Məhkəmə qərarları › İş №e-2(010)-1974/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1974/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1974/2022 24.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında "dəymiş zərərin tutulması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Hyundai Elantra” minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 380.00 (üç yüz səksən) manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-1974/2022 saylı qərardadı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "dəymiş zərərin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin dəlilləri xx.xx.2021 il tarixində Bakı şəhərində "AZSİĞORTA'' ASC-də mülki məsuliyyəti PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş "Toyota Prius (Hibrid)'' minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh, sürücü X1 idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuş və hadisə yerindən yayınmışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddələri ilə xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. “Hyundai Elantra” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 380 (üç yüz səksən) manat məbləğində sığorta ödənişi verilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. PAZ********** saylı xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Hacı-zadə Cavidan Elgün oğlu "Toyota Prius (Hibrid)'' minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə 5000 manata sığortalamışdır. Dəymiş zərərin hesabı ilə müəyyən olunur ki, “Hyundai Elantra” minik markalı, **-EB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yekun olaraq 380 manat məbləğində ziyan dəymişdir. Paşa Bankın ödəniş tapşırığından müəyyən olunur ki, “AZSİĞORTA» ASC tərəfindən X2 380 manat məbləğində ödəniş olunmuşdur. Tətbiq edilən hüquq Mülki Məcəllə Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. (maddə 1108.1) Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (maddə 63.1). Mülki Prosessual Məcəllə Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4) Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, Hacı-zadə Cavidan Elgün oğluna məxsus "Toyota Prius (Hibrid)'' minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə İddiaçı ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı növü ilə sığortalanmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, Cavabdeh idarə etdiyi "Toyota Prius (Hibrid)'' minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədərək X1 idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən hadisə nəticəsində zərər dəymiş avtomobilin mülkiyyətçisinə 380 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 380 manat həcmində subroqasiya hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 380 (üç yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 380 (üç yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar