Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2281/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh suyun verilməsi və çirkab suyunun axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1535.40 manat borcun (abonent kodu: **********100) və 35.35 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu:O2231O1OO21OO) su təchizatı sistemindən suyun buraxılması və çirkab suyunun axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana ALFASU-20 markalı, 49819452 nömrəli sayğac xx.xx.2014-cü il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 1535.40 (Min beş yüz otuz beş manat 40 qəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçının iddia ərizəsində qeyd edilən ünvanında 2015-ci ilə qədər su xətti çəkilməmişdir. 2015-ci ildən sonra həmin ünvana su xətti çəkilmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, həmin ərazidə 2015-ci ilədək su xətti olmamışdır. Hətta bununla bağlı bir neçə dəfə şifahi qaydada idarəyə müraciət etmişdir. 2016-cı ildə isə həmin əraziyə su xətti çəkilmişdir. Əlavə olaraq bildirdi ki, su xətti çəkiləndən sonra sudan istifadə ilə əlaqədar heç bir ödəniş etməmişdir.
İş materialları.
5. Abonent kartından görünür ki, Cavabdeh ünvanında – ünvan 1 ünvanında xx.xx.2014cü il tarixdə 49819452 nömrəli, 322425 plomb nömrəli, ALFASU-20 markalı sayğac quraşdırılmış və abonent kodu **********100, müqavilə nömrəsi №21321133, tarixi xx.xx.2007, xidmət tipi su və çirkab olan Cavabdeh hesabına su sərfiyatına görə 2023-cü il daxil olmaqla 1535.40 manat borc hesablanmışdır.
İşin faktiki halları.
6. İddiaçı tərəfindən Cavabdeh ünvanında su və çirkab sularının axıdılması ilə əlaqədar su sayğacının quraşdırılması və su sərfiyyatına uyğun olaraq ümumilikdə 2023cü il daxil olmaqla “Abonent kartına” əsasən 1535.40 manat borc yazılması işin hallarını təşkil edir. Hazırki iddia tələbində iddiaçı cavabdehdən borc məbləğinin ödənilməsini tələb edir və iddia tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən ümumiyyətlə su sərfiyyatı ilə bağlı ödəniş edilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir və bildirir ki, həmin ərazidə 2015-ci ilədək ümumiyyətlə su xətti olmamışdır. Tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdehə aid ünvanda 2016-cı ildən etibarən su xətti var.
Tətbiq edilən hüquq.
7. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri 61.1 Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
8. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı.
8. STKM-in vəzifələri 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim edilməlidir.
9. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
Məhkəmənin mövqeyi.
10. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
11. Belə ki, tərəflərin izahatı və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdehin yaşadığı ünvanda 2015-ci ilə qədər ümumiyyətlə su xətti olmamış və yalnız qeyd olunan tarixdən sonra həmin əraziyə su xətti çəkilmişdir. Qeyd olunan halı cavabdehlə yanaşı, iddiaçı tərəf də öz izahatında təsdiq edir. İş materiallarından görünür ki, 2011-ci ildə su sərfiyyatına görə yaranan borclar silinərək sıfırlanmışdır. İddiaçının tələb etdiyi 1535.40 manat borc vəsaiti 2012-ci ildən etibarən hesablanmaqla, həmin ünvana su xəttinin çəkilmədiyi 2015-ci il də daxil olmaqla 2023-cü ilədək hesablanmışdır. Su xəttinin olmadığı illər üçün (2012-2015) hesablanan borc məbləği 752.4 manat təşkil edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının ümumi olaraq tələb etdiyi 1535.40 manat borc vəsaitindən su xəttinin olmadığı 2012-2015-ci illər üçün hesablanan 752.4 manat borc vəsaiti çıxılmaqla qalan 783 manat borc vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ona görə ki, su xəttinin çəkilmədiyi ünvana su sərfiyyatına görə borcun tələb edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə qalıq borc vəsaitinin tutulması ilə bağlı onu da qeyd edir ki, cavabdeh tərəf də öz izahatında su xətti çəkildiyi vaxtdan etibarən su sərfiyyatı ilə əlaqədar heç bir ödəniş etmədiyini bildirmişdir. Halbuki, yuxarıda qeyd edilmiş hüquq normalarının tələblərinə görə cavabdeh istifadə etdiyi suyun qarşılığında yaranmış borcunu vaxtında və tam məbləğdə ödəməyə borcludur.
Məhkəmə xərcləri.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 35.35 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
15. İddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 35.35 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Mehdı̇ bəyov Nazı̇ m Yusı̇ f oğlundan suyun verilməsi və çirkab suyunun axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 783 manat borc (abonent kodu : **********100) və iş üzrə ödənilmiş 35.35 manat dövlət rüsumunun 30 manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
17. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Mehdı̇ bəyov Nazı̇ m Yusı̇ f oğlundan suyun verilməsi və çirkab suyunun axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 783 manat borc (abonent kodu : **********100) və iş üzrə ödənilmiş 35.35 manat dövlət rüsumunun 30 manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.