Məhkəmə qərarları › İş №e-2(010)-1677/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1677/2025

25.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1677/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin faktiki istifadəsində olan 73 m2 torpaq sahəsində yerləşən yarım tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin faktiki istifadəsində olan 73 m2 torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 iyul 2005-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, X1 Bakı şəhəri Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 9618 nömrəli arayış üzrə Zığ qəsəbəsinin şimal hissəsində 81 nömrəli sahədə yerləşmiş 600 m2 torpaq sahəsindən 250 m2 torpaq sahəsi onun mülkiyyətinə vermişdir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ünvanında yerləşən 0.0250 ha torpaq sahəsi ona məxsusdur. Dövlət reyestrindən çıxarış ona təqdim edilərkən texniki sənədlərin (pasport və plan ölçü) də təqdim edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğundan texniki pasportun tərtib edilməsinin mümkün olmaması qeyd edilmişdir. Belə ki, 70 m2 ərazi hazırkı iş üzrə cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehə çıxarış əsasında özünə məxsus torpaq sahəsində texniki sənədlər və çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçü) tərtib edilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq, bildirilmişdir ki, sənəd üzrə göstərilən 250 m2 sahənin 70 m2 hissəsi cənub istiqamətində yerləşən qonşu hasar daxilində, 30 m2 hissəsi isə şərq istiqamətində yerləşən qonşu hasar daxilindədir. Həmçinin, faktiki göstərilən sahənin 79 m2 hissəsi sənəd üzrə sahədən kənar olmaqla ümumi istifadədə olan yol sahəsidir. Torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin 39.6 m2 hissəsi həmin əlavə sahə üzərində yerləşir. İddiaçı tərəf olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi əsasında özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ünvanında yerləşən 0.0250 ha torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-431/2024 saylı qərarına əsasən, iddia tələbi təmin olunmuş, xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış reyestr nömrəsi **********39 olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0.0250 hektar torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-431/2024 saylı qərarından hazırki iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2769/2024 saylı qərarına əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(112)-431/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 431/2024 saylı qərarına əsasən, ona çıxarış əsasında mülkiyyətində olan 0.025 ha torpaq sahəsinə dair plan və ölçü təqdim edilmişdir. Cavabdeh hazırda ona məxsus torpaq sahəsini özbaşına zəbt etməklə, özünə orada yarım tikili inşa etmişdir. Cavabdehə dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, mülkiyyətində olan torpaq sahəsini boşaltmaq istəmir və tələblərinə məhəl qoymamaqla, mülkiyyət hüququnu pozmağa davam edir. Göstərilənlərə əsasən, cavabdehin faktiki istifadəsində olan 73 m2 torpaq sahəsində yerləşən yarım tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və adıçəkilən torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə çıxarılması zəruridir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin faktiki istifadəsində olan 70 m2 torpaq sahəsində inşa edilən, ümumi sahəsi 9.4 m2 (3.2 x 2.95) olan toyuq hini və ümumi sahəsi 19.5 m2 (5.15 x 3.8) olan anbarın cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar X1 (Satıcı) və İddiaçı (Alıcı) arasında xx.xx.2005-ci il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən müəyyən olunur ki, “Satıcı” Bakı şəhəri Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 9618 nömrəli arayışa əsasən, Zığ qəsəbəsinin şimal hissəsində 81 nömrəli sahədə yerləşmiş 600 m2 sahəsindən 250 m2 torpaq sahəsini (satılan daşınmaz əmlak Bakı şəhəri Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş, JN-661H, kod – 00600046 səh, 562 nömrə ilə kitabda qeydə alınmış torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında satıcıya məxsusdur) “Alıcı”nın mülkiyyətinə verir, “Satıcı” daşınmaz əmlakı ******* (beş milyon) manata satır, “Alıcı” isə həmin qiymətə alır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, **********39 reyestr nömrəli, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0250 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir və həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-431/2024 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə) plan-ölçünün verilməsi tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat alınmış reyestr nömrəsi **********39 olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0.0250 hektar torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 2769/2024 nömrəli qərarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(112)-431/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-431/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, iddiaçıya məxsus 250 m2 torpaq sahəsi xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinə (bölgü sxeminə) əsasən, rəsmiləşdirilmiş, həmin torpaq sahəsinin 70 m2 hissəsi cavabdehin həyətində qalmış, 30 m2 sahəsi isə digər qonşunun həyətində qalmışdır. Yerdə qalan 150 m2 torpaq sahəsinə şimal tərəfdən 79 m2 torpaq sahəsi zəbt edilərək qalan torpaq sahəsinə əlavə edilmiş və orada ümumi sahəsi 70 m2 (bir mərtəbəli, dörd otaqlı) olan yaşayış evi inşa edilmiş (iddiaçı həmin evdə yaşayır), bundan əlavə, qonşunun həyətinə düşən 70 m2 hissəsində 9.4 m2 (3.2 x 2.95) toyuq hini və 19.5 m2 (5.15 x 3.8) anbar inşa edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, X1 və İddiaçı arasında xx.xx.2005-ci il tarixdə daşınmaz əmlakın alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Zığ qəsəbəsinin şimal hissəsində 81 nömrəli sahədə yerləşmiş 600 m2 sahəsindən 250 m2 torpaq sahəsi iddiaçının mülkiyyətinə vermiş, daşınmaz əmlak üzərində hüquqlar dövlət reyestrində qeydə alınmışdır. Hazırkı iş üzrə iddiaçı sözügedən torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(112)-431/2024 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat alınmış reyestr nömrəsi **********39 olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0.0250 hektar torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2769/2024 nömrəli qərarına əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-431/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-431/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarında işin araşdırılan halları nəticəsində müəyyən edilmişdir ki, həmin iş üzrə İddiaçı mülkiyyətində olan 250 kv.m torpaq sahəsindən 73 kv.m hissə üçüncü şəxs Cavabdeh hasarı daxilində olmaqla faktiki olaraq istifadəsindədir. Məhkəmə qeyd edir ki, sözügedən qərar artıq qanuni qüvvəsini aldığından (verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır) həmin iş üzrə məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə münasibətdə müəyyən edilmiş hallar hazırki iş üzrə mübahisələndirilmir və qərarın qeyd olunan hissəyə münasibətdə preyudisiallığı nəzərə alınır. Hazırki işdə isə iddiaçı cavabdehin ona məxsus olan torpaq sahəsində qanunsuz tikililər inşa etdiyini bildirmiş və müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Mübahisəli torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması iş materiallarına əlavə edilmiş sübutların məcmu şəklində yoxlanılması və qiymətləndirilməsi nəticəsində öz təsdiqini tapsa da, iddiaçının mülkiyyət hüququna maneə yaradan hərəkətlərin, yəni ona məxsus torpaq sahəsində hər hansı tikili inşa edilməsinin, əgər belə bir tikili inşa edilmişdirsə, bu tikilinin hüquqi təyinatına görə özbaşına tikili olub-olmamasının aydınlaşdırılması məqsədi ilə yazılı mütəxəssis məsləhətinin alınması zərurəti yaranmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, iddiaçıya məxsus 250 m2 torpaq sahəsinin 70 m2 hissəsi cavabdehin həyətində qalmış, 30 m2 sahəsi isə digər qonşunun həyətində qalmışdır. Yerdə qalan 150 m2 torpaq sahəsinə şimal tərəfdən 79 m2 torpaq sahəsi zəbt edilərək qalan torpaq sahəsinə əlavə edilmiş və orada ümumi sahəsi 70 m2 olan yaşayış evi inşa edilmiş (iddiaçı həmin evdə yaşayır), bundan əlavə, qonşunun həyətinə düşən 70 m2 hissəsində 9.4 m2 (3.2 x 2.95) toyuq hini və 19.5 m2 (5.15 x 3.8) anbar inşa edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi həm Bakı İnzibati Məhkəməsinin yuxarıda sözügedən qərarında, həm də hazırki iş üzrə təqdim edilmiş mütəxəssis rəyində cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsini faktiki olaraq istifadə etməsi halı müəyyən edilir. Təqdim edilmiş mütəxəssis rəyindən də aydın olur ki, cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinin 70 m2 hissəsində 9.4 m2 (3.2 x 2.95) toyuq hini və 19.5 m2 (5.15 x 3.8) anbar inşa etmişdir. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyinə tənqidi yanaşılması üçün heç bir əsas görmür. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində iki qeyri-yaşayış sahəsi (tikili) inşa edilmiş və müvafiq tikinti işləri buna hər hansı icazə olmadan və heç bir hüquqi əsas verilmədən aparılmış, nəticə etibarı ilə özbaşına tikili statusu əldə etmişdir. Bu baxımdan məhkəmə mülkiyyətin müdafiəsi əlaqədar mülki qanunvericilik normalarının imperatib tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdeh tərəfindən inşa edilən tikililər özbaşına tikili hesab edilməli və həmin tikililər barədə qanuni rejim tətbiq edilməklə, tikililər cavabdehin şəxsi vəsaiti hesabına sökülməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikililər iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş olduğundan və milli hüquqa görə bu cür tikililər heç bir mülkiyyət hüququ formalaşdırmadığından bu gün cavabdehin həmin tikili üzərində mülkiyyət hüququ yoxdur və bu səbəbdən tikilinin sökülməsinin cavabdehin mülkiyyət hüququnu pozduğu deyilə bilməz. Məhkəmə onu da qeyd edir ki, tikintinin cavabdehin vəsaiti hesabına baş tutması, yaxud müəyyən bir müddət buna iddiaçı tərəfindən heç bir reaksiya verilməməsi kimi hallar bu nəticəni dəyişmir və cavabdehə həmin tikili üzərində mülkiyyət hüququ vermir. Ona görə ki, cavabdeh həmin tikilini inşa edərkən bilirdi (bilməli idi) ki, o, özünə məxsus olmayan əmlaka xərc çəkir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, müvafiq özbaşına tikili sökülməli və bu tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən məhkəmə qeyd edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 250 m2 olan torpaq sahəsinin Cavabdeh faktiki sahibliyində olan 70 m2 hissəsində inşa edilmiş tikililər - toyuq hini (9.4 m2) və anbar (19.5 m2) özbaşına tikililər hesab edilərək Cavabdeh hesabına sökülsün. Qeyd edilən tikililərin yerləşdiyi və ümumi sahəsi 70 m2 olan torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar