Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2268/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi sənədin məxsus olması faktının müəyyən edilməsi haqqında tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi sənədin məxsus olması faktının müəyyən edilməsi haqqında dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 № li sərəncamının Ərizəçi aid olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 1999-cu ildə o, Suraxanı rayon İcra Hakimiyyətinə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ona torpaq sahəsinin ayrılması haqqında müraciət etmişdi. Həmin vaxt müraciətinə baxılmış və təmin edilmişdi. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 № li sərəncamına əsasən fərdi yaşayış evinin tikilməsi üçün ona Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Rəng emalı zavodunun qarşısındakı sahədə 300 kv.m torpaq sahəsi ayrılmışdı. Uzun illər ərzində onun və ailəsinin maddi imkanı olmadığı üçün o, həmin torpaq sahəsində ev tikə bilməmişdir. 2006-cı ildə həmin vaxt mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək qeyd edilən torpaq sahəsi üçün kadastr planı almışdır. Həmin vaxt qeyd edilən komitə heç bir problem olmadan kadastr planını ona verdi. Lakin, bundan sonra həmin torpaq sahəsi üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdı. 2024-cü ildə nəhayət o, həmin torpaq sahəsində fərdi yaşayış evini tikmək qərarına gəldi. Lakin, evin tikintisinə zəruri icazənin alınması üçün əvvəlcə həmin torpaq sahəsi üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq zəruri idi. Buna görə də həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün zəruri olan bütün sənədləri toplayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi. Lakin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün təqdim etdiyi sənədlərə baxdıqdan sonra qeyd edilən idarə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etdi. İmtinanın əsası kimi şifahi olaraq ona bildirdilər ki, şəxsiyyət vəsiqəsində qeyd olunan ata adı ilə sərəncamda qeyd olunmuş ata adı arasında fərq olduğu üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi mümkün deyil. Yalnız bundan sonra ona məlum oldu ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 № li sərəncamında ata adı “Şamxal” kimi göstərilmişdir. Halbuki onun bütün sənədlərində (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə və bütün digər sənədlərində ata adı düzgün olaraq “Şamxəlil” kimi yazılmışdır. Qeyd edilən səhfin yaranma səbəbi də ona məlum deyil. Lakin, bu səhf ona qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almağa imkan vermir. Həmin səhvi isə hər hansı başqa bir yolla düzəltmək mümkün deyil. Belə ki, həmin səhvin düzəldilməsi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etsə də oradan da şifahi olaraq bununla bağlı məhkəməyə müraciət etməyini bildirdilər. Buna görə də, o, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 № li sərəncamının ona məxsus olmasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək bildirmişdir ki, prosessual qənaətlik baxımından sənədlər yetərlidir, ancaq sərəncamda texniki səhv olub. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. "Elektron notariat" X1 Çıxarışdan görünür ki, doğum haqqında akt qeydi, atalığı müəyyən etmək haqqında akt qeydi və nikah haqqında akt qeydi bölmələrində xx.xx.1982-ci il təvəllüdlü Şərifova (Əmiraslanova) Zamirə Şamxəlil qızının ata adı hissəsində “Şamxəlil” qeyd edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 50 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli arayışdan görünür ki, Şərifova X2 18 nömrəli 5 mərtəbəli evin 5-ci mərtəbəsində 44.56 kv.metr sahəsi olan 3 otaqlı 33 nömrəli mənzildə yaşayır. Milli Arxiv İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X8 barədə Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli, 2015 saylı sərəncamının təsdiq edilmiş ksero surəti göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 saylı sərəncamı ilə vətəndaş X3 fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, Rəng emalı zavodunun qarşısındakı sahədə 300 kv.m torpaq sahəsi ayrılmışdır. AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin Kadastr planından görünür ki, Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 saylı sərəncamı ilə X3 fərdi yaşayış evi tikintisi üçün ayrılan 300 m2 torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. Gürcüstan SSR Dmanisi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, V-TИ seriyalı, 353924 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X5 (atası X6, anası X14) xx.xx.1982-ci ildə Dmanisi rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1982-ci il tarixdə 265 nömrə ilə qeyd edilmişdir. Gürcüstan SSR Dmanisi rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş, İİ- TИ seriyalı 460151 nömrəli nikah haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X6 və X14 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 84 nömrə ilə qeyd edilmişdir. Gürcüstan SSR Dmanisi rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, Vİ-TИ seriyalı, 362992 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası X6, anası X14) xx.xx.1984-cü ildə Dmanisi rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Rusiya Federasiyası tərəfindən X4 verilmiş xx.xx.2015-ci il tarixli pasportun tərcümə edilmiş surətindən görünür ki, o, xx.xx.1959-ci il tarixdə Gürcüstanda doğulmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər....
13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 № li sərəncamının ona - Ərizəçi məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 №-li sərəncamına əsasən Ərizəçi fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, Rəng emalı zavodunun qarşısındakı sahədə 300 kv.m torpaq sahəsi ayrılması müəyyən olunmuş, lakin torpağın ayrılması haqqında sərəncamda, atasının adı “Şamxəlil” əvəzinə “Şamxal” olaraq göstərilmişdir. Bu hal isə onun mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaradır. Bu səbəbdən, ərizəçi həmin sərəncamın ona məxsus olması faktının müəyyən edilməsində maraqlıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə atasının adı “Şamxəlil” kimi göstərilmişdir. Bununla yanaşı, ərizəçinin atası – X4 verilmiş Rusiya Federasiyası pasportunda və nikahın bağlanması haqqında şəhadətnamədə onun adı “Şamxəlil” olaraq qeyd edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 №-li sərəncamında texniki səhv nəticəsində “Şamxəlil” adı əvəzinə “Şamxal” adı yazılmışdır. Belə ki, Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 saylı sərəncamında Ərizəçi məxsus olması faktı iş materialları ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 saylı sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 01 oktyabr 1999-cu il tarixli 2015 saylı sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva