Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2383/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində fəaliyyət göstərən 12 saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 4Ə-529 nömrə ilə qeyd edilmiş satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 12 mart 2020-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39. Müstəsna aidiyyət 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, Cavabdeh qeydiyyat ünvanı Bakı şəhəri, Nəsimi rayonudur.
4. Hazırki mübahisənin predmetini (hüquq haqqında mübahisə olduğunu) nəzərə alaraq məhkəmə hesab edir ki, işə Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır.
5. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsini xahiş edir.
6. Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin məzmunundan görünür ki, iddianın daşınmaz əşyanın olduğu yerə görə verilməsi üçün üç şərtin olması məcburidir: 1) daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; 2) daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi və 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olması.
7. Göründüyü kimi hazırki iddianın daşınmaz əşyanın olduğu yerə görə verilməsi üçün qanunda nəzərdə tutulmuş heç bir şərt mövcud deyildir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə məhz müqavilə münasibətlərindən yarandığı üçün iddia predmetinin əsasını “müqavilənin etibarsız hesab edilməsi” tələbi təşkil edir. Müqavilənin etibarsız hesab edilməsi barədə tələb isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşmür.
Məhkəmənin gəldiyi nəticə
8. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
9. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.