Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-185/2023 09.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 2609.32 (iki min altı yüz sıfır doqquz manat otuz iki qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46.09 (qırx altı manat sıfır doqquz qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadla mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 006/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 (otuz min) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 2609.32 (iki min altı yüz sıfır doqquz manat otuz iki qəpik) manat hissəsini bu günədək ödəməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, borcun etiraf edilməsi barədə ərizədəki imza onun olsa da, ərizənin mətni onun tərəfindən tərtib edilməmişdir və ərizənin yazıldığı xətt ona məxsus deyildir. Eyni zamanda, qeyd edir ki, alqı-satqı müqaviləsində də göstərilən imza onun tərəfindən boş vərəqə çəkilmiş, müqaviləyə imza etməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, hazırki iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 006/2020 saylı, xx.xx.2020-ci il tarixli, “Məhsulların nisyə alqı-satqısı” barədə müqavilədən görünür ki, satıcı “Avrora MMC” tərəfindən alıcı Cavabdeh 30.000 (otuz min) manat məbləğində müxtəlif çeşidli məhsullar nisyə olaraq satılmışdır. Alıcı isə həmin borc məbləğini 3 ay müddəti ərzində Satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 006/2020 saylı, xx.xx.2020-ci il tarixli, “Məhsulların nisyə alqı-satqısı” barədə müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Satıcı tərəfindən Alıcıya qeyd olunan məhsullar təhvil verilmişdir: 4402 manat məbləğində 7100 ədəd Napitok Bizon 0.25 lt (1x24) banka, 3999 manat məbləğində 4300 ədəd Napitok Bizon 0.45 lt (1x24) banka, 5500 manat məbləğində 4400 ədəd X5 8 % 0.45 lt (1x24) banka, 3875 manat məbləğində 3100 ədəd Napitok Go silver 8 % 0.45 lt (1x24) banka, 4030 manat məbləğində 6500 ədəd X4 0.25 lt (1x24) banka, 3617.70 manat məbləğində 3890 ədəd X4 0.45 lt (1x24) banka. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən “Avrora MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlandığı göstərilən ərizədən görünür ki, Cavabdeh “Avrora MMC ilə bağlanmış Məhsulların nisyə alqı-satqısı” barədə müqavilə üzrə 30.000 manat məbləğində borcunu etiraf etdiyi və həmin borcu 3 ay ərzində tam şəkildə ödəməyi öhdəsinə götürdüyü qeyd olunmuşdur. Eyni zamanda öhdəliyi vaxtında icra etmədiyi halda məsuliyyət daşımağa hazır olduğunu qeyd etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1496 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 006/2020 saylı, xx.xx.2020-ci il tarixli, “Məhsulların nisyə alqısatqısı” barədə müqavilə üzrə 2609.32 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, № 4/1639-5/1442 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 10-cu vərəqəsində olan ərizədəki yazılar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir. Eyni zamanda, qərardadın ikinci sualı üzrə tədqiqatın aparılmadığı qeyd olunmuşdur. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün heç bir əsas görmür. Belə ki, sonuncu məhkəmə iclası zamanı tərəflərin verdikləri izahatlar da ekspertin gəldiyi nəticəni təsdiq edir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı cavabdehin onunla bağladığı 006/2020 saylı, xx.xx.2020ci il tarixli, “Məhsulların nisyə alqı-satqısı” barədə müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh isə öz növbəsində iddiaçı ilə aralarında qeyd olunan nisyə alqı-satqı müqaviləsi bağlamadığını, habelə borcun etiraf edilməsi barədə ərizədəki yazı xəttinin ona aid olmadığını bildirir. Cavabdehin etirazı ondan ibarətdir ki, sənədlərdəki imzalar ona aid olsa da, o iddiaçı təşkilatın təkidi ilə ağ kağızlara imza etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh imzanın ona aid olduğunu, lakin onun tərəfindən boş vərəqdə imza çəkildiyini və müqaviləyə imza etmədiyini qeyd etsə də, eyni zamanda ekspert rəyində də ərizədə əks olunan xəttin Cavabdeh aid olmadığı bildirilsə də, bu hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflərin izahatları ilə də müəyyən edilir ki, sadə yazılı formada olan ərizənin mətni cavabdeh tərəfindən tərtib edilməmişdir. Lakin, cavabdehin özünün də etiraf etdiyi kimi həmin ərizədəki imza ona məxsusdur. Deməli, cavabdeh həmin ərizədə qeyd edilənləri öz imzası ilə təsdiq edib, qəbul etmişdir. Cavabdehin iddiaçı tərəfindən məcbur edilərək boş kağıza imza etdiyi barədə dedikləri isə inandırıcı deyildir. Bu halın lehinə hər hansı sübut da cavabdeh tərəfindən təqdim edilməmişdir. Bundan başqa, cavabdeh təkcə həmin ərizəyə yox, eyni zamanda məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə və təhvil-təslim aktına da imza etmişdir. Bütün bu sənədlər onu göstərir ki, iddiaçı ilə cavabdeh arasında işgüzar münasibətlər olmuşdur. Göründüyü kimi, cavabdehin etirazı iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab edir ki, işin müəyyən edilən hallarına münasibətdə cavabdehin bildirdikləri öz təsdiqini tapmır, ona görə də, iddia tələbi əsaslı hesab edilməlidir. Tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmışdır. İddiaçı tərəf öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, lakin cavabdeh tərəf öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. AR MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbi təmin edildiyindən ödənilmiş 46.09 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Abdullayev Pərvı̇ n Mehdı̇ oğlundan 2609.32 manat ödənilməmiş pul vəsaiti və iş üzrə ödənilmiş 46.09 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-185/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-185/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver