Məhkəmə qərarları › İş №e-2(010)-1699/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1699/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1699/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 dekabr 2022-ci il tarixli, MAS-5607 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 yanvar 2024-cü il tarixə 1267.15 manat gecikdirilmiş əsas, 794.45 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 796.12 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, 77- AJ-894 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 5820.44 manat, ümumilikdə 8678.16 manat borc və ödənilmiş 106.79 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli, MAS- 5607 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X2”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455.31 manat, ümumilikdə isə 24955 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24955 manatın 18600 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 06 yanvar 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5820.44 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS- 5607saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 yanvar 2024-cü il tarixə ümumilikdə 2857.72 manat məbləğində gecikmə borcu yaranmışdır.

Tərəflərin izahatları

3. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları

5. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KHAZAR SD” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir.

6. xx.xx.2022-ci il tarixli MAS-5607 saylı X1 və ona 1 saylı Əlavədən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə görə lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini və lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin əsas məbləğini 18600 manat təşkil edir. Ödənilmiş 3100 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 18 faiz həcmində mükafat məbləği hesablanır.

7. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili Cavabdeh təhvil verilmişdir.

8. “Qüsur Aktı”ndan görünür ki, “KHAZAR SD” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 5820.44 manat təşkil edir.

9. xx.xx.2024-cü il tarixli, 417 nömrəli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixli MAS-5607 saylı X2 üzrə 1267.15 manat əsas borc, 794.45 manat mükafat borcu, 796.12 manat cərimə borcu olmaqla cəmi 2857.72 manat təşkil edir.

10. xx.xx.2024-cü il tarixli, 224 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir.

11. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci l buraxılışlı “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 5820.44 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən : dəyişilməli hissələrin qiyməti 2515.44 manat, təmirbərpa işlərinin qiyməti 3305 manat. Dəyişilməli hissələrin qiyməti aşınma tətbiq edilməklə 5623.00 manat. O cümlədən : dəyişilməli hissələrin qiyməti 2318 manat, təmir-bərpa işlərinin qiyməti 3305 manat.

İşin faktiki halları

12. İddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş aylıq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən edilir ki, avtomobil qəzalı vəziyyətdə iddiaçıya qaytarılmışdır. Cavabdeh iddia tələbinə qarşı etiraz və ya mülahizəsini təqdim etməmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 747.Lizinq müqaviləsi 747.1 Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1 Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Maddə 748. Lizinq müqaviləsinin subyektləri 748-1.5 Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-7.1 Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

15. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

16. Məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuşdur. İş materiallarından da göründüyü kimi tərəflər arasında X2 imzalanmış və həmin müqavilə əsasında lizinq obyekti qüsursuz şəkildə müqavilədə nəzərdə tutulmuş şərtlərlə lizin alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İstinad edilən hüquq normalarının tələblərindən aydın olur ki, lizinq obyekti lizinq verənin mülkiyyətində qalmaqla, lizinq alanın istifadə və sahibliyinə təqdim edilir. Lakin, lizinq alan, yəni cavabdeh müqavilə şərtlərinə riayət etməmiş və daha sonra həmin lizinq obyekti qəzalı vəziyyətdə lizinq alan tərəfindən lizinq verənə geri qaytarılmışdır. Cavabdeh tərəfin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 1267.15 manat gecikdirilmiş əsas borc və 794.45 manat gecikdirilmiş mükafat borcuna münasibətdə tam əsaslıdır. Lakin iddia tələbi müqavilə üzrə tələb olunan 796.12 manat cəriməyə münasibətdə isə qismən əsaslıdır. Belə ki, məhkəmə qeyd edir ki, tələb olunan 796.12 manat məbləğində cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir.

17. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbini avtomobilə dəymiş ziyana görə tələb olunan 5820.44 manat hissədə də tam əsaslı hesab edir. Belə ki, lizinq obyekti olan avtomobil lizinq verənin mülkiyyətidir və lizinq alan tərəfindən həmin avtomobilə ziyan vurulmuşdur. Ona görə də, həmin ziyan məbləği lizinq alandan lizinq verənin xeyrinə tutulmalıdır.

18. Tutulmaılı olan məbləğə gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan qüsur aktından da göründüyü kimi, lizinq obyektinə dəymiş ümumi ziyan məbləği 5820.44 manat təşkil edir. Eyni zamanda iş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2024-cü il tarixli ekspert rəyində də xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 5820.44 manat təşkil edildiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görməyərək iddia tələbini avtomobilə dəymiş ziyana görə tələb olunan 5820.44 manat hissədə də tam əsaslı hesab edir.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Odur ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 106.79 manat dövlət rüsumunun 99.82 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 22 dekabr 2022-ci il tarixli, MAS-5607 saylı "Daxili lizinq" müqaviləsinə əsasən 1267.15 manat gecikdirilmiş əsas borc, 794.45 manat gecikdirilmiş mükafat borcu, 100 manat dəbbə pulu və 5820.44 manat vurulmuş zərər olmaqla cəmi 7982.04 manat (yeddi min doqquz yüz səksən iki manat dörd qəpik) pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iş üzrə ödənilmiş 106.79 manat dövlət rüsumunun 99.82 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 22 dekabr 2022-ci il tarixli, MAS-5607 saylı "Daxili lizinq" müqaviləsinə əsasən 1267.15 manat gecikdirilmiş əsas borc, 794.45 manat gecikdirilmiş mükafat borcu, 100 manat dəbbə pulu və 5820.44 manat vurulmuş zərər olmaqla cəmi 7982.04 manat (yeddi min doqquz yüz səksən iki manat dörd qəpik) pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 106.79 manat dövlət rüsumunun 99.82 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar