Məhkəmə qərarları › İş №e-2(010)-2372/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2372/2025

16.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2372/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Nurulla qızı Qafarovanın sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər 5 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı ərazi İdarəsi) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi və miras əmlakdan payların müəyyən olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi

1. Bakı şəhəri, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 91-də yerləşən 16 saylı mənzilin mərhum anası X3 miras qalmış hissəsinə dair 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin notariusu Xalid Hacıyev tərəfindən təsdiq edilmiş 2V-404 reyestr nömrə ilə qeydiyyata alınan V-238/2024 nömrəli 02 avqust 2024-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi;

2. Həmin mənzil üzərində Cavabdeh mülkiyyət hüquqlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı ərazi İdarəsində **********85-05101-093026 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə aparılmış qeydiyyatın ləğv olunması;

3. Bakı şəhəri, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 91-də yerləşən 16 saylı mənzilin anası X3 miras qalmış hissəsinin ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində isə miras payının müəyyən olunması.

İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə anası X11 xx.xx.1973-cü ildə nikah bağlayaraq ailə qurmuşlar. Onların nikahından qardaşı Cavabdeh xx.xx.1974-cü ildə və xx.xx.1976-cı ildə isə özü, yəni İddiaçı doğulub. X1 xx.xx.1994-cü ildə, anası X11 isə xx.xx.2020-ci ildə vəfat etmişlər. Seriya MH № 073362 saylı, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 91-də yerləşən 16 saylı mənzilin mülkiyyətçiləri anası X11 və qardaşı Cavabdeh olmuşdur. Bakı şəhəri, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 91-də yerləşən 16 saylı mənzilin anasından miras qalmış hissəsi onun məlumatı və razılığı olmadan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin notariusu Xalid Hacıyev tərəfindən təsdiq edilmiş 2V-404 reyestr nömrəli xx.xx.29024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən qardaşı Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin miras əmlakın vərəsəlik qaydasında qardaşı Cavabdeh adına qeydiyyata alınmasından əvvəllər məlumatı olmayıb. Ümumiyyətlə vərəsə kimi notariat tərəfindən işə cəlb olunmamış və mirasdan da imtina etməmişdir. Bir neçə gün əvvəl vəkilinin apardığı araşdırma ilə məlum olmuşdur ki, qardaşı Cavabdeh anasından miras qalmış Bakı şəhəri, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 91-də yerləşən 16 saylı mənzilə dair 5 saylı Bakı “Asan xidmət” mərkəzindəki notariat ofisində 2V-404 reyestr nömrə ilə qeydiyyata alınan V-238/2024 nömrəli 02 avqust 2024-cü il tarixli vərəsəlik şəhadətnaməsi almışdır. Daha sonra isə o həmin hüquqlarını **********85-05101-093026 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı ərazi İdarəsində qeydiyyatdan keçirməyə nail olmuşdur. Vərəsəlik işindən də məlum olur ki, nə qardaşı ondan başqa digər vərəsənin olması barədə notariusu məlumatlandırmamış, nə də notarius digər vərəsələrin olub-olmaması barədə araşdırma aparmamışdır. O, miras qoyan anası X6 vərəsələrindəndir və anasından miras qalmış əmlakını faktiki qəbul etmişdir. Belə ki, anasının yas mərasimi vaxtı bütün qonaqların miras qalmış mənzildə qarşılanması, onlara anasından miras qalmış pul vəsaiti hesabına ehsanların verilməsi, anasından miras qalmış pul və bir qismi də öz vəsaiti hesabına anasının məzar daşının hazırlanması və həmin daşın anasının dəfn olunduğu Zaqatala rayonunda yerləşən qəbri üzərinə yerləşdirilməsi işlərini o, özü yerinə yetirmişdir. Anasından miras qalmış mənzilin bölünməsi barədə qardaşı ilə həmişə arasında müəyyən danışıqlar olmuşdur. Qardaşı həmişə payın çoxunun ona çatması və yaxud payın ümumilikdə oğluna bağışlanması barədə deyərdi. O isə heç vaxt qardaşı ilə razılaşmamışdır. Belə bir hallardan sonuncusu da 15 oktyabr 2024-cü ildə baş vermişdir. Belə ki, həmin gün o, anasından miras qalmış evə baş çəkmək və mirasın bölünməsi barədə qardaşı ilə danışıqlar aparmaq üçün gedərkən qardaşı onu evə buraxmaq istəməmiş və arasında mübahisə yaranmışdır. Mübahisə nəticəsində qardaşı tərəfindən xəsarət almış və bu barədə polisə müraciət etmişdir.

Tərəflərin izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək bildirdi ki, atası 1994-cü ildə vəfat etmişdir. Anasının kredit borcları var idi. Onun əlavə xərclərində özü iştirak edib. Özü ailə qurduqdan sonra həmin evdən köçmüşdür. Sonralar anasına baş çəkmək üçün oraya gedib gəlirdi. Cavabdeh o evdə daimi yaşamamışdır. Anası vəfat etdikdən sonra köçüb. Anası sağ olan vaxtı cavabdeh 1-2 dəfə gəlib. Anası yataq xəstəsi olmayıb, ürəyi xəstə idi. Anası sağ olan vaxtı qardaşı deyirmiş ki, evi sataq, ipoteka götürüb, Xırdalana yaxın yerdən ev alaq. Anasını buna məcbur edirdilər. Onu döyüblər, sonra da yalandan guya özü özünü döyüb deyirdilər. Həmin evin satılmasını istəmir, ona görə ki ata yurdudur. Anasının əşyalası hazırda həmin mənzildə yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh bacı-qardaşdılar. Məmmədov Ələkbər və Məmmədova Xacay xx.xx.1973-cü ildə nikah bağlayaraq ailə qurublar. Birgə nikahdan iddiaçı Zalıyeva Səriyyə və Cavabdeh dünyaya gəliblər. Məmmədov Ələkbə xx.xx.1994-cü il tarixdə, X11 isə xx.xx.2020-ci il tarixdə vəfat ediblər. Seriya MH № 073362 saylı, xx.xx.1997-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 91, 16 saylı mənzil X3 miras qalıb və övladları X7 və Cavabdeh Ələkbər oğlu arasında bölünməlidir. X2 yas mərasimini, ehsanın verilməsini, anasının məzar daşının hazırlanmasını anasından qalan mirasın və öz vəsaiti hesabına keçirmişdir. Tərəflər arasında həmin mirasın bölünməsi ilə bağlı danışıqlar olub. X6 vəfatından sonra vərəsəlik işinin açılması həyata keçirilməmişdir. Bu mirasla bağlı tərəflər arasında mübahisə yaranmışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh Ələkbər oğlu həmin əmlakı öz adına keçirib. İddiaçı X7 vərəsə kimi notariat tərəfindən işə cəlb olunmayıb və mirasdan imtina etməyib. Cavabdeh Ələkbər oğlu iddiaçı X4 xəsarət yetirib. Bununla bağlı iddiaçı X7 polisə müraciət etmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə baş verib, polisin qərarı isə xx.xx.2025-ci il tarixdə qəbul edilib. Hazırda həmin evdə Cavabdeh Ələkbər oğlu yaşayır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı Zalıyeva Səriyyə ailə qurandan sonra Yasamal rayonunda yerləşən evə gəlin köçüb. Ailə qurandan sonra həmin mübahisəli evdə yaşamayıb. 2020-ci il tarixdə anası Məmmədova Xacayın vəfatından iddiaçı Zalıyeva Səriyyənin xəbəri var idi. İddiaçı X7 notariusa müraciət etməyib və mirası rəsmi qəbul etməyib. İddiaçının həmin mübahisələndirilən evə gəlib-getməsi mirasın faktiki qəbulu mənasına gəlmir. İddiaçı mübahisəlindirilən evə gedib, qapını bərk döymüş və cavabdeh qapını açmışdır. İddiaçı evə daxil olub və evdən çıxmayıb. Əvvəl oturub söhbət etmiş və sonra isə mübahisə yaradıb. Evdən çıxmırmış. Cavabdeh məcbur qalıb 102-yə zəng edib. Notariat işində adətən forma 2 olur. Həmin forma 2-də qeydiyyatda olan şəxslər barəsində məlumat olur. Əgər iddiaçı həmin evdə qeydiyyatda olsa idi, notarius tək cavabdehə vərəsəlik şəhadətnaməsi verməzdi. İddiaçı mirasın qəbul edilmə vaxtını ötürmüşdür. Mirasın açılması barədə onun məlumatı var idi, çünki Cavabdeh öz oğlunu iddiaçının yanına göndərib ki, get bibinə de ki, notariusa gedirik. İddiaçı da həmin vaxt cavabdehin oğluna cavabında bildirmişdir ki, mənə heç nə lazım deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Şahidlərin ifadəsi Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, 1995-ci ildən Suraxanıda yaşayır. Cavabdehin arvadıdır. Hər iki evdə yaşamışlar. İddiaçı onlara qonaq kimi gəlirmiş. Evləri təmir olunan vaxt 2 ay qalmışdır. Qaynanası xəstə olan günlərdə qayınanasının yanında qalmışdır. Daha sonra həmin evə oğlu və gəlnini də gətirmişdir. 2019-cu ildə evi əsaslı təmir etmişlər. Evi oğluna vermək istəyən zaman atası dedi ki, get bibinə de sonra. İddiaçı da dedi ki, ona heç nə lazım deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, tərəflərin bibisidir. Qardaşı arvadı deyirdi ki, evi Telmanın oğlu təmir etdirib. Səriyyənin cavabdehdən pay istəməsi olmayıb. Özü 8-ci mikrorayonda yaşayır. Həmin evdə cavabdehlər yaşayıb.

İş materialları Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 ilə X15 arasında nikah Bakı şəhər Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.1973-cü il tarixdə 401 № ilə qeydə alınmışdır. Seriya MH № 073362 saylı xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, Fabrik küçəsi, ev 91-də yerləşən 16 saylı mənzil X6 və digər paylar üzrə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 413836 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə “durğunluq ürək çatmamazlığı” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 851 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisində Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, 15 oktyabr 2020-ci ildə ünvan 1 ünvanında yaşayan anası X11 vəfat etmişdir. Mirasın tərkibi ünvan 1 ünvanında yerləşən mənzil ondan irs qalmışdır. Həmin mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 5 saylı Bakı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhər İcra hakimiyyəti Texniki İnventarlaşdırma və MHQİ tərəfindən xx.xx.1997-ci ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ümumi birgə mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 91-də yerləşən ümumi sahəsi 75.6 kv/m, yaşayış sahəsi 59.8 kv.m, 5 otaqlı 16 saylı mənzilin X8 məxsus hissəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********85-05101-093026 saylı nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən (yeni qaydalarla. AZ 1042, ünvan 3, ümumi sahəsi 75.60 kv.metr olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ Cavabdeh adına xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

İşin faktiki halları İddiaçı ilə Cavabdeh bacı-qardaşdır. İddiaçının anası Məmmədova Xacay xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan ünvan 2 (yeni qaydalarla. AZ 1042, ünvan 3 ünvanında yerləşən, sahəsi 75.60 m2 olan fərdi yaşayış evi) miras qalmışdır. X17 vərəsəsi (oğlu) Cavabdeh xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək bildirmişdir ki, mirasın tərkibi ünvan 1 ünvanında yerləşən mənzil anasından irs qalmışdır. Həmin mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Anasından miras qalmış əmlaka vərəsə olması barədə Cavabdeh 5 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən 2024-cü ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonradan Cavabdeh bu şəhadətnamə əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmiş, müvafiq çıxarış verilmişdir. Hazırda İddiaçı Cavabdeh adına verilmiş bu şəhadətnamə və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsini, miras əmlak üzərində ½ hissədə payının müəyyən olunmasını istəyir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir.

“Azərbaycan Respublikası Mülki Məcəllləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı

- Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir; - Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”.

99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi, İddiaçı və Cavabdeh – xx.xx.2020-ci il tarixdə vəfat etmiş Xacay Məmmədovanın uşaqlarıdır. Mərhumdan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 91, mənzil 16 (yeni qaydalarla. AZ 1042, ünvan 3 ünvanında yerləşən, sahəsi 75.60 m2 olan fərdi yaşayış evi) miras qalmışdır. X14 vərəsəsi (oğlu) Cavabdeh xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisinə müraciət etmiş, ünvan 1 ünvanında yerləşən mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini istəmiş, anasından miras qalmış əmlaka vərəsə olması barədə Cavabdeh 5 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən 2024-cü ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonradan Cavabdeh bu şəhadətnamə əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmiş, ona müvafiq çıxarış verilmişdir. Hazırkı mübahisə də mərhumdan miras qalmış daşınmaz əmlakla bağlıdır. Hazırda İddiaçı Cavabdeh adına verilmiş bu şəhadətnamə və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsini, miras əmlak üzərində ½ hissədə payının müəyyən olunmasını istəyir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, anasından miras qalmış əmlakı faktiki qəbul etmişdir. Bundan başqa iddiaçı “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına istinad edərək evdir ki, o, mirasdan imtina etmədiyindən miras əmlakdan ona çatası payın cavabdeh qardaşına verilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdeh tərəf isə iddia tələbinin dəlilləri ilə razılaşmır və tələbə etirazını onunla əsaslandırır ki, iddiaçı mübahisəli mənzili faktiki qəbul etməmişdir. Bundan başqa, cavabdeh iddiaçı tərəfin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarına münasibətdə bildirmişdir ki, həmin Qərar müvafiq Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil edilir, amma tərəflər arasında vərəsəlik münasibətləri tərəflərin anası Xacay Məmmədovanın vəfatı anından yaranmışdır. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı analarından miras qalmış əmlakı nə sahiblik etməyə və ya idarə etməyə faktiki başlamaqla, nə də notariusa ərizə verməklə qəbul etməmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçının əksinə, Cavabdeh isə anasından ona miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, bundan başqa mirasın qəbulu barədə notariusa ərizə ilə müraciət etmişdir. Məhkəmə vurğulayır ki, iddiaçı öz dəlillərində “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında sərgilənmiş yanaşmaya istinad etsə də, məhkəmə cavabdeh tərəfin həmin Qərarın tərəflər arasında vərəsəlik münasibətləri yaranan dövrə şamil edilmədiyi fikri ilə razıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qəbul etmədiyi mirasda payı (1/2 hissə) üzərində həmin miras əmlakın qanun üzrə vərəsəsi olan cavabdehin payı düzgün müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumu məbləğinə uyğun olmuşdur. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, rüsumu ödəmiş tərəfə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər 5 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı ərazi İdarəsi) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi və miras əmlakdan payların müəyyən olunması” tələbinə dair iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər 5 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı ərazi İdarəsi) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi və miras əmlakdan payların müəyyən olunması” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar