Məhkəmə qərarları › İş №e-2(010)-1990/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1990/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1990/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi 10.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Soyuducu İndesit üçün 388 (üç yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə; 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********05696 X2 8 markalı telefonüçün 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə; 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********37999 Samsung galaxy A10 markalı telefon 291.1 (iki yüz doxsan bir manat, on qəpik) manat ödənilməmiş hissə, 29.9 (iyirmi doqquz manat doxsan qəpik) manat cərimə miqdarında borc olmaqla ümumilikdə, 1013 manat borc və 30.13 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə 10.10.2019-cu il, 21.02.2020-ci il, 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu İndesit, İMEİ kodu **********05696 X2 8 markalı telefon və İMEİ kodu **********37999 Samsung galaxy A10 markalı telefon almış və nəticədə 1013 (min on üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 738 (yeddi yüz otuz səkkiz) manat (18 ay x 41 manat + 0 manat ilkin ödəniş) Soyuducu İndesit üçün ümumilikdə, 426 (dörd yüz iyirmi altı) manat olmaqla ondan, 388 (üç yüz səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38 (otuz səkkiz) manat cərimə; 21.02.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 552 (beş yüz əlli iki) manat (12 ay x 46 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********05696 X2 8 markalı telefon üçün ümumilikdə, 266 (iki yüz altmış altı) manat olmaqla ondan, 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə; 26.02.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 381.2 (üç yüz səksən bir manat iyirmi qəpik) manat (12 ay x 29.1 manat + 32 manat ilkin ödəniş) İMEİ kodu **********37999 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 321 (üç yüz iyirmi bir) manat olmaqla ondan, 291.1 (iki yüz doxsan bir manat, on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.9 (iyirmi doqquz manat, doxsan qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 750.1 manat təşkil edir. İş materiallarına əlavə edilmiş:

1. 10.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Soyuducu İndesit Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 41 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. 21.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC X2 8 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 46 manat ödəməyi öhdəsinə götürmüşdür.

3. 26.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung galaxy A10 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 29,1 manat ödəməyi öhdəsinə götürmüşdür.

"xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh oğlunun "xxxx" MMC-yə 10.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 388 manat ödənilməmiş hissə, 38 manat cərimə; 21.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 242 manat ödənilməmiş hissə, 24 manat cərimə; 26.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 291,1 manat ödənilməmiş hissə, 29,9 manat cərimə olmaqla ümumilikdə 1013 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.

Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 10.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 738 manat olan özünə məxsus Soyuducu İndesit cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 41 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında 21.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 552 manat olan özünə məxsus X2 8 markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 46 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında 26.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 381,2 manat olan özünə məxsus Samsung galaxy A10 markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 29,1 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin 10.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 388 manat ödənilməmiş hissə, 38 manat cərimə; 21.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 242 manat ödənilməmiş hissə, 24 manat cərimə; 26.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 291,1 manat ödənilməmiş hissə, 29,9 manat cərimə olmaqla ümumilikdə 1013 manat məbləğində borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqavilələri üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq 10.10.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 20 manat; 21.02.2020-ci il tarixli müqavilə üzrə cərimə borcunun 12 manat və 26.02.2020-ci il tarixli müqavilə üzrə cərimə borcunun 15 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan 10.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 388 manat, cərimə borcuna görə 20 manat; 21.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 242 manat, cərimə borcuna görə 12 manat və 26.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 291,1 manat, cərimə borcuna görə 15 manat olmaqla cəmi 968,1 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30,13 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 10.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 388 (üç yüz səksən səkkiz) manat, cərimə borcuna görə 20 (iyirmi) manat; 21.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 242 (iki yüz qırx iki) manat, cərimə borcuna görə 12 (on iki) manat və 26.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 291,1 (iki yüz doxsan bir manat on qəpik) manat, cərimə borcuna görə 15 (on beş) manat və ödənilmiş dövlət rüsumuna görə 30,13 (otuz manat on üç qəpik) manat olmaqla cəmi 998,23 (doqquz yüz doxsan səkkiz manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar