Məhkəmə qərarları › İş №e-2(010)-1841/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1841/2022

14.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1841/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonrakı mətndə İddiaçı MMC) cavabdehlər Cavabdeh2nə (bundan sonrakı mətndə Cavabdeh2 MMC) və Cavabdeh1 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 75.46 kv.metr olan sahəyə dair Cavabdeh1 ilə AENT-E MMC arasında bağlanmış 14.01.2013-cü il tarixli 47 saylı müqavilənin və 14.01.2013-cü il tarixli 195 saylı maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh2 MMC-nin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə prosesində İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğün izahat verərək və iddianı müdafiə edərək bildirdi ki, İddiaçı MMC Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli bina inşa etmişdir. Həmin binanın idarə edilməsi və digər sərəncamvermə hüquqları İddiaçı MMC-nin səlahiyyətindədir. Texniki Proqress mülkiyyətçi olduğu halda Cavabdeh1 AENT-E MMC tərəfindən mənzil satılmışdır. AENT-E MMC-nin mənzili satmağa dair heç bir səlahiyyəti yoxdur və ondan şikayət edildiyi üçün AENT-E MMC-nin rəhbəri Əkbər Cəfərov həbs edilmişdir. Cavabdehə ümumiyyətlə səlahiyyəti olmayan şəxs tərəfindən müqavilə verilmiş və hətta cavabdeh guya pul ödəyərək ev almışdır. Lakin pul məbləğini ödənilməsinə dair yalnız cavabdehə AENT-E MMC tərəfindən arayış verilmişdir. AENT-E MMC-nin həmin mülkiyyətə aid heç bir səlahiyyəti yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesində Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesində Cavabdeh1 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, bu məsələ hər bir instansiya məhkəməsində baxış predmeti olub və hər dəfə müəyyən olunub ki, bu mənzil Könülə qanuni satılıb, Könül isə ödəniş edərək alıb. Konstitusiya Məhkəməsinin belə məsələ ilə bağlı qərarı var. Mülki Prosessual Məcəllənin 82.3 maddəsinin şərhində qeyd edilir ki, eyni tərəflər arasında mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflərin arasında başqa bir mülki işdə sübut edilə bilməz. İlk dəfə Xətai Rayon Məhkəməsi mənzilin Könülə aid olduğunu müəyyən etdikdən sonra Xətai Rayon Məhkəməsinə verilmiş iddia üzrə iddiaçı Fərəcov Sabir və Texniki Proqress MMC apellyasiya şikayəti vermiş, şikayət isə təmin edilməmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi qüvvədə qalmış, sonra kassasiya şikayəti verilmiş, şikayət təmin edilməyərək 1-ci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Cavabdeh1lə Texnik Proqres MMC arasında münasibətə dair qüvvəyə minmiş qətnamələr var və bunun sübut edilməsinə ehtiyac yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(011)- 6609/2018 nömrəli qətnaməsi ilə (hakim İ.N.Abbasova) iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 MMC arasında 14 yanvar 2013-cü il tarixdə bağlanmış 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən binanın 1ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 nömrəli mənzilin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi vəzifəsinin Cavabdeh2 MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli, 2(103)-4486/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Nümayəndə2 - sədrlik edən və məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər qismində İddiaçı MMC-nin və X1 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(011)-6609/2018 nömrəli qətnaməsi həmin şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4639/2020 nömrəli iş üzrə qəbul etdiyi 05.10.2020-ci il tarixli Qərarı ilə üçüncü şəxslər X2 və İddiaçı MMC tərəfindən ayrıayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli, 2(103)-4486/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respubblikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respubblikası Konstitusiya Məhkəməsinin Plenumu “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 6 iyun 2014-cü il tarixli qərarında qeyd edib ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Eyni tərəflər arasında daha əvvəl olan məhkəmə çəkişməsi üzrə qəbul edilən məhkəmə qərarları ilə hazırkı mübahisəyə qiymət verilərək, mübahisəli alqı-satqı müqaviləsinin qanuniliyi yoxlanılıb. Belə ki, əvvəlki məhkəmə icraatı üzrə sözügədən alqı-satqı müqaviləsinin etirbarsız hesab edilməsi tələbi hazırkı İddiaçı MMC tərəfindən irəli sürülməsə də, apellyasiya instansiyası mərhələsində üçüncü şəxs kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(011)-6609/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək işə qoşulan İddiaçı MMC öz şikayətini onunla əsaslandırıb ki, Bakı şəhəri Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 75.46 kv.metr olan sahəyə dair Cavabdeh1 ilə AENT-E MMC arasında bağlanmış 14.01.2013-cü il tarixli 47 saylı müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığı üçün etibarsız hesab edilməlidir. Şikayətdə qeyd edilib ki, İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında birgə təsərrüfat müqaviləsi mövcud olsa da, bu sonuncuya oradakı mənzilləri satmaq səlahiyyəti verməyib. Həmin mənzillərin satılması səlahiyyəti "xxxx" MMC-yə aid olmuşdur. Göründüyü kimi, başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırkı işə baxılarkən bu işin tərəfləri üçün artıq sübut edilmiş hesab edilir və onlar tərəfindən yenidən mübahisələndirilə bilməz. Bu isə o deməkdir ki, Cavabdeh1 ilə AENT-E MMC arasında bağlanmış 14.01.2013-cü il tarixli 47 saylı müqavilənin qanuniliyi eyni əsas üzrə artıq mübahisələndirilə bilməz və buna görə də, iddia bu səbəbdən rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iş üzrə iddiaçının ödədiyi məhkəmə xərci onun özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar