Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1508/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənədlər, Bakı şəhər Suraxanı rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 51 saylı protokol və 207916 saylı, xx.xx.1984-cü il tarixli orderin ərizəçi İddiaçı məxsus olması, Bakı şəhəri Suraxanı rayon XDS İK-nın xx.xx.1984cü il tarixli, 51 saylı protokol əsasında 207916 saylı, xx.xx.1984-cü il tarixli orderlə ərizəçi və ailə üzvlərinə verilmiş Bakı şəh, Suraxanı ray, Hövsan qəs, H.Quliyev küç, ev 20, 56 saylı mənzilin həmin binanın 5-ci mərtəbəsində deyil, 1-ci mərtəbəsində yerləşməsi, həmin mənzilin 5 otaq deyil, 4 otaqdan ibarət olması və həmin mənzilin nömrəsinin 65 deyil, 56 olması faktının müəyyən olmasıbarədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu (keçmiş Orconikidze) XDS İK-nın xx.xx.1984-cü il tarixli, 51 saylı protokoluna əsasən Bakı şəh, Suraxanı ray, Hövsan qəs, H.Quliyev küç, ev 20, 56 nömrəli mənzil, 207916 saylı, xx.xx.1984-cü il tarixli orderlə mülkiyyətinə verilmişdir. Həmin mənzildə ailə üzvləri birlikdə fasiləsiz olaraq yaşayır. Mənzil 4 (dörd) otaqdan ibarətdir və birinci mərtəbədə yerləşir. Sözügedən mənzilə dair çıxarışın əldə edilməsi ilə bağlı AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RP hüquqi şəxs 1 saylı Bakı ərazi idarəsinə müraciət olunmuşdur. Həmin idarədən 29 avqust 2022-ci il tarixli imtina cavabı ilə bildirilmişdir ki, mənzilin orderi ilə protokol arasında uyğunsuzluq mövcuddur. Belə ki, ASAN Xidmət vasitəsi ilə Milli Arxiv idarəsinə sorğu edilmiş və mənzilə aid protokol təqdim edilmişdir. Qeyd edilir ki, Bakı şəhər Suraxanı rayon XDSİK-nın xx.xx.1984-cü il tarixli, 51 saylı protokolda mənzilin yerləşdiyi mərtəbə 5, mənzilin nömrəsi 65, otaqların sayı 5 (beş) və ata adında bəzi yerdə Aqaşərif oğlu və digər yerdə isə Aşraf oğlu kimi qeyd edilir. Lakin həmin mənzilə dair 207916 saylı, xx.xx.1984-cü il tarixli orderdə mənzilin yerləşdiyi mərtəbə 1, mənzil nömrəsi 56, otaqların sayı 4 (dörd) və ata adım isə Ağaşərif kimi göstərilir. Yəni, orderdə hər hansı uyğunsuzluq aşkar olunmamışdır. Bundan sonra 20 sentyabr 2022-ci ildə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qeyd edilən uyğunsuzluqların aradan qaldırılması və bu istiqamətdə köməklik göstərilməsi xahiş olunmuşdur. Suraxanı rayon İcra Hakimiyyətinin 23 sentyabr 2022-ci il tarixli cavab məktubunda AR MPM-nin 307-ci maddəsinə istinad olunaraq hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinin məhkəməyə aid olması və Mənzil Məcəlləsinə əsasən orderlərdə hər hansı düzəlişlərin edilməsi nəzərdə tutulmamasını bildirilərək məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Onu da qeyd edir ki, ünvan 1 ünvanı, yəni 5-ci mərtəbədə olan bu mənzilin mülkiyyətçisi başqa şəxsdir və onun həmin ünvanda olan mənzillə heç bir hüquqi bağlılığı yoxdur. Bildirir ki, protokolda olan texniki yanlışlıq barədə əvvəllər məlumatı olmayıb. Həmin sənəd arxivdə saxlanıldığı üçün bundan xəbərsiz olmuşdur. Hazırda qeyd edilən yanlışlıqları məhkəmədən kənar həlli yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin vəkilini dinləyib, hazırki iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 307.2.5 ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Ərizəçi hazırkı tələbində Suraxanı rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 51 saylı protokol və 207916 saylı, xx.xx.1984-cü il tarixli orderin hüquq müəyyənedici sənəd olmaqla ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Tələbin ikinci hissəsində isə, ona verilmiş mənzilin texniki göstəricilərinin protokoldakı kimi deyil, orderdə qeyd edilən formada olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tərəfin izahatından və işin hallarından müəyyən edilir ki, mənzillə və ərizəçinin ata adı ilə bağlı yalnışlıq XDS İK-nın xx.xx.1984-cü il tarixli, 51 saylı protokolunda mövcuddur. Prosessual qanunvericiliyin tələbindən, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarındə qeyd etdiyi hüquqi mövqeyindən göründüyü kimi, analoji ərizələrə məhz hüqüq müəyyənedici sənədlərdə uyğunsuzluq olduğu hallarda xüsusi icraat qaydasınsda baxılır. Hazırkı işdə xx.xx.1984-cü il tarixli order hüquq müəyyənedici sənəddir və həmin sənəddə hər hansı bir uyğunsuzluq yoxdur. Bununla belə, xx.xx.1984-cü il tarixli, 51 saylı protokol isə hüquq müəyyənedici sənədlər siyahısına aid edilə bilməz. Çünki, protokol özü-özlüyündə şəxsə hər hansı bir hüquq yaratmır. Şəxsin mənzil üzərində hüququnu yaradan sənəd yuxarıda qeyd edildiyi kimi orderdir, hansı ki, onda hər hansı bir səhv aşkar edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı ərizəyə baxılması məhkəmənin səlahiyyətinə aid deyildir. Məhkəmə qeyd edir ki, ərizəçi qeyd olunan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, müraciəti müsbət qarşılanmadığı təqdirdə, və ya müraciətə münasibət bildirilmədiyi halda, Bakı İnzibati Məhkəməsinə müvafiq şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8) - inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.1-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 2-ci bəndində məhkəmələrə izah edilir ki, ... mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 16.3-cü bəndində məhkəmələrə izah edilir ki, “ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, hazırki məsələ ilə bağlı müraciət etdiyi inzibati orqan qərarı ilə bağlı şikayətlə Bakı İnzibati Məhkəməsinə müraciət edilə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1508/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1508/2023
12.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver