Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1815/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2024-cü il tarixli, MAS-6360 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 732.37 manat gecikdirilmiş əsas, 153.33 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 432.51 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 6747.31 manat, ümumilikdə 8065.52 manat borc və ödənilmiş 100.66 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MAS-6360 saylı “daxili lizinq müqaviləsi”nə əsasən, 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322864 ban nömrəli, boz rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən, Cavabdeh illik 23% hesablanmaqla, 11 aylıq müddətə hər ay sabit pul məbləğində olmaqla, 446.95 manat, ümumilikdə isə 4916 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 4916 manatın 4395 manatını əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə şirkətin müvvəqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, avtomobilə 6747.31 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh MAS-6360 saylı “daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə ümumilikdə 1318.21 manat məbləğində gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.
Tərəflərin izahatları.
3. İddiaçı MMC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. İddiaçı MMC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MAS-6360 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq “Lizinq verən” “Lizinq alan”ın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (“Khazar SD” minik markalı, boz rəngli, NVAW01HHFME322864 ban nömrəli 01 ədəd avtomobil) muzdla “Lizinq alan”ın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, “Lizinq alan” isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu lizinq müqaviləsinin əsas məbləğini 4395 manat təşkil edir. “Lizinq alan” bu müqavilə imzalandığı gün 0 lizinq ödənişini “Lizinq verən”ə ödəməyi öhdəsinə götürür. Ödənilmiş 0 lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 11 ay müddətində, illik 23% həcmdə mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur.
7. xx.xx.2024-cü il tarixli, MAS-6360 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə əldə olunan əmlak: alğı-satqı qiyməti 4395 manat olan, “Khazar SD” minik markalı, NVAW01HHFME322864 ban nömrəli, boz rəngli avtomobil.
8. xx.xx.2024-cü il tarixli, MAS-6360 saylı daxili lizinq müqaviləsinə 2 saylı əlavə olan “Lizinq alan”ın yekun sifarişindən görünür ki, “Lizinq alan” “Lizinq verən” tərəfindən lizinqə verilməsi üçün ümumi alğı-satqı qiyməti 4395 manat olan, “Khazar SD” minik markalı, NVAW01HHFME322864 ban nömrəli, boz rəngli nəqliyyat vasitəsini şəxsi istifadə məqsədi üçün sifariş vermişdir.
9. xx.xx.2024-cü il tarixli, MAS-6360 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, lizinq müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 446.95 manat (sonuncu ay 446.91 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
10. xx.xx.2024-cü il tarixli, MAS-6360 saylı daxili lizinq müqaviləsinə əlavə olan təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhvil-təslimi aparılmış, sonuncu nəqliyyat vasitəsi “Lizinq alan”ın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.
11. “X3” MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 6747.31 manat həcmində hesablanmışdır.
12. xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-yə məxsus, “Khazar SD” minik markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhvil-təslimi aparılmış, nəqliyyat vasitəsinin əzilmiş hissələrinə dair məlumat qeyd edilmiş (qapılar, “krılolar”, “ön kapot”, “sol krılo yoxdur”, “obıvkalar baqajda”, “bufer yox”, “fara yox”, “radiator yox”, akkumluyator yox”, “beyin yox”, “nömrə, sənəd yox”), nəqliyyat vasitəsi evakuator vasitəsi ilə duracağa gətirilmişdir.
13. xx.xx.2024-cü il tarixli, 2747 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, MAS-6360 saylı “Daxili lizinq” müqaviləsi üzrə, həmçinin lizinq obyektinə vurulmuş zərərə görə xx.xx.2024-cü il tarixə yaranmış borc məbləği barədə (1318.24 manat gecikmə borcu, 6747.31 manat vurulmuş zərərin əvəzi) məlumat verilmiş, həmin məbləğin ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlıq məktubunun qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir.
14. xx.xx.2025-ci il tarixli, 220 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, MAS-6360 saylı “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə 732.37 manat əsas, 153.33 manat mükafat və 432.51 manat cərimə olmaqla, cəmi 1318.21 manat məbləğində borcu vardır.
İşin faktiki halları.
15. İddiaçı MMC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında xx.xx.2024-cü il tarixli daxili lizinq müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, “Lizinq verən” “Lizinq alan”ın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əmlakı - “Khazar SD” minik markalı, boz rəngli, NVAW01HHFME322864 ban nömrəli bir ədəd avtomobili muzdla “Lizinq alan”ın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, “Lizinq alan” isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Bu lizinq müqaviləsinin əsas məbləğini 4395 manat təşkil etmişdir. “Lizinq alan” lizinq ödənişini 11 ay müddətində, illik 23% mükafat məbləği hesablanmaqla ödəməyi öhdəsinə götürmüşdür.
16. xx.xx.2024-cü il tarixdə lizinq obyekti olan “Khazar SD” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir.
17. xx.xx.2024-cü il tarixdə lizinq obyekti olan “Khazar SD” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən təhvil alınmışdır. Avtomobilin saxlanca qəbulu barədə aktda nəqliyyat vasitəsinin əzilən hissələri “qapılar, “krılolar”, “ön kapot”, “sol krılo yoxdur”, “obıvkalar baqajda” kimi; nəqliyyat vasitəsinə aid olan komplektlər isə “bufer yox”, “fara yox”, “radiator yox”, akkumluyator yox”, “beyin yox”, “nömrə, sənəd yox” kimi təsvir edilmişdir.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 747. Lizinq müqaviləsi. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri. 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri. 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10. Lizinq ödənişləri. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği. 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.4. lizinq verənin mükafatının məbləği. Maddə 750. Lizinq alanın məsuliyyəti. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi.
20. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh xx.xx.2024-cü il tarixli lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliklərini öz üzərinə götürmüş, bunun əvəzində lizinq obyekti olan avtomobil sahibliyinə və istifadəsinə verilmişdir. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, lizinq ödənişlərini vaxtlı-vaxtında ödəməmişdir. Belə olan halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçı lizinq müqaviləsi üzrə gecikmə vaxtı üçün (lizinq obyektinin iddiaçıya təhvil verildiyi xx.xx.2024-cü il tarixədək) əsas borcu (362.71 manat) və mükafat məbləğini (84.24 manat) cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
21. Bu hissədə məhkəmə qeyd edir ki, iddia ərizəsində lizinq obyekti olan avtomobilin xx.xx.2024-cü il tarixdə MMC-nin duracağına yerləşdirildiyi qeyd edilmiş, bu səbəbdən cavabdehdən lizinq obyektinin onun istifadəsinə verildiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün 732.37 manat gecikdirilmiş əsas, 153.33 manat gecikdirilmiş mükafata görə pul tutulması tələb edilmişdir. Halbuki yuxarıda da istinad edildiyi kimi iddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlərdən lizinq obyektinin MMC-nin duracağına xx.xx.2024-cü il tarixdə yox, xx.xx.2024-cü il tarixdə yerləşdirildiyi görünür. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq müqavilə üzrə gecikdirilmiş əsas və mükafat borcunun məbləği lizinq obyektinin bir aylıq (xx.xx.2024 – xx.xx.2024) sahiblik və istifadə dövrünə uyğun olaraq 446.95 (362.71+84.24) manat məbləğində hesablanmalıdır.
22. Tələb edilən 432.51 manat məbləğində dəbbə puluna münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Hər bir halda nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər.
23. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçı MMC-nin cavabdehdən dəbbə pulu kimi tələb etdiyi məbləğ işin hаllаrınа tam uyğun deyil və tənаsübsüz surətdə yüksək məbləğdir. Məhkəmə qeyd edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Bu baxımdan məhkəmə hesаb edir ki, cərimənin miqdаrı аzаldılаrаq 20 manat məbləğində müəyyən edilməlidir.
24. İddia tələbinin növbəti hissəsi lizinq obyekti olan avtomobilə dəymiş zərərlə bağlıdır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarında olan təhviltəslim aktından görünür ki, müvafiq avtomobil cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmiş, təhvil alan Cavabdeh bu aktı imzalamışdır. Bu zaman lizinq obyektində hansısa qüsurların olması ilə bağlı aktda heç bir qeyd edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.2-ci maddəsinə əsasən, lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Hazırkı iş materiallarında olan təhvil-təslim aktında lizinq obyektində hər hansı qüsurun aşkarlanması barədə heç bir xüsusi qeyd edilmədiyindən məhkəmə hesab edir ki, lizinq obyekti olan avtomobil cavabdehə təhvil verilərkən qüsursuz vəziyyətdə təhvil verilmişdir.
25. Lakin iş materiallarına əlavə edilmiş qüsur aktından görünür ki, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 6747.31 manat dəyərində təmir-bərpa işləri aparılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC həmin pulu Cavabdeh tələb etməkdə haqlı olmuşdur.
26. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli daxili lizinq müqaviləsinin 4.4.10-cu bəndində deyilir ki: “Lizinq alan lizinq obyektinin qəbul aktı imzalandığı andan sonra lizinq obyektinin saxlanmasına görə tam məsuliyyət daşıyır və lizinq obyektinin itirilməsinin və ya zədələnməsinin qarşısını almaq üçün öz hesabına zəruri tədbirlər görür”; 5.1-ci bəndində deyilir ki: “Təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zaman buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır”; 5.4-cü bəndində deyilir ki: “Lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə lizinq alan bu hərəkətlərdən birini dərhal həyata keçirməlidir: 5.4.1. Bu müqaviləyə əsasən ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini öhdəlik tam icra edilənə qədər ödəmək; 5.4.2. Lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək; 5.4.3. Öz hesabına bu müqaviləyə əsasən istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlak əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirmək”; 6.1-ci bəndində deyilir ki: “Tərəflər razılaşırlar ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına “daxili lizinq” müqaviləsi imzalandıqdan 1 (bir) il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən “daxili lizinq” müqaviləsinin müddəti başa çatanadək sığortalamalıdır”.
27. Göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsində lizinq obyekti lizinq alana təhvil verildikdən sonra lizinq obyektinə dəymiş istənilən növ zərərə görə lizinq alanın məsuliyyət daşıdığı müəyyən edilmişdir. Üstəlik, bu zaman zərərin lizinq alanın, yaxud üçüncü şəxslərin təqsirli hərəkətləri nəticəsində dəymiş olmasının heç bir əhəmiyyəti yoxdur. Əgər lizinq obyekti lizinq alana təhvil verilibsə, həmin obyektə dəyən istənilən zərərə görə məsuliyyəti lizinq alan daşıyır. Lizinq alanın bu öhdəliyi həm də qanundan irəli gəlir. Belə ki, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 748-7.1)
28. Məhkəmə qeyd edir ki, lizinq obyekti lizinq alan tərəfindən sığortalanmışdırsa, yaxud lizinq obyektinə üçüncü şəxs(lər)in təqsirli hərəkətləri nəticəsində zərər dəymişdirsə, lizinq alan zərərin ödənilməsini müvafiq olaraq sığortaçıdan, yaxud təqsirli hərəkətləri ilə lizinq obyektinə birbaşa zərər vurmuş şəxslərdən tələb edə bilər. Lakin istənilən halda lizinq obyektinə dəymiş zərərə görə həmin obyektin mülkiyyətçisi – lizinq verən qarşısında məsuliyyət daşıyan yalnız lizinq alandır. Bununla belə lizinq alanın lizinq obyektinə dəymiş zərərə görə lizinq verənə ödədiyi vəsaiti sonradan təqsirli üçüncü şəxslərdən tələb etməsi istisna edilmir. Lakin təkrar qeyd edilməlidir ki, bu sonrakı məsələdir və lizinq alanı lizinq obyektinin mülkiyyətçisi olan lizinq verən qarşısındakı məsuliyyətindən azad etmir.
29. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil verərkən avtomobildə aşkar olunan qüsurlara görə lizinq verən İddiaçı MMC qarşısında məsuliyyət daşıyır. Odur ki, iddiaçı avtomobilə dəymiş 6747.31 manat məbləğində zərəri cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
30. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100.66 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
31. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə (7214.25 manat) mütənasib olan ödənilmiş 92.14 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, MAS-6360 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 362.71 manat əsas borc, 84.24 manat mükafat məbləği, 20 manat dəbbə pulu, 6747.31 manat lizinq obyektinə dəymiş zərər olmaqla, ümumilikdə 7214.25 manat və 92.14 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
33. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, MAS-6360 saylı “daxili lizinq” müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 362.71 manat əsas borc, 84.24 manat mükafat məbləği, 20 manat dəbbə pulu və 6747.31 manat lizinq obyektinə dəymiş zərər olmaqla, ümumilikdə 7214.26 manat (yeddi min iki yüz on dörd manat iyirmi altı qəpik) məbləğində pul və 92.14 manat (doxsan iki manat on dörd qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva