Məhkəmə qərarları › İş №e-2(010)-2185/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2185/2024

18.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2185/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X2 adına Milli Oftalmologiya Mərkəzinin cavabdeh Bakı 18 saylı Mediasiya təşkilatına qarşı “Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00018 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış”ının etibarsız sayılması” tələbinə dair məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi

1. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X2 adına Milli Oftalmologiya Mərkəzi cavabdeh Bakı 18 saylı Mediasiya təşkilatına qarşı “Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00018 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış”ının etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı 18 saylı Mediasiya təşkilatının təqdim etdiyi xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00018 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış”ın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır.

4. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh Bakı 18 saylı Mediasiya təşkilatı iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X2 adına Milli Oftalmologiya Mərkəzinə çatdırdığı xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00018 nömrəli “İlkin mediasiya sessiyası (İMS) barədə Bildiriş”də ilkin mediasiya sessiyasının keçirilmə yerini göstərməyə borclu olduğu halda göstərməmiş və bu hərəkəti ilə iddiaçının mülki hüquqlarını və qanunla qorunan mənafelərini kobud şəkildə pozmuşdur. Daha sonra cavabdeh mediasiya prosesinin tərəfi olan X1 açıq-aşkar qanunsuz olduğunu bilə-bilə xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00018 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış” təqdim etmiş və o, həmin arayışı fərdi əmək mübahisəsi üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak edilməsi tələbinə riayət edildiyini təsdiq edən sənəd formasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Mediasiya prosesinin tərəfi olan X1 cavabdehin təqdim etdiyi xx.xx.2024cü il tarixli MŞB/18/2024-00018 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış” iddiaçının mülki hüquqlarını və qanunla qorunan mənafelərini kobud şəkildə pozduğuna görə etibarsız sayılmalıdır.

5. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Hazırki iş üzrə iddiaçının etibarsız sayılmasını tələb etdiyi arayış isə əqd deyildir və hər hansı mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsi olmamaqla, heç bir hüquqi nəticə doğurmur. Hüquqi nəticə yaratmadığından həmin arayış məhkəmə qaydasında etibarsız sayılmasını tələb etmək mümkünsüzdür.

6. Bununla yanaşı iddiaçının hazırda mübahisələndirilən mediator arayışı ilə razı olmadığı təqdirdə, arayışın verilməsinə əsas olmuş mübahisə üzrə işə mahiyyəti üzrə baxacaq müvafiq məhkəmədə, sənədlərin yenidən tərəflərin birgə iştirakı ilə müzakirə olunması üçün mediatora qaytarılması barədə vəsatət qaldırmaq hüququ var.

Məhkəmənin gəldiyi nəticə

7. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X2 adına Milli Oftalmologiya Mərkəzinin cavabdeh Bakı 18 saylı Mediasiya təşkilatına qarşı “Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00018 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış”ının etibarsız sayılması” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah olunmalıdır ki, hazırda mübahisələndirilən mediator arayışı ilə razı olmadığı təqdirdə, arayışın verilməsinə əsas olmuş mübahisə üzrə işə mahiyyəti üzrə baxacaq müvafiq məhkəmədə, sənədlərin yenidən tərəflərin birgə iştirakı ilə müzakirə olunması üçün mediatora qaytarılması barədə vəsatət qaldırmaq hüququ vardır.

8. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

İiddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X2 adına Milli Oftalmologiya Mərkəzinin cavabdeh Bakı 18 saylı Mediasiya təşkilatına qarşı “Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00018 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış”ının etibarsız sayılması” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, hazırda mübahisələndirilən mediator arayışı ilə razı olmadığı təqdirdə, arayışın verilməsinə əsas olmuş mübahisə üzrə işə mahiyyəti üzrə baxacaq müvafiq məhkəmədə, sənədlərin yenidən tərəflərin birgə iştirakı ilə müzakirə olunması üçün mediatora qaytarılması barədə vəsatət qaldırmaq hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar