Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1958/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. AA seriyalı 066076 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21013 minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2dır.
2. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, Cavabdeh1 hadisə zamanı avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır.
3. Abşeron Rayon Məhkəməsinin 3(012)-1174/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh1 AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat inzibati cərimə edilmişdir.
4. xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixində Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** EU *** dövlət qeydiyyat nişanlı VAZ 2101 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ** BG *** dövlət qeydiyyat nişanlı Opel Zafira markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TYP 090482 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh1 sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmişdir.
5. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, hadisə nəticəsində ** BG *** dövlət qeydiyyat nişanlı Opel Zafira markalı avtonəqliyyat vasitəsinə material və ehtiyat hissələri üzrə 1500 manat, görüləcək işlərlə bağlı 1000 manat olmaqla, ümumilikdə 2500 manat məbləğində zərər vurulmuşdur.
6. xx.xx.2019-cu il tarili ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkənin **********951506 nömrəli karthesabına 2500 manat pul köçürülmüşdür.
7. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərə bildiriş ünvanlanaraq 2500 manat məbləğin 15 təqvim günü ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
8. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 9/4621 №-li ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Opel Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 975,98 manat müəyyən edilir.
İşin faktiki halları
10. "xxxx" ASC tərəfindən sığortalanmış Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** EU *** dövlət qeydiyyat nişanlı VAZ 2101 markalı avtonəqliyyat vasitəsi ilə ** JH *** dövlət qeydiyyat nişanlı ** BG *** dövlət qeydiyyat nişanlı Opel Zafira markalı nəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulması, "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 2500 manat məbləğində sığorta ödənişinin köçürülməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
11. İddiaçı “"xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASCnin xeyrinə 2500 manat məbləğində sığorta ödənişinin, 45 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
13. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
14. Cavabdeh1 31 may 2023-cü il və 18 oktyabr 2023-cü il tarixli məhkəmə iclaslarında verdiyi izahatında kəllə-beyin travmasının olduğunu, işləyə bilmədiyini, həmçinin, dörd övladının olduğunu və maddi vəziyyətinin yaxşı olmadığını bildirərək, birdəfəlik ödəniş etməyə imkanı olmadığını bildirmişdir.
15. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dindirilmiş ekspert X1 bildirmişdir ki, ekspert rəyinin nəticə hissəsində texniki səhvə yol verilib və yekun zərər məbləği 2400 manat olmalı olduğu halda, 975 manat göstərilib. Ekspert rəyinin əsaslandırma hissələrindən də göründüyü kimi dəyişdirilməli hissələrin dəyəri 1500 manat, təmir bərpa işləri isə 900 manat qiymətləndirilməklə, 2400 manat yekun zərər məbləği qeyd olunmuşdur.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 936. Subroqasiya hüququ 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 205. Ekspert rəyinin tədqiqi 205.1. Ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir. 205.2. Hakim ekspertin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
18. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarili ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş nəqliyyat vasitəsinin sahibinə 2500 manat pul köçürülmüşdür. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Bundan əlavə, iş materiallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və Abşeron Rayon Məhkəməsinin 3(012)-1174/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh1 AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat inzibati cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir.
20. Məhkəmə araşdırması zamanı iş materiallarından və Cavabdeh1 öz izahatından müəyyən olunmuşdur ki, ** EU *** dövlət qeydiyyat nişanlı VAZ 2101 markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 olsa da, Cavabdeh1 həmin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Bu səbəbdən iddia tələbi hər iki cavabdehə münasibətdə əsaslıdır. Belə ki, hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsinin mülkiyyətçisi onu sürücülük olmadan bilavasitə ziyan vuran üçüncü şəxsin qanunsuz istifadəsinə verdiyi üçün məhkəmə hər iki cavabdehin müştərək qaydada mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olduqları qənaətinə gəlir.
21. Dəymiş ziyanın məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh1 zərər aktında göstərilən məbləğlə razılaşmadığı üçün məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Opel Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 975,98 manat müəyyən edilir.
22. İddiaçının nümayəndəsi Nümayəndə rəy ilə razılaşmayaraq bildirmişdir ki, avtomobilin buraxılış ili 1999-cu ildir və istifadə edilmiş ehtiyat hissələrindən təmirdə istifadə edilib hesablama aparılmış və 2500 manat məbləğində köçürülmə edilmişdir. Ekspertizada əlavə siyahı çıxarılıb və həmin məbləğ onların ödədikləri məbləğdən 100 manat aşağıdır. Lakin rəydə tədqiqatın nəticə hissəsində təmir-bərpa xərcini təxminən 975,98 manat müəyyən edilib. Köhnəlmə əmsalı olduqda xüsusi olaraq 4% köhnəlmə əmsalının tətbiq edilməsi barədə qeyd aparılır. Ümumiyyətlə, köhnəlmə tətbiq edilməyib, çünki nəqliyyat vasitəsinin ehtiyat hissələri kifayət qədər köhnə idi, ekspert özü də rəydə bunu qeyd edib.
23. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
24. Məhkəmə iddiaçının nümayəndəsinin qeyd olunan etirazına və vəsatətinə əsasən yol verilmiş anlaşılmazlığın aradan qaldırılması məqsədilə rəyi vermiş eksperti məhkəmə iclasına çağırmış və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dindirilmiş ekspert X1 ekspert rəyinin nəticə hissəsində texniki səhvə yol verildiyini və yekun zərər məbləğinin rəydə cədvəl hissəsində qeyd olunan məbləğdə, yəni 2400 manat məbləğində olmasını qeyd etmişdir.
25. Məhkəmə bununla bağlı qeyd edir ki, ekspert rəyinin əsaslandırma hissələrindən də göründüyü kimi dəyişdirilməli hissələrin dəyəri 1500 manat, təmir bərpa işləri isə 900 manat qiymətləndirilməklə, 2400 manat yekun zərər məbləği qeyd olunmuş, sadəcə olaraq texniki səhv nəticəsində yekun nəticədə fərqli rəqəm yazılmışdı. Buna görə də məhkəmə ekspertin izahatına və rəyin əsaslandırma hissələrinə əsasən rəyin nəticə hissəsində zərərin ümumi məbləği kimi qeyd olunan 975,98 manatı 2400 manat kimi qəbul edərək, cavabdehlərdən ümumilikdə 2400 manatın müştərək qaydada tutulmalı olduğu qənaətinə gəlir.
Məhkəmə xərcləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,20 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1,80 manat hissəsi iddiaçının özünə aid edilməlidir.
29. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmənin gəldiyi nəticə
30. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2400 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2400 (iki min dörd yüz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,20 (qırx üç manat iyirmi qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 1,80 (bir manat səksən qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.