Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-21/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh və Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə (üçüncü şəxslər X5, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində olan 0.054740 ha torpaq sahəsində yerləşən 6A literli yaşayış binasına bitişik, cavabdeh tərəfindən inşa olunmuş qanunsuz tikilinin və onun üzərində quraşdırılmış qurğunun (talvarın) sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində olan 0.054740 ha torpaq sahəsində yerləşən 6A literli yaşayış evi onun mülkiyyətindədir. Həmin ev digər tikililərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2008-ci il tarixi və **********4 nömrə ilə qeydə alınmışdır. Qonşuluqda yerləşən digər yaşayış yerinin mülkiyyətçisi Cavabdeh istifadəsində olan torpaq sahəsində onun evinə bitişik, tikinti normalarına cavab verməyən qanunsuz tikili inşa etmiş və qurğu (talvar) quraşdırmışdır ki, bunun nəticəsində yağan yağış sularının yığılması və evinə düşən günəş işığının tam bağlanması səbəbindən evinin divarı su çəkərək islanır. Bu da evin təmirini korlamaqla yanaşı, sağlamlıqlarına ziyan vurur. Cavabdeh tərəfindən qanunsuz tikilinin inşa edilməsindən əvvəl bu kimi hallar baş verməmişdir. Ona görə də cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili sökülməlidir.
Tərəflərin izahatları.
3. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehin həyətində olan tikilinin tavanı onun evinin divarına bitişikdir. Həmin tikilinin üstü açıq olduğundan yağış yağanda onun evinin divarına su keçir və evin qonaq otağının divarları yararsız vəziyyətə düşür. Əvvəllər həmin tikilinin üzərində onun tərəfindən inşa edilmiş şifer olsa da cavabdeh şiferi sökmüşdür. Cavabdeh ona təklif edir ki, həmin tikilinin yerləşdiyi yeri 50000 ABŞ dollarına ondan alsın. Lakin o, bu təklifi qəbul etmir. Cavabdeh də bu səbəbdən onu bezdirmək üçün şiferləri sökmüş, onun evinin divarlarına nəm keçməsinə səbəb olmuşdur. Hesab edir ki, bu vəziyyətin qarşısını almaq üçün cavabdehə məxsus tikili sökülməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh öz həyətindəki tikilinin üzərindəki şiferi sökməklə yağış sularının tikilinin üstündə yığılıb iddiaçının evinin divarlarına zərər dəyməsinə səbəb olmuşdur. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı da bu hal aşkar görünmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun həyətində olan tikilinin üzəri hazırda boşdur. Lakin o, gələcəkdə həmin hissəsini ev edəcəyindən orada yerləşən dəmir boruların çıxarılmasını istəyir. Borular çıxarılacağı təqdirdə iddiaçının öz evindən onun evinin həyətinə qədər uzanacaq şiferin çəkilməsinə etiraz etmir. Əgər belə olarsa, yağış suları birbaşa onun həyətinə axacaq və onun buna etirazı yoxdur. Lakin tikilinin üzərində quraşdırılmış dəmir boruların orada qalmasına razı deyil, çünki həmin tikilinin üstündə ev tikəcək. Bundan başqa, iddiaçı 2008-ci ildən həmin mübahisəli sahəni ondan satın almağa söz versə də, sözünə əməl etməyərək, onu aldatmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş X5 bildirdi ki, ona məxsus fərdi yaşayış evi iddiaçı və cavabdehə məxsus fərdi yaşayış evlərindən faktiki olaraq naturada ayrıdır. Bu səbəbdən iddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir.
İş materialları.
8. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində istifadədə olan 0.054740 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli və 1 ədəd 2 mərtəbəli, 6 otaqlı, 130.9 m2 yaşayış, 217.1 m2 köməkçi sahədən ibarət 6/6 a nömrəli fərdi yaşayış evi mülkiyyət hüquqları üzrə İddiaçı B tikilisi, X3 V tikilisindən 1 otaq, Cavabdeh A tikilisi adlarına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 7269 nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 10/4624 saylı rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində 6A ünvanında yerləşən evin arxa divarına bitişik olan Cavabdeh məxsus həyətdə iddiaçının evinin divarına bitişik hər-hansı tikili müəyyən edilməmişdir. İddiaçı evinin cavabdehin həyətyanı sahəsinə tərəf olan divarında nəmişlik və iç divar üzlüklərində soyulmalar mövcuddur. Lakin həmin nəmliyin hansı səbəbdən baş verməsini müəyyən etmək mümkün olmamışdır.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2023-cü il, 10/296 saylı rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində 6A ünvanında yerləşən İddiaçı məxsus evin arxa tərəfinə bitişik olan Cavabdeh məxsus həyətyanı sahədə mövcud olan tavanın iddiaçının evinin divarına perpendikulyar vəziyyətdə olan tikilinin yağıntılar zamanı İddiaçı evinin nəm çəkməsinə səbəb ola bilər. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində 6A ünvanında yerləşən İddiaçı məxsus evin iç divarı üzərində divar kağızının soyulması kimi halların olduğu müəyyən edilir və evin evin iç divarı üzərində divar kağızının soyulması halının divarın nəm çəkməsi nəticəsində baş verdiyi müəyyən edilir.
11. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, (“İddiаçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evin arxa divarına bitişik olan Cavabdeh məxsus həyətdə tavanı iddiaçının evinin divarına perpendikulyar vəziyyətdə olan tikili (eyvan şəklində) kimin mülkiyyətindədir? Yaxud özbaşına tikilidirmi?” sualına cavab olaraq) göstərilən torpaq sahəsi faktiki olaraq 0.1003 ha təşkil edir. Sahə mişar daşı ilə üç hissəyə ayrılmışdır. Torpaq sahəsinin üzərində texniki pasportda qeyd olunan “A” və “B” literli yaşayış evləri mövcuddur. Texniki pasportda qeyd olunan “V” literli tikili ərazidə müşahidə olunmur (Digər payçıların şifahi məlumatına əsasən “V” literli tikili köhnədən sökülüb). “B” literli tikilidə rekonstrukturizasiya işləri aparılmış, əlavə sahələr inşa edilmişdir. Mübahisə predmeti olan və “B” literli tikilinin arxa divarına bitişik talvar arxiv texniki pasportda öz əksini tapmamışdır. Talvar yalnız dəmir konstrukturizasiyadan və üzərində yerləşən iki şiferdən ibarətdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən torpaq sahəsinin şimal tərəfdən 180 m2 hissəsi və “A” literli tikili elektrik xəttinin (6 kVt) mühafizə zonasına düşür. Cənub tərəfdən artırılmış torpaq sahəsi əvvəllər mövcud olmuş yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası olmuşdur. Ümumi sahə H.Əliyev prospektinin Suraxanı rayonundan keçən hissəsindən 11 metr aralıdır. Bundan başqa, pasportda göstərilən sahə ilə faktiki vəziyyət arasında konfiqurasiya və ya sahə fərqi mövcuddur.
İşin faktiki halları.
12. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin A tikilisi üzərində Cavabdeh, B tikilisi üzərində İddiaçı, V tikilisi üzərində isə X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır.
13. Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, 6 ünvanında yerləşən A tikilisinin yerləşdiyi həyətdə İddiaçı məxsus B tikilisinə perpendikulyar vəziyyətdə bitişik tikili, onun üzərində isə talvar tikilmişdir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 43. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 170. Qonşuluq hüququ. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
17. İş materialları və məhkəmə tərəfindən keçirilmiş yerində müayinə əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh qonşu evlərdə yaşayırlar. Belə ki, bu evlər 6/6a ünvanında yerləşən fərdi yaşayış evinin A və B literli tikililəri olmuş, A tikilisinə Cavabdeh, B tikilisinə isə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Evlər birbirindən naturada ayrılmış, təcrid vəziyyətdədir.
18. Lakin müəyyən edilmişdir ki, Cavabdeh məxsus A tikilisinin yerləşdiyi həyətdə İddiaçı məxsus B tikilisinin divarına bitişik tikili tikilmişdir. Belə ki, bu hal həm məhkəmənin mübahisəli ərazidə keçirdiyi yerində müayinə, həm burada təkrar ekspertiza keçirən ekspert, həm də daşınmaz əmlakın dövlət qeydiyyatı orqanının mütəxəssisi tərəfindən müəyyən edilmişdir. Mütəxəssis rəyində, həmçinin qeyd edilmişdir ki, iddiaçının evinin divarına bitişik olan bu tikili texniki pasportda öz əksini tapmamışdır.
19. İddiaçı həmin tikilinin sökülməsini o əsasla tələb etmişdir ki, bu tikilinin üzəri heç bir örtüklə örtülmədiyindən (cavabdeh onun üzərindəki şiferi sökdüyündən) yağış suları həmin tikilinin üzərində yığılaraq onun evinə keçir, nəticədə evinin divarları nəm çəkir, divar kağızları soyulur, ev sakinləri rütubətdən əziyyət çəkir.
20. Məhkəmə tərəfindən mübahisəli ərazidə yağışlı gündə keçirilmiş yerində müayinə zamanı cavabdehin həyətində olan yuxarıda qeyd edilmiş tikilinin içərisinə baxış keçirilmiş, baxış nəticəsində tikilinin tavanında yağış sularının yığıldığı və intensiv şəkildə damladamla yerə axdığı, tavanın tam yaş vəziyyətdə olduğu müşahidə edilmişdir. Bundan sonra, iş üzrə iddiaçının evinə də baxış keçirilmiş və iddiaçının evinin cavabdehin həyətindəki tikiliyə bitişik olan divarında nəmişlik və iç divar üzlüklərində soyulmalar olduğu müşahidə edilmişdir. Bu vəziyyətdə cavabdehin evinin həyətində olan yuxarıda qeyd edilmiş tikilinin tavanında yığılmış suyun iddiaçının evinin divarlarında aşkar edilmiş nəmişlik və soyulmalara səbəb olub-olmamasının müəyyən edilməsinə zərurət yaranmışdır. Bu suala cavab verilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmiş və verilmiş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının evinin divarındakı soyulmalar divarın nəm çəkməsi nəticəsində baş vermişdir. Həmçinin qeyd edilmişdir ki, cavabdehin həyətində olan iddiaçının evinin divarına bitişik tikili yağıntı zamanı iddiaçının evinin divarının nəm çəkməsinə səbəb ola bilər. Məhkəmə, ekspertizanın nəticəsinin məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə edilənlərlə uyğunluq təşkil etdiyini, rəyin bu sahədə xüsusi biliyə malik şəxs tərəfindən verildiyini nəzərə alaraq, verilmiş rəylə razılaşır və hesab edir ki, cavabdehin evinin həyətində tikilmiş və iddiaçının evinin divarına bitişik olan tikili iddiaçının divarının nəm çəkməsinə, bu isə divarda soyulmalara səbəb olmuşdur.
21. Məhkəmə, bu tikilinin özbaşına tikili olduğunu da nəzərə alaraq qeyd edir ki, iddiaçı evinin divarına bitişik olan və divarın nəm çəkməsinə səbəb olan tikilinin sökülməsini tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisəli tikilinin iddiaçının maraqlarına toxunduğu artıq yuxarıda qeyd edilənlər əsasında müəyyən edildiyindən məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlir.
Məhkəmə xərcləri.
22. İş materiallarında iki ekspert rəyi mövcuddur. Bu rəylərdən biri üzrə ekspertiza xərci 50 manat, digəri üzrə 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ekspertiza xərci cavabdehə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin divarına perpendikulyar vəziyyətdə bitişik tikilmiş, Cavabdeh məxsus həyətdə yerləşən tikili və bu tikili üzərindəki talvar cavabdeh tərəfindən sökülməli, 150 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin divarına bitişik tikilmiş, Cavabdeh məxsus həyətdə yerləşən tikili və bu tikili üzərindəki talvar Cavabdeh tərəfindən sökülsün. 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva