Məhkəmə qərarları › İş №e-2(010)-2203/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2203/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2203/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonra mətndə İddiaçı İB) Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 54.80 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 84.80 (səksən dörd manat 80 qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın "xxxx" ASC-nin İddiaçı şöbəsüizrə(Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə 14.06.2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, Azəriqaz mübahisələndirilən mənzildə 2 sayğac quraşdırıb. İlk sayğac sayğac 2018-ci il tarixdə quraşdırılıb. Daha sonra 2019-cu ilin yanvar ayında ümumi binada sayğacların istismara yararsız olması səbəbi ilə sayğaclar dəyişdirilib və ikinci sayğac quraşdırılıb. Ümumiyyətlə, həmin dövr ərzində mənzildə yaşayış olmayıb. Təqdim etdiyi aktlarda da orada yaşayış olmadığı vaxtda sayğacların dəyişdirilməsi qeyd olunub. 2018-ci ilin mart ayında ailə üzvlərindən kiminsə və ya onun iştirakı və imzası olmadan akt tərtib edilib, sayğac dəyişdirilib və üzərində də 15 gün müddətində 70 manat məbləğində 702 kub sərfiyyat olduğu qeyd olunub. O, bu məsələ ilə bağlı İddiaçı İB-nə müraciət eləmiş, onlar isə “sayğac qaz sərfiyyatını qeyd etmədiyi üçün dəyişdirilib və bu məbləğ yeni sayğacda qeyd edilib” deyə cavab vermişlər. Daha sonra 16.05.2019-cu ildə yeni akt tərtib olundu və həmin aktda da köhnə sayğacın çıxarılaraq yeni sayğac quraşdırılması qeyd olunub. Ümumiyyətlə həmin vaxt qeyd edilən ünvanda heç bir yaşayış olmayıb və kommunallardan istifadə olunmayıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında verdiyi izahatında iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun bildirmişdir ki, iddiaçı ilə Cavabdeh arasında daha əvvələr və sonuncu dəfə 02.02.2019-cu il tarixində AKX- 0064242/02-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz"’ İB abonent Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz"’ İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********80657 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində sonuncu dəfə 16.01.2019-ci il tarixdə Smart G-4 X3 tipli, **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. 01/2022 tarixə istehlakçı Cavabdeh “Azəriqaz"’ İB-nə borcu 54.80 manat təşkil etməkdədir. Borcun yaranma əsasları bu cür olmuşdur: 16.05.2019-cu il tarixdə **********89 saylı sayğac çıxarılan zaman sərfiyyatı qeyd etmədiyi müəyyən edilmişdir. May ayının birinci yarısında istifadə olunmuş qaz sərfiyyatının hesabatı kombinin maksimal saatlıq qaz sərfiyyatına görə aparılmışdır Bir saatlıq maksimal sərfiyyat 2.6 m3 olmaqla 18 saat iş rejimi üçün 70,20 manat məbləğ saldoya daxil edilmiş, 01/2022 tarixədək 15,40 manat tutulma aparılmış, 54,80 manat isə qalmışdır. Lakin istehlakçı həmin borc məbləği ilə razılaşmamış, ərizə ilə borcun silinməsini xahiş etmişdir. Buna baxmayaraq tətəflər arasında borcun silinməsinə dair qarşılıqlı razılıq əldə edilməmişdir. Həmçinin, borcun yaranmasına əsas səbəb sayğacdan keçən qazın həcminin qeyd edilməməsi ilə yaranan itki olmuşdur. İş materiallarına əlavə edilmiş: İddiaçı İB (Paylayıcı) ilə Cavabdeh (İstehlakçı) arasında bağlanmış 02.02.2019-cu il tarixli AKX-0033370/10-2018 №-li qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı”isə aldığı qazın dəyərini qaz sayğacının göstərişinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir (bənd 1). Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir (bənd 2.3.1). İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı 10.12.2018-ci il tarixli aktından görünür ki, sayğac sərfiyyatı qeyd etmədiyi üçün 54,80 manat cərimə yazılmışdır. 06.04.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X1”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia rədd edilməlidir. Belə ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən qaz sayğacının zədələnməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır və 54,80 manat məbləğində borc ləğv olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar