehin iddiaçıya məxsus evə olan istifadə hüququna xitam verilməsi məsələsinə münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından aydın olduğu kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni, istifadə hüququnun yaranması səbəbindən asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə cavabdeh tərəfin iddiaya etirazını əsaslı saymır. Ona görə ki, cavabdehin etirazında irəli sürdüyüyü, onun kirayə qalmağa maddi imkanının olmaması, onun həmin mənzilə köçüb yaşamalı olması barədə dəlilləri tələbə tətbiq edilmiş maddi hüquq normalarının göstərişləri baxımından əsaslı deyildir. Məhkəmə, eyni zamanda, cavabdeh tərəfin mənzildən istifadə hüququna xitam verilməsi tələbinin aidiyyatı üzrə mülki deyil, inzibati məhkəmə predmeti olması barədə etirazı ilə də razılaşmır və qeyd edir ki, hazırkı tələb mülki mühakimə icraatının predmetidir. Bununla belə, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Hazırkı iş üzrə ədalətli kompensasiya məbləğinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirmə keçirilmiş və yuxarıda qeyd edilmiş ekspert rəyi (Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyi) mötəbər sübut kimi qəbul edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya ekspert rəyində qeyd edilən məbləğin mübahisə obyekti olan fərdi yaşayış evi ilə oxşar olan evlərin aylıq kirayə dəyəri kimi götürülməsi və həmin məbləğin ortalama üç illik müddət üçün hesablanmaqla kompensasiya məbləğinin verilməsi təklif edilmişdir. İddiaçı ərizə təqdim edərək ekspert rəyində qeyd olunduğu kimi aylıq 250 manat olmaqla, üç il müddəti üçün cəmi 9000 manat kompensasiya məbləği ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə ekspert rəyində göstərilmiş oxşar şəraitli evə görə kirayə qiymətini hazırkı işin halları baxımından ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, 9000 manat (36 ay x 250 manat) məbləğində kompensasiya ilə cavabdeh tərəf təqribən 3 (üç) il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Bu isə ağlabatan müddət kimi qəbul edilə bilər. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli evin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Eyni zamanda, evin ümumi dəyərinə münasibətdə də, qət edilmiş kompensasiya məbləği ağılabatandır. Bu baxımdan məhkəmə qanunvericiliyin qeyd olunun tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hazırda təklif olunan üç illik müddət üçün analoji mənzilə görə kirayə ödənişi kimi nəzərdə tutulan aylıq 250 manatdan hesablanan 9000 manat kompensasiya məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Məhkəmə xərcləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. İddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 9000 (doqquz min) manat kompensasiya məbləği ödənilməklə Cavabdeh ünvan 5 ünvanında olan fərdi yaşayış evinə istifadə hüququna xitam verilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında olan fərdi yaşayış evindən çıxarılmalı və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 9000 (doqquz min) manat kompensasiya məbləği ödənilməklə Cavabdeh ünvan 5 ünvanında olan fərdi yaşayış evinə istifadə hüququna xitam verilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında olan fərdi yaşayış evindən çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar