Məhkəmə qərarları › İş №e-2(010)-1866/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1866/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1866/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X5 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X7 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh və X7 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cahangir Elçiyev və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3216 manat məbləğində vəsaitin, 52,16 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. xx.xx.2020-ci il tarixində Cavabdeh məxsus Elçiyev Cahangir tərəfindən idarə olunan ** ZU *** dövlət qeydiyyat nişanlı BMW X5 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. ** ZM *** dövlət qeydiyyat nişanlı Lada Vesta markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmışdır. Cavabdeh məxsus Elçiyev Cahangir tərəfindən idarə olunan ** ZU *** dövlət qeydiyyat nişanlı BMW X5 markalı əqliyyat vasitəsi ilə xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** MX *** dövlət qeydiyyat nişanlı BMW 528 markalı və ** ZM *** dövlət qeydiyyat nişanlı Lada Vesta markalı avtonəqliyyat vasitələrinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* və ******* aylı İnzibati tənbeh vermə haqqında Qərarlara əsasən məlum olmuşdur ki, Elçiyev Cahangir xx.xx.2021 yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmış, xx.xx.2022-ci il tarixli hadisə üzrə isə Cahangir Elçiyev İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. ** ZM *** dövlət qeydiyyat nişanlı Lada Vesta və ** MX *** dövlət qeydiyyat nişanlı BMW 528 markalı avtonəqliyyat vasitələrinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkənlər tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən, ** ZM *** dövlət qeydiyyat nişanlı Lada Vesta nəqliyyat asitəsinə 1439,00 manat (bir min dörd yüz otuz doqquz manat, 00 qəpik) məbləğində ** MX *** dövlət qeydiyyat nişanlı BMW 528 markalı vtonəqliyyat vasitəsinə isə 1777,00 manat (bir min yeddi yüz yetmiş yeddi manat, 00 qəpik) müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021 və xx.xx.2022-ci il tarixli “Sığorta akt”larına əsasən isə 1777,00 manat (bir min yeddi yüz yetmiş yeddi ıanat, 00 qəpik) məbləğində sığorta ödənişi zərərçəkən şəxslərin hesabına köçürülmüşdür. Ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir.

Tərəflərin izahatları

3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir və ərizəsini onunla əsaslandırmışdır ki, o, artıq neçə ildir ki, avtomobili etibarnamə əsasında idarə etmək üçün X7 vermişdir. Bu səbəbdən X5 törətdiyi yol nəqliyyat hadisəsində o, təqsirli sayılmamalıdır.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbi ilə razı olmadığını bildirərək sığorta şirkətinin ondan pul tələb etməyə hüququnun olmadığını bildirdi. Əlavə olaraq qeyd etdi ki avtomobil ona görə sığorta edilmişdir ki, qəza baş verəndə sığorta şirkəti ziyan məbləğini qarşılasın.

İş materialları

6. AD 570440 nömrəli “X2 Şəhadətnaməsi”nin surətindən görünür ki, “BMW 528” minik markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir.

7. AD 848565 nömrəli “X2 Şəhadətnaməsi”nin surətindən görünür ki, "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir.

8. ƏN Vİİ 319841 nömrəli, xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən X1 hüququ olduqda nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və s. səlahiyyətlər verilmişdir. Etibarnamə 1 il müddətinə xx.xx.2021-ci il tarixədək verilmişdir.

9. xx.xx.2020-ci il tarixli, PPA********** nömrəli “İcbari Sığorta Müqaviləsi”ndən görünür ki, "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır.

10. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vastiələrinin tam sığorta şəhadətnaməsi”nin təsdiq edilmiş surətindən görünür ki, “Lada (VAZ) Vesta” minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tam sığortalanmışdır.

11. TP ******* nömrəli “İnzibati Tənbehvermə haqqında Qərar”ın surətindən görünür ki, "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 AR İXMnin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir.

12. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “sığorta aktı”ndan görünür ki, “BMW 528” minik markalı, ** MX *** dövlət qeydiyyat nişanlı nişanlı avtomobilinə dəymiş ziyan məbləği 1777 manat təşkil edir.

13. TP ******* nömrəli “İnzibati Tənbehvermə haqqında Qərar”ın surətindən görünür ki, "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 AR İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.

14. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan və xx.xx.2022-ci il tarixli “sığorta aktı”ndan görünür ki, “Lada (VAZ) Vesta” minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan məbləği 1439 manat təşkil edir.

15. xx.xx.2022-ci il tarixli, ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X6 hesabına 1439 manat ödəniş edilmişdir.

16. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə subroqasiya qaydasında yaranmış mövcud pul vəsaitinin 15 təqvim günü ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

17. "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobill Paşa Sığorta ASC-də xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək icbari qaydada sığortalanmışdır.

İşin faktiki halları

xx.xx.2021-ci il tarixdə "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə “BMW 528” minik markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Müvafiq icra hakimiyyəti orqanın qərarına əsasən cavabdeh Elçiyev Cahangir hadisədə təqsirli bilinmiş və ona yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati tənbeh təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə isə "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə “Lada (VAZ) Vesta” minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Müvafiq icra hakimiyyətinin qərarına əsasən cavabdeh Elçiyev Cahangir hadisədə təqsirli bilinmiş və ona yol hərəkəti qaydalarına riayət edilməməsinə görə inzibati tənbeh təyin edilmişdir. Zərər dəymiş avtomobillərdən “Lada (VAZ) Vesta” minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil tam şəkildə sığorta olunmuş, "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Hər iki yol-nəqliyyat hadisəsinin baş verməsində "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 təqsirli bilinməsi işin mübahisəsi halıdır. Belə ki, bu hal müvafiq icra hakimiyəti orqanının qərarı ilə müəyyən edilmişdir. İddiaçı ziyan məbləğini hər iki cavabdehdən tələb edir. Cavabdeh münasibətdə iddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh mülkiyyətçi kimi yüksək təhlükə məmbəyi olan avtomobilinə görə məsuliyyət daşımalıdır. Cavabdeh iddia tələbini özünə münasibətdə qəbul etmir. Etirazını onunla əsaslandırır ki, o, avtomobili etibarnamə əsasında Elçiyev Cahangirə verib, bundan sonra da avtomobilə görə məsuliyyəti o daşıya bilməzdi. Digər cavabdeh Elçiyev Cahangir də iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırır ki, baş vermiş qəzalara görə sığorta şirkətinin ondan pul tələb etməsi anlaşılan deyil. Belə ki, avtomobil ona görə sığorta edilmişdir ki, qəza baş verəndə sığorta şirkəti ziyan məbləğini qarşılasın.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

19. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun

Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Məhkəmənin mövqeyi

20. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi cavabdeh X7 münasibətdə təmin edilməli, digər Cavabdeh münasibətdə isə təmin edilməməlidir.

21. Belə ki, iş materialları və tərəflərin izahatından müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə “BMW 528” minik markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sonuncu avtomobilə 1777 manat məbləğində maddi ziyan vurulmuşdur. Eyni zamanda yol nəqliyyat hadisəsi baş verdikdən sonra "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh Elçiyev Cahangir hadisə yerindən yayınmışdır. Cavabdehin qəzadan sonra hadisə yerindən yayınması icbari sığorta münasibətlərini tənzimləyən yuxarıda qeyd edilmiş normanın tələbi baxımından subroqasiya hüququnu yaradan əsasdır. Qeyd olunan ziyan məbləği "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənildiyindən dəymiş ziyan məbləğini tələbetmə hüququ da subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-yə keçmişdir. Tələb edilən məbləğlə bağlı isə qeyd edilməlidir ki, cavabdeh tərəf tələb edilən 1777 manat məbləğlə bağlı hər hansı əks sübut təqdim etməmişdir. İddiaçı bununla bağlı məhkəməyə qüsur aktı təqdim etmişdir. Məhkəmə həmin qüsur aktına tənqidi yanaşılması üçün əsas görmür. Məhkəmə qeyd edir ki, iddia tələbi eyni zamanda “Lada (VAZ) Vesta” minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş və tələb edilən 1439 manat hissədə də əsaslıdır. Məhkəmə bu nəticəyə gələrkən Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsaslanır. Belə ki, cavabdeh Elçiyev Cahangirin “Lada (VAZ) Vesta” minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurması iş materialları ilə təsdiqini tapır. İş materiallarından o da görünür ki, ziyan cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuşdur. “Lada (VAZ) Vesta” minik markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən “tam sığorta” növü üzrə sığortalandığından yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə dəymiş ziyan tam şəkildə "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə ödənilmiş və nəticədə zərərçəkmiş şəxsin həmin dəymiş ziyan məbləğini zərərvurandan tələbetmə hüququ iddiaçı “PAŞA SİĞORTA" ASC-yə ötürülmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı “PAŞA SİĞORTA" ASC zərərçkmiş şəxsə ödənilən 1439 manat məbləğində ziyanı cavabdeh X4 tələbetməkdə haqlıdır. Tələb edilən ziyan məbləği ilə bağlı məhkəmə qeyd edir ki, tələbin bu hissəsi ilə bağlı da cavabdeh hər hansı əks sübut təqdim etməmişdir. İddiaçı bununla bağlı məhkəməyə qüsur aktı təqdim etmişdir. Məhkəmə həmin qüsur aktına tənqidi yanaşılması üçün əsas görmür. Məhkəmə hazırkı tələbi digər Cavabdeh münasibətdə əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur və o, avtomobili idarə etmək üçün etibarnamə əsasında X7 vermişdir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi normaların tələblərindən göründüyü kimi, subroqaqsiya hüququnun yaranmasının əsas şərti zərərvuranın təqsirli hərəkətlərinin olmasıdır. Yəni, geriyə tələb hüququ məhz şəxsin təqsirli hərəkətinə görə yaranır. Bu qəbildən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı işdə digər Cavabdeh qəzada təqsirli hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Çünki, Cavabdeh qəza törədilən avtomobili qanuni əsasla digər cavabdeh X7 vermişdir və ona görə də, avtomobilə görə məsuliyyəti Cavabdeh daşıya bilməzdi. Məhkəmə onu da qeyd edir ki, mülki hüquq inzibati hüququn müəyyən etdiyi “avtomobilin idarə edilməsinə dair etibarnaməni” tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllə, maddə 362). Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə edilmə” kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə edilmə” deyiləndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin faydalı təbii xassəsi nəqletmədir, çünki o, nəqliyyat vasitəsidir, ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxslərin qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobilin üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. O cümlədən yol hərəkəti münasibətlərində də avtomobilin idarə edilməsi (istifadə edilməsi) ilə bağlı təmsilçilik münasibətlərinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən (istifadə edən) şəxs yol hərəkəti münasibətinin iştirakçısına çevrilir və həmin münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, öz adından “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçısı anlayışı müəyyən olunub. Həmin anlayışdan görünür ki, “sürücünün nümayəndəsi”, “piyadanın nümayəndəsi”, “sərnişinin nümayəndəsi” və digər bu kimi anlayışlar yoxdur, onların hər biri yol hərəkətində öz adından iştirak edir. İnzibati hüquq etibarnamənin olmasını o halda tələb edir ki, mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştiraka qoşulmuş olsun. Əgər mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştirak etmirsə (məsələn, avtomobili öz qarajında saxlayaraq ona sahiblik edirsə) inzibati hüquq etbarnamə tələb etmir. Göründüyü kimi, inzibati hüquqda etibarnamə yalnız yol hərəkətində iştirak zamanı əhəmiyyətlidir. Avtomobillə yol hərəkətində iştirak etməyə qoşulan şəxs isə artıq yol hərəkətinin iştirakçılarından biri olan “sürücü” statusunu əldə edir. Onun “avtomobil mülkiyyətçisinin nümayəndəsi” statusunda yol hərəkətinə qoşulması mümkün deyil, çünki yol hərəkətinin “avtomobil mülkiyyətçisi” adlı iştirakçısı yoxdur. Əgər təmsil olunan yoxdursa, deməli təmsilçilik də yoxdur. Göründüyü kimi, hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir və etibarnamə olmadan avtomobil idarə edən şəxsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası baxımından “hüququ olmayan şəxs” kimi qiymətləndirmək normanın həddindən artıq geniş təfsiri deməkdir.

22. Yuxarıda sadalanan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X7 münasibətdə təmin edilməlidir.

Məhkəmə xərcləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 52.16 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdeh X4 tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 3216 manat pul, 52.16 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 27.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh X4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3216 manat pul, 52.16 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar