Məhkəmə qərarları › İş №e-2(010)-245/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-245/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-245/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 700 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi. İddia tələbinin dəlilləri “HYUNDAİ H100” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il dekabrın 01-də Cavabdeh2 etibanamə olmadan idarə etdiyi “HYUNDAİ H100” markalı, **- RT-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində X2 idarə etdiyi “MERCEDES BENZ E220” markalı, **-DK-*** dövlət nömrəli nişanlı avtomobillə toqquşmuşdur. Suraxanı DYPŞ-in TP4070183 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istina olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 700 manat məbləği zərərçəkmiş şəxs X4 ödəmişdir. Hesab edirlər ki, “HYUNDAİ H100” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olduğundan və Cavabdeh2 “HYUNDAİ H100” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh2, həm də Cavabdeh1 qarşı yaranır. İddia tələbinə etirazın dəlilləri Cavabdeh2 etirazını belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin ondan və digər cavabdehdən müştərək qaydada 700 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi haqqında iddiası əsassızdır. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun iştirakı ilə baş vermis avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobillə 700 manat məbləğində ziyan dəymişdir və buna görə də iddiaçı həmin məbləği sığortalıya ödəmiş və iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı "xxxx" ASC öz tələbini təsdiq edən sübut qismində məhkəməyə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 214 saylı qiymətləndirmə aktını əlavə etmişdir. Həmin akt işin həqiqi hallarını əks etdirmir. Belə ki, hadisə nəticəsində sığortalanmış avtomobilə ziyan dəysə də, ziyan cüzi olmuşdur, 700 manat civarında olmamışdır, dəymiş ziyanın maksimum məbləği 300 manat olardı, avtomobildə həmin gündən əvvəlki dövrdə də baş vermiş zədə izləri var idi. Hazırda isə iddiaçı avtomobildə hadisədən əvvəl də olmuş zədələrin pulunun ödənilməsini onun üzərinə qoymaq istəyir. İddiaçının təqdim etdiyi qiymətləndirmə aktını tərtib etmiş "xxxx" MMC onun iştirakıyla baş vermis hadisə nəticəsində baş vermis zədələrdən başqa avtomobillə bağlı daha əvvəl də baş vermis zədələri nəzərə alaraq 700 manat məbləğini müəyyən etmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 214 saylı qiymətləndirmə aktı mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, qiymətləndirmə aktını imza edən şəxslərin bilik səviyyələri, yəni həqiqətən də, avtomobil təmiri ilə məşğul olmaq, avtomobilin hansı hissəsinin nə dərəcədə zədələnməsini müəyyən edə bilmələri üçün lazımi təhsillərinin (diplomalarının), əmək təcrübələrinin (iş stajlarının) olub olmaması aktdan görünmür, eyni zamanda aktı imza edən şəxslər yalan məlumat verməməyə (yazmamağa) görə hər hansı bir məsuliyyət daşıyacalaqları barədə xəbərdar belə edilməmişlər. Belə olan halda iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 214 saylı qiymətləndirmə aktı iddiaçının tələb etdiyi məbləğin ondan tutulması üçün əsas götürülməməlidir. İddiaçı 700 manat məbləğində zərəri təsdiq edən mötəbər və şübhədənkənar sübutu məhkəməyə təqdim etdiyi üçün onun iddiası təmin edilməməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X1 məhkəməyə müraciət edərək, mülki iş üzrə 01 fevral 2023-cü il saat 11:50-a tarixə təyin edilmiş baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 əvvəlki məhkəmə iclasları zamanı verdiyi izahatlarında göstərmişdir ki, atasının avtomobilini atasının razılığı ilə o idarə edirmiş. Hadisə olduğu zaman isə etibarnamənin müddəti keçmişdir. İddia tələbində göstərilən məbləğlə razı deyil, onun fikrincə vurulmuş zərər daha az olmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA75245 saylı sığorta aktı, cari hesabdan çıxarış və təhvil-təslim aktından görünür ki, sığortalı Cavabdeh1 məxsus olan sığortalanmış “Hyundai H100” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, S.Bəhlulzadə küçəsində “MercedesBenz” E220” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bunun nəticəsində X4 məxsus olan avtomobilə "xxxx" MMC-nin tərtib etdiyi akta əsasən 700 manat məbləğində ziyan dəymiş və sığorta şirkəti tərəfindən X4 700 manat məbləğində sığorta ödənişi edilmişdir. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC sığortalı Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış PXA********** saylı müqaviləyə əsasən “Hyundai H100” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, “Hyundai H100” markalı minik, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh2 olmuşdur. Cavabdeh2 hadisə zamanı avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmiş və ayıq vəziyyətdə olmuşdur. Hadisə xx.xx.2020-ci il tarixdə 17:30 radələrində baş vermis və nəticədə X2 mülkiyyətində olan “MERCEDES BENZ E220” CDİ minik markalı, **-DK-*** dövlət nömrəli nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. "xxxx" ASC tərəfindən Cavabdeh2 03 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, hadisə zamanı onun nəqliyyat vasitəsini etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyini nəzərə alaraq 700 (yeddi yüz) manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin hesabına 7 iş günü ərzində könüllü ödəməsi təklif edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 214 saylı qiymətləndirmə aktından görünür ki, “MERCEDES BENZ E220” CDİ minik markalı, **-DK-*** dövlət nömrəli nişanlı avtonəqliyyat vasitəsinə 700 manat dəyərində təmir işləri görülmüşdür. İşin faktiki halları Cavabdeh1 mülkiyyətində olan “Hyundai H100” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 16 sentyabr 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən 1 il müddətinə sığorta edilmişdir. Sığorta müddətində, yəni 01 dekabr 2020-ci il tarixdə Cavabdeh1 oğlu Cavabdeh2 etibarnamə olmadan həmin avtomobili idarə edərkən, yol-nəqliyyat hadisəsi baş vermişdir və nəticədə “MERCEDES BENZ E220” CDİ minik markalı, **-DK-*** dövlət nömrəli nişanlı avtomobillə toqquşaraq ona zərər vurmuşdur. Yolnəqliyyat hadisəsi zamanı həmçinin sözügedən avtomobilə cəmi 700 manat maddi zərər dəymişdir. Həmin məbləğ işdə olan sığorta aktına əsasən iddiaçı tərəfindən sözügedən zərərçəkmiş şəxsə ödənilmişdir. Həmçinin işə əlavə edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış ilə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Cavabdeh1 oğlu Cavabdeh2 təqsiri üzündən baş vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının icbari sığortalar haqqında qanunu 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Bu baxımdan məhkəmə hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırki halda cavabdeh sözügedən avtomobili atası Cavabdeh1 razılığı və onun iradə ifadəsinə uyğun olaraq idarə etməsi işin mübahisə olunmayan halıdır. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. (məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il tarixli, 4 saylı Bülletenində İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü bəndinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair sərgilədiyi mövqeyə əsaslanmışdır.) Məhkəmə qeyd edir ki, Cavabdeh2 avtomobili atası Cavabdeh1 razılığı və iradəsinə uyğun olaraq idarə edib. Belə ki, bu faktın əksi iş materialları ilə müəyyən edilmir. Beləliklə də məhkəmə hesab edir ki, 01 dekabr 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verərkən sözügedən avtomobilin mülkiyyətçisi Cavabdeh1 oğlu olaraq avtomobili idarə edən Cavabdeh2 həmin avtomobilə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” sayılmayıb və bu səbəbdən də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmamışdır.

Məhkəmənin gəldiyi nəticə. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar