Məhkəmə qərarları › İş №e-2(010)-2451/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2451/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2451/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.12.2020-ci il tarixli müqavilə üzrə Ütü Braun üçün 64 manat ödənilməmiş hissə, 6 manat cərimə, ümumilikdə 70 manat borc, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən etiraz daxil olduğu üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2451/2022 nömrəli iş üzrə qəbul etdiyi 17 may 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh "xxxx" MMC ilə 26.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Ütü Braun almış və nəticədə 70 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 196,2 manat olan Ütü Braun üçün ümumilikdə 70 manat olmaqla, ondan 64 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 132,2 manat təşkil edir. Cavabdeh əvvəlki məhkəmə iclasında bütün borcu ödədiyini bildirərək çeklər təqdim etsə də, tərəfindən məhkəməyə təqdim edilmiş yazışmalardan edilmiş çıxarışlardan görünür ki, cavabdehin çeklərindən birinin ƏDV kodu oxunmadığı üçün yenidən müraciət etmiş və ona müraciət etdiyi tarixdə, yəni 13.04.2021-ci il tarixdə yeni çek verilmişdir. Həmin çek əslində ödəniş deyil və sadəcə olaraq ƏDV üçün yenidən verilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 02.06.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, bacısı ütü götürəndə ona 1 ay ərzində ediləcək ödənişi, yəni 63,40 manat məbləği deyiblər. Bacısı da ütünün qiymətinin o qədər olduğunu hesab edərək alıb. Sonradan isə ütünün qiymətini öyrəndikdə geri qaytarmaq istəyib ancaq servisə getməsi bəhanəsi ilə götürməyiblər. Bu səbəbdən bacısı məcbur qalıb ödənişlərini edib. O ödəniş etdiyi üçün ona ƏDV qəbzi verilməlidir. Əgər ütüdə nəsə problem olsa, İqtisadiyyat Nazirliyi qəbz olmadan baxmır. İddiaçı tərəf də ona ƏDV qəbzini verməmişdi. Sonra dəfələrlə müraciət etdikdən sonra ƏDV qəbzinin whatsapp vasitəsi ilə şəklini çəkib göndəriblər. Göründüyü kimi o, bütün ödənişlərini etmişdir. İş materiallarına əlavə edilmiş: 26.12.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 196,2 manat olan Ütü Braun almışdır. 26.12.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Ütü Braun təhvil alınmışdır. Maliyyə və ödəniş cədvəlinə Cavabdehnun Ütü Braun üçün 64 manat ödənilməmiş hissə, 6 manat cərimə, ümumilikdə 70 manat borcu yaranmışdır. 29.03.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. 22.04.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 70 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izatında iddia tələbini qəbul etməyərək borcunu ödədiyini bildirsə də, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş çıxarışlardan görünür ki, cavabdeh 13.04.2021-ci il tarixdə ödəniş etməmiş, sadəcə olaraq ƏDV qəbzində problem olduğu üçün müraciət etdiyi 13.04.2021-ci il tarixdə yeni qəbz verilmişdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 70 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 26.12.2020-ci il tarixli müqavilə üzrə 64 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla, cəmi 70 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 26.12.2020-ci il tarixli müqavilə üzrə 64 manat ödənilməmiş hissə, 6 manat dəbbə olmaqla, cəmi 70 (yetmiş) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar