Məhkəmə qərarları › İş №e-2(010)-2442/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2442/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2442/2023 05.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı "sığorta ödənişinin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi 660,00 (altı yüz altmış) manat məbləğində sığorta ödənişinin, 30 (otuz manat) məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) məbləğində xidmət haqqının, cəmi 690,40 (altı yüz doxsan manat qırx qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı Şirkətin hesabına ödənilməsi. İddia tələbinin dəlilləri xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Renault Megane minik” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə X3 məxsus “Renault Megane minik” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. AR DİN Xəzər RPİ DYP-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə”arayışına və TP ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində AR İXM-nin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsinə əsasən 100,00 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AR DİN Xəzər RPİ DYP tərəfindən “Renault Megane minik” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində tərtib edilmiş müvafiq inzibati tənbehvermə haqqında qərardan məlum olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. iddia ərizəsinə əlavə edilmiş, “Renault Megane minik” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin PDS********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin nəqliyyat vasitəsi “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Şirkət tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Renault Megane minik” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 660,00 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 24443 saylı sığorta aktına və 26008 saylı ödəniş tapşırığına əsasən 660,00 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Renault Megane minik” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2 "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, 08/01-439 saylı Pretenziya məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən Şirkət tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 660,00 manat məbləğində ödənilmiş sığorta ödənişi “Renault Megane minik” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürücüsü Cavabdeh geri ödənilməsi tələb edilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh Quzanov (Cəlilov) Etibar Bəxtiyar oğlu iddianı qəbul edərək, izahatında göstərdi ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomaşını özü idarə etmişdir. Həmin zaman maşını idarə etmək üçün etibarnaməsi olmamışdır. Onun dostu Mahirin səhhəti pisləşdiyindən avtomaşını özü idarə etmişdir. Həmin avtomaşınla bağlı dostu Mahirin etibarnaməsi olmuşdur. İddiaçının tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur. Belə ki, maddi imkanı çox ağırdır. Yalnız hissə-hissə həmin məbləği ödəyə bilər. İş materiallarına əlavə edilmiş: TP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə), barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 24443 saylı sığorta ödənişi ilə bağlı aktdan görünür ki, «Azərsığorta» DSKŞ tərəfindən X6 “Renault Megane minik” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 660.00 manat məbləğində zərər dəymiş və X1 yolu ilə həmin məbləğ ödənilmişdir. 26008 saylı ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X3 600.00 manat məbləğində onlayn ödəniş etmişdir. Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Renault Megane minik” markalı, ** ST *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş və avtomaşına yekun olaraq 660.00 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023cü il tarixdə Cavabdeh pretenziya ilə müraciət olunaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Renalute Megane minik” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tərəfinizdən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Renalut Megane minik” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. AR DİN Xəzər rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına, İXP 43483378 saylı inzibati tənbeh vermə haqqında protokoluna əsasən Siz yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmisiniz və barənizdə AR İXM-nin 327.6 (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrinə əsasən 100,00 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün Şirkət tərəfindən 660 manat ıəbləğində sığorta ödənişi ödənilmişdir. Faydalanan şəxs zərərvuran (həm hüquqi, həm də fiziki) şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquqi əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Şirkət sözügedən zərərin aradan qaldırılması üçün 660 manat məbləğində sığorta ödənişini tələb etmək hüququna sahib olmuşdur. Odur ki, 5 gün müddətində göstərilən məbləği Şirkətin bank hesabına ödəməsi xahiş olunmuş, əks təqdirdə Şirkət tərəfindən haqqında müvafiq məhkəmə orqanına 660 manat məbləğin ödənilməsi tələbi ilə müraciət olunacaq və iddianın təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi onun üzərinə düşəcəkdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (maddə 63.1). Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, “Renault Megane minik” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı növü ilə sığortalanmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Renault Megane minik” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X3 məxsus “Renault Megane minik” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. TP ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində AR İXM-nin 327.6-cı maddəsinə əsasən (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) 100,00 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Renault Megane minik” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 660,00 manat məbləğində müəyyən edilmişdir. 26008 saylı ödəniş tapşırığına əsasən 660,00 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Renault Megane minik” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2 "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 660 (altı yüz altmış) manat həcmində subroqasiya hüququ yaranmışdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 660 (altı yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat və xidmət haqqına görə 0,40 (qırx qəpik) manat olmaqla, cəmi 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 660 (altı yüz altmış) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və xidmət haqqına görə 0,40 (qırx qəpik) manat olmaqla, ümumilikdə 690,40 (altı yüz doxsan manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar