Məhkəmə qərarları › İş №e-2(010)-1617/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1617/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1617/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2450 manat pul vəsaitinin və 44,50 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, “MERCEDES BENZ C240” markalı, 90–XR–498 dövlət nömrə nişanlı avtomobil 24.10.2019-cu ildən 23.10.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 11.10.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il mayın 13-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “MERCEDES BENZ C240” markalı, 90–XR–498 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində, yolun sağ kənarında dayanmış vəziyyətdə olan “OPEL ASTRA“ markalı, 99–MT–125 dövlət nömrə nişanlı avtomobili vurmuş, onun həmin ehtiyatsızılığı nəticəsində “OPEL ASTRA“ markalı, 99–MT–125 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 yüngül zərər vurma qiymətləndirilən, həmin avtomobiln sərnişini X5 isə sağlamlığa zərərvurma kimi qiymətləndirilməyən xəsarətlər almışlar. Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 27 may 2020-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin (hakim Ceyhun Qədimov) 03.06.2020-ci il tarixli, 3(010)-541/2020 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə təqsirli bilinərərək 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüququ şəxsi tərəfindən verilmiş 20.05.2020-ci il tarixli, 401 nömrəli ekspert rəyinə əsasən X2 aldığı xəsarətlərin dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs yüngül xəsarət aldıqda sığorta məbləğinin 15 faizi nisbətlətində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 15% = 750 manat). Avtomobilləri Texniki Xidmət Mərkəzi tərəfindən 15.05.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “OPEL ASTRA“ markalı, 99–MT–125 dövlət nömrə nişanlı avtomobilə 1700 manat məbləğində zərər dəymişdir. İddiaçı 09.06.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs Əliyev Vasif Yaşar oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İş materiallarına əlavə edilmiş: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, "2020-ci il mayın 13-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “MERCEDES BENZ C240” markalı, 90–XR–498 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində, yolun sağ kənarında dayanmış vəziyyətdə olan “OPEL ASTRA“ markalı, 99–MT–125 dövlət nömrə nişanlı avtomobili vurmuş, onun həmin ehtiyatsızılığı nəticəsində “OPEL ASTRA“ markalı, 99–MT–125 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 yüngül zərər vurma qiymətləndirilən, həmin avtomobiln sərnişini X5 isə sağlamlığa zərərvurma kimi qiymətləndirilməyən xəsarətlər almışlar. PXA63579 və PXA64413 №-li №-li sığorta aktlarından görünür ki, 2020-ci il mayın 13də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “MERCEDES BENZ C240” markalı, 90–XR–498 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində, yolun sağ kənarında dayanmış vəziyyətdə olan “OPEL ASTRA“ markalı, 99– MT–125 dövlət nömrə nişanlı avtomobili vurmuş, onun həmin ehtiyatsızılığı nəticəsində “OPEL ASTRA“ markalı, 99–MT–125 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 yüngül zərər vurma qiymətləndirilən, həmin avtomobiln sərnişini X5 isə sağlamlığa zərərvurma kimi qiymətləndirilməyən xəsarətlər almışlar.Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1700 manat və 750 manat olmaqla, ümumilikdə 2450 manat təşkil edir. 09.06.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq 2450 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-541/2020 nömrəli iş üzrə qəbul etdiyi 03.06.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. 17.01.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 44,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 09.06.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq 2450 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. İş materiallarından həmçinin müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-541/2020 nömrəli iş üzrə qəbul etdiyi 03.06.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə ümumilikdə 2450 manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə ümumilikdə 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,50 (qırx dörd manat əlli qəpik) manat məbləğində pul Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar